“Böyük köç gələn ildən başlayacaq”


Yanvarın 24-də Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib. Sözügedən marşrutlar üzrə səfər etmək istəyən çoxsaylı vətəndaşlar olub. Belə ki, müraciətlər nəzərə alınaraq ilkin mərhələdə tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb. Artıq vətəndaşlar hər hansı məhdudiyyət olmadan istəniləm istiqamət üzrə səfərlər edə bilərlər.

Marşrutlar üzdə sərnişindaşımanı həyata keçirən sürücülər və avtobuslarda sərnişinləri müşayiət edən könüllülər mina təhlükəsizliyinə dair təlimlərə cəlb edilib. Onlara əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçaları təqdim olunub. Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdirilir, həmçinin hər bir oturacağın üzərinə təlimat broşürü yerləşdirilib. Səfər zamanı avtobusları Daxili İşlər Nazirliyinin əməkdaşları müşayiət edirlər.

İşğaldan azad olunmuş Şuşa və Ağdam istiqamətində səfərlərə start verilməsi ilə paralel olaraq Qarabağa "Böyük Qayıdış"ın nə vaxt reallaşacağına dair sual ortaya çıxır.

Köç prosesinin ləngiməsini "Sherg.az"a şərh edən  millət vəkili Aqil Abbas açıqlamasında bildirib ki, səfər edənlər məhdud marşrut xətti ilə hərəkət edirlər:

"Mina təmizlənməmiş əhalini həmin ərazilərə buraxmaq olmaz. Demək olar, hər gün minaya düşən maşın, yaxud insanlar görürük. Gərək ev tikilsin, şərait yaradılsın. Ardınca isə böyük köç baş tuta bilər. 

Ağdamda bir bina yoxdur, gedim harada yaşayım? Tikinti işləri hələ indi başlayır. Böyük köç gələn ildən başlayacaq. Prezident də deyib ki, gələn il Şuşaya köç baş tutacaq. Şəraitin yaradılmasını gözləməliyik".