Zəfərə gedən yol...

Uşaqlar, gənclər qəhrəmanlarına bənzəməyə çalışırlar

Qarabağı ancaq milli ruhda böyüyən insanlar azad edə bilərdilər

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi 


“Şəhid olmuş hər bir insan, gənc bizim ürəyimizdə, Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq”.  Bunu Azərbaycan Prezidenti İlham Əliyev Zəngilanın erməni işğalından azad edilməsinin ildönümündə ölkəmizin bu dilbər guşəsinə etdiyi səfər zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə dedi. Dövlət başçısı həmişə olduğu kimi bu dəfə də nitqinə şəhidlərin əziz xatirəsini yad etməklə başladı: "Allah bütün şəhidlərimizə rəhmət eləsin. 

Biz torpaqlarımızı onların canı-qanı bahasına işğalçılardan azad etmişik. Şəhid olmuş hər bir insan, gənc bizim ürəyimizdə, Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Şəhidlərin adlarının əbədiləşdirilməsi üçün əməli işlər gedir, bundan sonra da gedəcək. Anım Günündə təşkil olunan yürüş bütün Azərbaycan xalqının birliyini göstərdi, şəhidlərimizin xatirəsinə olan hörmətimizi göstərdi. Yürüşdə aparılan portretlər mənim göstərişimlə gözəl bir xatirə kimi şəhid ailələrinə təqdim edildi. Çünki onlar bizimlə olmasalar da, bu Zəfər yürüşünə bizimlə bərabər çıxıblar. Yəni bütün Azərbaycan o gün orada idi. Onların ruhu bu gün şaddır. Onlar az yaşayıblar, dünyadan gənc gediblər, şəhid olaraq gediblər. Amma onlar hər zaman ürəyimizdə yaşayacaqlar.

 Sizin simanızda onların valideynlərinə mən Prezident, Ali Baş Komandan kimi öz təşəkkürümü bildirmək istəyirəm. Çünki doğrudan da bizim şəhidlərimiz şüurlu şəkildə ölümə gedirdilər. Hamımız yaxşı bilirik ki, ağır döyüşlərdə o istehkamları yarmaq, oradan keçmək, dağlara qalxmaq, dağlara dırmaşmaq, xüsusilə Şuşa əməliyyatı tarixdə bəlkə də misli görünməmiş qəhrəmanlıq nümunəsidir. Bunu ancaq milli ruhda böyüyən insanlar edə bilərdilər. Sizin kimi valideynlər onları milli ruhda böyüdüb Vətənə bəxş etdiniz. Onlar da öz həyatlarını Vətənə bəxş etdilər. Mən sizi ürəkdən təbrik edirəm, təşəkkürümü bildirirəm və qucaqlayıram, bağrıma basıram".

Cənab Prezidentin bu sözləri hər bir azərbaycanlının qəlbini qürur hissi ilə doldurur. Qürurluyuq ona görə ki, Azərbaycan gəncliyi özünü təsdiq etdi. Məhz müharibə meydanında, Vətənin müdafiəsində, torpaqlarımızı mənfur düşməndən azad etməklə, dövlətimizin ərazi bütövlüyünü qanı, canı bahasına bərpa etməklə. Vətənə bağlılıq, Vətən sevgisi əsasən genetik amillərə dayansa da, burada dövlət səviyyəsində aparılan işlər, təbliğat və təlim-tərbiyənin əhəmiyyəti də böyükdür. Məlumdur ki, hər il yanvarın 20-si Azərbaycanda 20 Yanvar faciəsi dövlət səviyyəsində qeyd edilir. O da məlumdur ki, yanvarın 20-si günahsız insanlar, əsasən də gənclər şəhid olsa da, həmin gün Azərbaycan tarixinə istiqlal yolunda atılan ilk addımdır. 

Biz bugünkü istiqlalımızı, müstəqilliyimizin bərpasını 20 yanvar şəhidlərinə borcluyuq.  Hər il Şəhidlər Xiyabanına insan seli axışır. İnsan selinin içində məktəbliləri, azyaşlı uşaqları görmək daha da qürurvericidir. Uşaqlar erkən yaşdan şəhidliyin, Vətən, azadlıq uğrunda ölümə atılmağın nə demək olduğunu 20 Yanvar şəhidlərinin timsalında öyrənirlər. Eləcə də məktəb dərsliklərində 20 Yanvar, Qarabağ şəhidləri, milli qəhrəmanlar barədə geniş məlumatlar verilir. Bu gün ölkədə elə bir vətəndaş tapılmaz ki, Milli Qəhrəman Mübariz İbrahimovu tanımamış olsun. Xüsusilə də uşaqlar, gənclər ona bənzəməyə, onun kimi olmağa çalışırlar. Gənc nəslin milli-vətənpərvərlik ruhunda tərbiyəsində bunlar əhəmiyyətli məsələlərdir. 

Cənab Prezidentin şəhidlərimizlə bağlı səsləndirdiyi fikirlərin önəmli olduğunu vurğulayan AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli “Şərq”ə açıqlamasında qeyd etdi ki, şəhidlik böyük məktəbdir:

- Şəhidlik hər kəsə nəsib olmayan hərbi-cihad məktəbidir. Şəhidlik ölməzlik zirvəsidir, təbii ki, bunu anlayanlar üçün. Cənab Prezidentin çıxışı zamanı belə önəmli bir məqama toxunması əlbəttə, əhəmiyyətlidir. Həm milli–vətənpərvərlik şüurunun inkişafı, vətənpərvərlik hisslərinin təbliğatı baxımından, həm də şəhid ailələrinə ehtiram, onların daim dövlətin qayğısı altında olduqlarını təsdiq etmək baxımından.  Bu gün (21 oktyabr) biz Beyləqan rayonunun Kəbirli kəndinə səfər etdik və Şəhidlər Xiyabanını ziyarət etdik.  Təkcə Kəbirli kəndindən Vətən müharibəsinə 300-ə yaxın gənc yollanıb.  Ən çox şəhid verən də bu kənddir – 21 şəhid. Dövlət başçısının, birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərə, müharibə qazilərinə necə hörmətlə yanaşdığı, ehtiram göstərdiyi bəllidir. Dövlət səviyyəsində şəhid ailələrinin təminatı, qazilərin müalicəsinin təşkil olunması, sosial müdafiələrini təşkili işi yüksək səviyyədə aparılır. Lakin təəssüf ki, bəzi məmurlar yerlərdə üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. Məsələn, ziyarət etdiyimiz Kəbirli kəndi Şəhidlər Xiyabanına elektrik enerjisi çəkilməlidir. Amma bu məsələ uzun müddətdir ki, yubadılır. Şəhidlər Xiyabanına qulluq edən, təmizlik işlərinə baxan işçinin sosial problemləri var, onlar həll edilmir. Dövlət siyasətini yerlərdə məmurlar gərəkən şəkildə icra etməlidir ki, bu günün yeniyetməsi, gənci dövlət qayğısı ilə əhatə olunduğunu görsün. Bizim gənclər vətənpərvərdilər. Şəhidlərə, qazilərə lazımi şəkildə qayğı göstərilməsi gənclərdə bu hissin daha da möhkəmlənməsinə xidmət edər.