Şuşada keçiriləcək qurultay dünyaya səs salacaq

Diasporumuzun fəaliyyəti Vətən müharibəsi dövründə uğurlu nəticəsini verib

Bu toplantı xaricdə yaşayan soydaşlarımızın, mövcud təşkilatların fəaliyyətinin koordinasiyası, milli həmrəylik və birlik ideyasının reallaşdırılması işinə də öz gələcək töhfəsini verəcək

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;


   Diasporumuzun təşkilatlanması və vahid ideya ətrafında birləşməsi istiqamətində mühüm addımlar atılıb. Məhz bunun nəticəsidir ki, diasporumuz Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında yaxından iştirak edir, milli maraqların qorunması işində səmərəli fəaliyyət ortaya qoyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçərək dünyada öz sözü və yeri olan dövlətə çevrilib. Bu məqam xaricdə yaşayan soydaşlarımıza əlavə güc verir, uğurlarımızı daha da möhkəmləndirmək naminə səyləri artırmağa sövq edir. Xüsusən 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdə, Qarabağın işğaldan azad edilməsində milli birliyimizin və həmrəyliyimizin rolu danılmazdır. Müasir dünyanın çağırışları yeni diaspor strategiyasını zəruri etdiyindən 2018-ci ildə işlənib hazırlanmış “Strateji Yol Xəritəsi”nin icrası istiqamətində mühüm addımlar atılmaqdadır. Yeni strategiyaya uyğun olaraq ilk növbədə diaspor fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və inkişaf etdirilməsi məqsədilə bir sıra layihələr həyata keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) rəsmi internet saytı yeni tərtibatda, üç dildə fəaliyyət göstərir. Müasir dövrün tələblərinə uyğun olaraq sosial şəbəkələrə diqqət artırılır, xaricdəki azərbaycanlı uşaqlar üçün onlayn Azərbaycan dili dərsləri təşkil edilir. Həmçinin xaricdə ölkəmizin təbliğatını və sosial mediada işini gücləndirmək məqsədilə diaspor təşkilatlarına informasiya-kommunikasiya texnologiyaları sahəsində tam ödənişsiz texniki dəstək həyata keçirilir. Diasporumuzun akademik səviyyəyə qaldırılması məqsədilə əsasən alimlər, iş adamları, yaşadıqları cəmiyyətin mədəniyyətinə, incəsənətinə töhfə vermiş soydaşlarımızla əməkdaşlığın qurulmasına və genişləndirilməsinə üstünlük verilir. Xüsusən gənclərlə aparılan ideoloji fəaliyyət gücləndirilir. 2018 və 2019-cu illərdə 54 ölkədən 265 gəncin iştirakı ilə yay düşərgələri təşkil olunub. “Azərbaycan Diaspor Gəncləri” şəbəkəsi formalaşdırılıb və Brüsseldə Qış Məktəbi keçirilib. Almaniya, Fransa, Türkiyə, Ukrayna və Gürcüstandakı gənc soydaşlarımızın ölkəmizə səfəri təşkil olunub. Dövlət qurumlarında, təhsil ocaqlarında görüşləri keçirilib. Diaspor fəaliyyəti istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində atılan addımlar dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da gücləndirib. Dövlətimizin düşünülmüş diaspor siyasəti nəticəsində xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. İndi soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayırlar. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında yüksək fəallıq göstərirlər. Dünya Azərbaycanlılarının V Qurultayının azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq dövrünə təsadüfi etməsi, xüsusən Azərbaycanın mədəniyyət paytaxtı hesab olunan Şuşada keçirilməsi barədə qərarın tarixi əhəmiyyəti və rəmzi mənası var. 

Millət vəkili, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov “Şərq”ə açıqlamasında bildirib ki, dünya azərbaycanlılarının təşkilatlanması və diaspor quruculuğu məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Deputat xatırladıb ki, ümummilli lider 2001-ci il mayın 23-də “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamın imzalanması dünya azərbaycanlılarının təşkilatlanması işinə çox mühüm töhfə olub: 

“Diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin etmək məqsədi ilə mühüm addımlar atılıb. 2002-ci il iyulun 5-də verilmiş Fərmanla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədəki mövcud problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa imkan verib. Eyni zamanda Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində cəmləşdirib. Ulu öndər Heydər Əliyevin hər bir sahədə siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin bu istiqamətdə xidmətləri danılmazdır. Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, dünya azərbaycanlılarının 2006-cı ildə II, 2011-ci ildə III, 2016-cı ildə lV qurultayları keçirilib. Prezident qurultayların hər birində geniş nitqlə çıxış edərək, dünya azərbaycanlılarının davamlı olaraq təşkilatlanması və diaspor fəaliyyətinin müasir dövrün tələbləri əsasında qurulması ilə əlaqədar mühüm tapşırıq və tövsiyələrini verib. Dünya azərbaycanlılarının qurultaylarında Azərbaycan həqiqətlərini özündə əks etdirən bir çox mühüm qərar və müraciətlər qəbul olunub. Ermənistanın ölkəmizə qarşı təcavüzünün dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün bir sıra vəzifələr müəyyənləşdirilib. Həyata keçiriləcək tədbirlər və görüləcək işlər isə dövlət başçısının Sərəncamı ilə 2008-ci il noyabrın 19-da adı dəyişdirilərək fəaliyyəti təkmilləşdirilən Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən koordinasiya olunub. 2018-ci ildə yeni “Strateji Yol Xəritəsi”nin işlənib hazırlanması və icrası nəticəsində bu sahədə bir çox uğurlara imza atılıb. Yol xəritəsinə uyğun olaraq diaspor fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və inkişafı əsas vəzifələrdən biri kimi qarşıya qoyulub. Son 4 ildə 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurası və 12 ölkədə 18 Azərbaycan Evi yaradılıb ki, bu da həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsidir”. 
Parlament üzvü bəyan edib ki, dünyada yaşayan azərbaycanlıların təşkilatlanması və diaspor fəaliyyətinin genişləndirilməsi işinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu da çox mühüm töhfələr verib: 

“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ” Azərbaycan məktəbləri təsis olunub. Hazırda həmin məktəblərdə 250-dən artıq azərbaycanlı uşaq həmin məktəblərdə ana dilində təhsil alır. Dünya azərbaycanlılarının təşkilatlanması və diaspor fəaliyyətinin dövlət tərəfindən davamlı olaraq nəzarətdə saxlanılması, bu istiqamətdə lazımi işlərin həyata keçirilməsi Vətən müharibəsi dövründə uğurlu nəticəsini verib. Dünyanın 30-dan çox ölkəsində keçirilən aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak ediblər. Bundan əlavə, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı tərəfindən müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərilib. Dünya Azərbaycanlılarının V Qurultayı artıq ərazi bütövlüyü təmin edilmiş Azərbaycanda, özü də ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçiriləcək. Bu tədbirin Şuşada keçirilməsinin çox böyük tarixi əhəmiyyəti və rəmzi mənası vardır. Dünya azərbaycanlıları V Qurultayda bütün dünyaya bir daha nümayiş etdirəcəklər ki, haqq-ədalət öz yerini tapıb və Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu reallığı isə Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş və qətiyyətli siyasəti mümkün edib. Şuşa şəhərində keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayı, həmçinin xaricdə yaşayan soydaşlarımızın, mövcud təşkilatların fəaliyyətinin koordinasiyası, milli həmrəylik və birlik ideyasının reallaşdırılması işinə də öz gələcək töhfəsini verəcək”.