Elə bir Ağdam qurulacaq ki... 

"Bütün dünya üçün örnək olacaq. “Ruhlar şəhəri” möcüzələr diyarına çevriləcək, Ağdam əvvəlki əzəmətini bərpa edəcək" 


İyulun 23-ü artıq azadlığına qovuşmuş Ağdamın 1993-cü ildə işğala məruz qalmasının 29-cü ildönümü tamam olacaq. 29 il öncə Ağdam erməni işğalçıları tərəfindən zəbt olunmuşdu. 1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücüm əməliyyatlarını genişləndirmək imkanı vermişdi. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qalsa da, ermənilər qüvvələrini Ağdərə istiqamətində cəmləşdirə bilmişdi. İyun ayının 26-da Ağdərə düşmən əlinə keçmişdi. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başlamış və rayonu işğal etməyə başlamışdılar. Çoxminlik erməni-rus ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın milli ordusu qeyri-bərabər döyüşdə 42 gün tab gətirə bilmişdi. Nəticədə ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, bir şəhər və 80 kəndi işğal olunmuşdu. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insane şəhid olmuşdu. Heç şübhəsiz, Ağdamın işğalına şərait yaradan amillərdən ən mühümü dövrün siyasi hakimiyyətinin səriştəsizliyi idi. 1992-93-cü illərdə AXC-Müsavat cütlüyü ölkədə qayda-qanun yaratmaq, xüsusilə müstəqilliyimizi qorumaq iqtidarında deyildi. AXC-Müsavat iqtidarının xarici siyasəti də bərbad vəziyyətdə idi. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan bu dəstə bütün dövlətlərlə, xüsusilə qonşularla münasibətləri korlamış, Azərbaycanı təcrid vəziyyətinə gətirmişdi. Bu isə ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, ən nəhayət torpaqlarımızın işğalı ilə nəticələnmişdi. 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad etdi.

 İşğaldan azad olunan şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun möhtəşəm qələbəsi ilə başa çatdı. İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkildilər. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edildi. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Beləliklə, 10 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırıldı. Bəyanatın ikinci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycana qaytarıldı. Bununla da 27 il işğal altında olan Ağdam şəhəri qəsbkarlardan azad edildi. Həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldıldı. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 29-da və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olundu. Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. Ağdamın Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin kəsişməsində yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir. Ağdamın yol-nəqliyyat infrastrukturu da tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Hələ Prezident İlham Əliyev Ağdama ilk səfəri zamanı bildirmişdi ki, bu tarixi torpağımız yenidən qurulacaq və dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək: “Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik..”. Bəli, arzularımız, niyyətlərimiz gerçəkləşir. Dövlət başçısının söylədiyi kimi, elə bir Ağdam qurulacaq ki, bütün dünya üçün örnək olacaq. “Ruhlar şəhəri” möcüzələr diyarına çevriləcək, Ağdam əvvəlki əzəmətini bərpa edəcək. 


Millət vəkili, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov “Şərq” açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tariximizin ən parlaq qələbəsini qazanaraq torpaqlarımızı işğaldan azad etdi, erməni quldurlarını ərazilərimizdən qovdu. 
Deputat bildirib ki, Vətən müharibəsinin strateji müəllifi Ali Baş Komandan İlham Əliyevdir: 

“Məhz dövlət başçısı cənab İlham Əliyevin illər ərzində qurduğu, formalaşdırdığı güclü iqtisadiyyat, müstəqil siyasət Azərbaycanımızı daha da qüdrətli hala gətirdi. Azərbaycan bütün sahələrdə milli maraqlarına uyğun siyasət yürütməyə başladı. Paralel olaraq, iqtisadiyyatımız gücləndikcə Ordumuz da gücləndi. Ordu quruculuğumuz sürətləndi. Ən əsası isə Azərbaycanda vətənpərvər gənclik yetişdi.

44 günün nəticəsi olaraq Ermənistan 10 noyabr 2020-ci il tarixində üçtərəfli Bəyanata, eyni zamanda kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. 

Beləliklə üç rayondan biri olan Ağdam anlaşmaya əsasən, 20 noyabr tarixində erməni işğalçılarından təmizləndi. Bir güllə belə atılmadan, şəhid verilmədən Azərbaycanın əzəli torpağı Ağdam rayonu 27 ildən sonra azadlığa qovuşdu. Bu məqam çox-çox önəmlidir. Əlbəttə, bununla yanaşı, biz 1993-cü ilin 23 iyul tarixini, ermənilərin Ağdamı işğal etməsini də heç vaxt unutmamalıyıq və unutmayacağıq. 
Bundan sonra Azərbaycan dövləti, xalqı, ordusu qalib dövlət, xalq və ordu kimi tarixdə qalacaq. Xalqımız öz torpaqlarımızda əbədi yaşayacaq”.