Qarabağa silah daşıyan avtomobil karvanı saxlanıb

Azərbaycan əsgərləri Rusiya sülhməramlılarına aid 1 ədəd 82A zirehli maşın və 3 ədəd “Ural” markalı avtomobili dayandırıb

"Prosesin qarşısını önləmək və vəziyyətə nəzarəti ələ almaq üçün erməni terrorçuların yeni səngərinin havaya uçurulmasından başqa yol yoxdur"

  Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan əraziyə icazəsiz silah daşınması cəhdinin qarşısı alınıb. Azərbaycan əsgərləri icazəsiz silah daşıyan Rusiya sülhməramlılarının avtomobil karvanını saxlayıblar. Ordumuzun nəzarət buraxılış məntəqəsində Rusiya sülhməramlılarına aid 1 ədəd 82A zirehli maşın və 3 ədəd “Ural” markalı avtomobil yoxlanılması üçün dayandırılıb. Avtomobillərə baxış zamanı birinin yük hissəsində yataq döşəkləri arasında 5 ədəd avtomat aşkar edilib. Qaydaları kobud şəkildə pozaraq silah-sursatı qanunsuz daşıdığına görə, avtomobil karvanı nəzarət buraxılış məntəqəsindən buraxılmayıb.

  Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə deyib ki, rusların Qarabağa qanunsuz silah daşınmasına şərait yaratdığı bəlli məsələdir:

 “Bu fakt silahın birbaşa sülhməramlılar tərəfindən daşındığını təsdiq edir. Karvanın saxlanılması Bakının bölgədə nəzarəti gücləndirməsindən xəbər verir. Bu hadisənin dövlət başçısı İlham Əliyevin son xəbərdardarlığından sonra olması da diqqətçəkən məqamdır. Onu da qeyd edim ki, erməni terrorçular Xocalıda rus sülhməramlılarının gözü önündə səngər qazırlar. Azərbaycan Ordusunun xəbərdarlıq atəşindən sonra əraziyə sülhməramlılar gəlib, lakin iş dayandırılmayıb. Rusların müşayiəti ilə gecə saatlarına qədər qazıntı işləri aparılıb. İrəvanın “erməni qoşunlar Qarabağdan çıxarılır” açıqlaması fonunda baş verən bu hadisə o deməkdir ki, erməni qoşunların bir neçə birliyi bölgədən çıxarılsa belə, əsas qüvvələri saxlamağa çalışacaqlar. Separatçılar “müdafiə xəttini” gücləndirməyə hazırlaşırlar. Ruslar separatçı-terrorçu rejimin mövcudluğunu qorumaq üçün onların “müqavimət” fəaliyyətinin güclənməsinə şərait yaradırlar. Prosesin qarşısını önləmək və vəziyyətə nəzarəti ələ almaq üçün erməni terrorçuların yeni səngərinin havaya uçurulmasından başqa yol yoxdur”.