Şuşa ruhu, milli kimliyi olan şəhərdir


Onun adından istifadənin xüsusi qanunla tənzimlənməsi zəruri idi

Şuşa şəhərinin adından istifadə edilməsi qaydası müəyyənləşir. Bununla bağlı “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, qanunlar və müvafiq qurumlar tərəfindən müəyyən edilən hallar istisna olmaqla, “Şuşa” sözündən istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir. Yəni bundan sonra media subyektlərinin, mükafat və təltiflərin, o cümlədən idman və digər yarışların, festivalların, sərgilərin adlarında “Şuşa” adından özbaşına istifadə mümkün olmayacaq. Həmçinin, kommersiya və reklam məqsədilə də “Şuşa” sözünün icazəsiz tətbiqi qadağan olunur. 

Qanuna nəzərdə tutulan dəyişikliklə bağlı “Şərq”ə danışan millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu deyib ki, Şuşa şəhərinin adından istifadə qaydalarının müəyyənləşməsi Azərbaycanın mədəni və mənəvi paytaxtı olan Şuşa şəhərinin ad xaosundan, sui-istifadə hallarından qorunması üçün çox vacibdir. Deputatın sözlərinə görə, bu dəyişikliklə xalqımızın yaddaşında milli sərvətimiz kimi assosiasiya olunan Şuşa adının şəxsi mənfəət, kommersiya marağı, yaxud informasiya manipulyasiyası qismində istismarı mümkün olmayacaq:

“Qanun buna yol verməyəcək. Xüsusi coğrafi mövqedə yerləşən Şuşa şəhərinin xüsusi döyüş taktikası ilə qəhrəmancasına işğaldan azad edilməsi həm Azərbaycan, həm də dünya hərb tarixində bənzəri olmayan hadisədir. Şuşanı qəhrəman Azərbaycan əsgəri heç bir ağır silah işlətmədən, əlbəyaxa döyüşlə azad edib. Çünki Ali Baş Komandanın məqsədi doğma və əziz şəhərimizi dağıntıya məruz buraxmadan azad etmək idi. Şuşa ruhu, milli kimliyi olan bir şəhərdir. Ona görə də Prezident İlham Əliyev bu şəhərə bir “səxs” kimi xitab edərək, “Əziz Şuşa sən azadsan”, “Əziz Şuşa, biz səni dirçəldəcəyik” deyirdi. Bütün bunlar Şuşa adının müqəddəsliyini göstərməklə yanaşı, onun adından istifadənin xüsusi qanunla tənzimlənməsini zəruri edir”.