Xankəndiyə az qaldı! - Qarabağdakı separatçıların sonu yaxınlaşır

 “Növbəti ildə Azərbaycan Xankəndi üzərində yuridiskiyasını bərpa edə bilər”. Bu barədə “Şərq”ə politoloq Məhəmməd Əsədullazadə deyib. Siyasi şərhçi bildirib ki, Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə keçirilən Azərbaycan və Ermənistan arasında danışıqlar müsbət nəticə verir: “Bu, Azərbaycanın diplomatik və siyasi uğurudur. Görüşün nəticəsi olaraq Ermənistan Baş naziri Nikol Paşinyanın parlamentdə 30 ildir ki, erməni cəmiyyəti və siyasi elitası üçün qəbul ediməyən ciddi mesajlar verməsi göstərir ki, İrəvan üçün əsas çıxış yolu Azərbaycanla normal əlaqələr qurmaq və Qarabağ iddialarından əl çəkməkdir.

Artıq Ermənistan Azərbaycanla Qarabağ məsələsini ərazi bütövlüyü çərçivəsində müzakirə edəcək. Demək olar ki, rəsmi İrəvan “status” məsələsindən geri çəkildi. “Artsax respublikası”nın Ermənistan üçün bitdiyi vurğulandı. Ermənistan Beynəlxalq müstəvidə bu məsələni müzakirə etməyəcək. Hazırda Qarabağdakı bir qrup separatçılar Moskvaya üz tutub. Rusiyanın bir qrup separatçılara görə, Azərbaycan və Türkiyə ilə münasibətlərini gərginləşdirməsi Kreml üçün ağılsız olar və proseslər əleyhinə işləyə bilər. Rusiyada reallıqları qəbul etmək məcburiyyətindədir. Moskva Minsk qrupundakı nümayəndəsini Ermənistan və Azərbaycan arasında əlaqələr üzrə təyin etsə də proseslər Brüssellə davam edəcək. Moskvanın fəaliyyəti pozuculuq xarakterli olduğu üçün Bakı və İrəvan Moskvadan məsafəli davranacaq”. 

Analitikin fikrincə, Paşinyanın Rusiya səfəri öncəsi parlamentdə çıxışını Moskvaya mesaj kimi xarakterizə etmək olar: 

“Məhz parlamentdə Rusiyanın Qarabağla bağlı təklif etdiyi siyasətini Paşinyan qəbul etməyəcəyi anonsunu verdi. Bundan sonra, Rusiya və Ermənistan arasında münasibətlər gərgin  müstəviyə keçir. Təbii ki, Moskvanın təzyiqləri fiaskoya uğrayır. Azərbaycanla Ermənistanın sülh bağlaması bu ölkəni Rusiyanın forpostu olmaqdan xilas edəcək. 

Bunu dolayı yolla Paşinyan erməni cəmiyyətinə ötürdü. Qarabağdakı separatçıların sonu yaxınlaşır. Onların Rusiyaya “birləşməsi” kimi çağırışları ciddi əhəmiyyət kəsb etmir. 

Azərbaycan Rusiyanın da Qarabağ planını pozur. Ermənistanla sülh müqaviləsi bağladıqdan sonra Xankəndidə Azərbaycanın suverenliyi bərpa ediləcək. Araik Arutyunyan və onun ətrafında olan separatçıların yaxın müddətdə Qarabağı tərk etməsi istisna deyil. 

Prezident İlham Əliyevin bu istiqamətdə siyasəti öz müsbət məntiqi ilə davam edir. Regionda yeni geosiyasi reallıqlar Azərbaycanın maraqlarına uyğun olaraq həyata keçirilir”.