Toplantıların Şuşada keçirilməsinin psixoloji əhəmiyyəti var



Düşmənlərimiz xüsusən dünya azərbaycanlılarının ora toplaşacağını bildikdə daha çox nəticə çıxartmalı olurlar

Aprelin 21-25-də işğaldan azad olunmuş Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı keçiriləcək. Önəmli tədbirin təşkili ilə bağlı hazırlıq işləri başa çatmaq üzrədir. Diasporla İş üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edəcək. Dünya Azərbaycanlılarının V Qurultayı onunla əlamətdardır ki, torpaqlarımızın işğaldan azad olunduğu dövrə təsadüf edir. Tədbirin Şuşada keçirilməsi isə böyük tarixi əhəmiyyət və rəmzi məna daşıyır. 
Qurultayın Şuşada keçirilməsi qərarı ilə bağlı “Şərq”ə danışan millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib ki, Şuşada verilən bütün bəyanatların, keçirilən tədbirlərin ilk növbədə psixoloji əhəmiyyəti var. Deputat vurğulayıb ki, Şuşanın çevrəsi düşmənlə əhatələnib: “Düşmənlərimiz hər dəfə Şuşada hansısa tədbirin keçiriləcəyini eşitdikdə, xüsusən dünya azərbaycanlılarının ora toplaşacağını bildikdə daha çox nəticə çıxartmalı olurlar. Ona görə də səslənən bəyanatların məzmununun o qədər əhəmiyyəti yoxdur. Əlbəttə, bəyanatlar, verilən mesajlar ümumən, birlik və həmrəylik baxımından vacibdir. Amma əsas məsələ mesajların məhz Şuşadan verilməsidir. Bəyanatların Şuşadan səslənməsinin təsiri, effekti çox böyük olur. Əminəm ki, belə məsələlər erməni mühitinə öz zərbəsini vurur. Xüsusən, zəhərlənmiş erməni zehniyyəti Azərbaycanın gücü qarşısında daha çox psixoloji sarsıntı keçirir. O baxımdan tədbirləri davamlı reallaşdırmaq lazımdır. Belə tədbirlər bütün hallarda Şuşanın özümüzünkiləşdirmə tendensiyasına, Azərbaycanın ayrılmaz tərkib hissəsi olması fəlsəfəsinə əlavə çalarlar gətirir. Həm də ermənilərə anladılır ki, onlar bu zehniyyətlə torpaqlarımızda yaşaya bilməyəcəklər. Ümumən, diaspora fəaliyyəti xeyli canlanıb. V Qurultayın Şuşada keçirilməsi Diaspora Komitəsinin doğru seçimidir. Şuşa aurasından sonra xarici ölkələrdə yaşayan soydaşlarımızın Vətən duyğusu daha da artacaq”.