Qarabağa tezliklə sülh gəlməlidir

Kreml bu dəfə göz görə-görə səhv etməyəcək

Buna görə də Rusiya xüsusi nümayəndə təyin etməklə Minsk qrupundan çıxdığını elan etmiş oldu

   Bir müddət əvvəl Rusiya tərəfi bəyan etmişdi ki, ABŞ və Fransa Rusiya ilə kontaktları Minsk qrupu çərçivəsində dayandırıblar. Rusiyanın xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayevin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının təşviqi üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilməsi Kremlin Minsk qrupu formatından uzaqlaşaraq xüsusi nümayəndəlik institutuna üstünlük verdiyini göstərir. Xüsusi nümayəndəlik institutu isə sırf Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsi ilə məşğul olacaq. Bu arada İrəvana səfər etmiş ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bris Rokfeyl də regiona tamam başqa statusla gəlib. 

Ermənistan rəsmiləri və KİV-i onu “MQ həmsədri” kimi təqdim etsələr də, Azərbaycan mediasına məlum olub ki, Rokfeyl İrəvana “MQ həmsədri” kimi yox, Fransa XİN-in Şərq Tərəfdaşlığı proqramı üzrə nümayəndəsi kimi səfər edib. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin Minsk qrupunun mandatının de-fakto etibarsız olduğu haqda fikrini bir daha təsdiqləyir. 

Siyasi şərhçi Turan Rzayev “Şərq”ə açıqlamasında bildirib ki, təyin edilən nümayəndənin Rusiyanın ATƏT-in Minsk qrupundakı sonuncu həmsədri İqor Xovayev olması diqqət çəkir. Ekspertə görə, rəsmi Moskva bununla ATƏT-in Minsk qrupundan çıxdığını rəsmən elan etmiş oldu: 

“Kremlin belə bir addım atacağı onsuz da bəlli idi. Məsələ ondadır ki, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov aprelin 8-də erməni həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında açıq demişdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransa bu format çərçivəsində Rusiya ilə əlaqə saxlamaqdan imtina ediblər. Digər tərəfdən də Brüssel görüşündə Avropanın vasitəçiliyi ilə real nəticələrin əldə edilməsi Kreml üçün arzuolunmaz nəticədir. Buna görə də Rusiya xüsusi nümayəndə təyin etməklə qrupdan ilk özünün çıxdığını elan etmiş oldu. İkincisi, Rusiya Bakı ilə İrəvan arasında yaradılan “ikitərəfli format”ı yaxından izləyir. Aprelin 11-də Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan arasında baş tutan telefon danışığı da bu formatın uğurlu nəticə verəcəyinə dair ümidləri artırır. Kreml onun da fərqindədir ki, “ikitərəfli format” Brüsselin vasitəçiliyi ilə müsbət nəticələr əldə edir. İndiki məqamda Rusiya Bakı ilə İrəvan arasında yaradılan “ikitərəfli format”ın əldə edəcəyi uğurlardan Brüsselin qazanclı çıxmasını istəmir. Digər tərəfdən, iki ölkə arasında mövcud münaqişələrin bütünlüklə həll edilməsi də Kremlin maraqlarına uyğun deyil. Rəsmi Moskva xüsusi nümayəndəsi ilə prosesə qoşulmaq, iki ölkə arasında mövcud gərginliyin Kreml moderatorluğunda yarımçıq həllini istəyir”. 

T.Rzayevə görə, indiki məqamda Bakı ilə İrəvan arasında yaradılan “ikitərəfli format” öz işini uğurla davam etdirir: 

“Real nəticələr, konstruktiv danışıqlar davam edir. Ermənistan tərəfi də mövcud reallıqları qəbul edir. Bununla belə Rusiyanı prosesdən kənarda saxlamaq mümkün deyil. Lakin neytrallaşdırmaq, hətta lehimizə veriləcək qərarlardan istifadə etmək mümkündür. Misal üçün, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov aprelin 8-də Moskvada erməni həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında Rusiyanın Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün lazım olan şəraitin yaradılmasına kömək etməyə hazır olduğunu qeyd edib. Buradan belə bir nəticəyə gəlmək olar ki, Kreml Brüssel görüşünün nəticələrini qəbul edir. İndiki məqamda Kreml istəsə belə prosesi dalana dirədəcək neqativ addımlardan çəkinməlidir. Kremlin atacağı neqativ addımlara Brüssel konstruktiv addımlar ilə cavab versə, bu, həm İrəvanın, həm də Bakının Moskvadan uzaqlaşmasına səbəb olacaq. Kreml göz görə-görə bu səhvi etməyəcək. Hesab edirəm, bu məqamdan öz lehimizə istifadə edə bilərik. 44 günlük müharibə sonrası imzalanan 10 noyabr bəyannaməsi ilə faktiki olaraq ATƏT-in Minsk qrupunun “fəaliyyəti” də bitmiş oldu. Hazırda qurum mandatsızdır. Bununla belə ATƏT-in Minsk qrupu büsbütün ləğv edilməyib. Həmsədrlərdən biri olan Rusiyanın formatdan çıxması hələ formatın ləğv edilməsi mənasına gəlmir. 

Digər həmsədrlərin də rəsmi Moskva kimi formatdan çıxdığını elan etməsinin ardınca ATƏT-in Minsk qrupunun ləğvindən danışmaq olar”.