Qarabağda anti-terror əməliyyatına başlamaq zamanıdır

Ermənistan tərəfinin ziddiyyətli açıqlamaları Azərbaycana son addımı atmaq üçün hüquqi əsaslar yaradıb

  Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan hissəsində Ermənistan hərbi birliklərinin olması faktını tamamilə təkzib edib. Erməni və rus mediası iki gündür onun əsassız iddialarını təbliğ etməklə məşğuldur. Məsələ ondadır ki, Ermənistanın Baş Qərargah rəisinin müavini Qarabağa bundan sonra çağırışçıların deyil, muzdlu əsgərlərin göndəriləcəyini və oradakı həqiqi hərbi xidmətçilərin müqaviləli hərbçilərlə əvəzlənəcəyini bildirir. 

Azərbaycanın kəskin etirazından sonra Ermənistan TŞ katibi Armen Qriqoryan Qarabağdakı Ermənistan hərbçilərinin çıxarılacağını rəsmən elan edir. Ancaq tatoyanlar media təbliğatçıları ilə birləşib bunu təkzib etməyə çalışırlar. Ən qəribəsi isə budur ki, bu məqamda Azərbaycan ittiham edilir. Tatoyan bildirir ki, bu yalançı ideyanı ancaq Azərbaycan təbliğ edir. Tatoyan deyir ki, guya, Azərbaycan bu təbliğatı aparmaqla güc tətbiqinə əsaslar hazırlayır. Halbuki, Ermənistan 10 noyabr 2020-ci il bəyanatının tələbini bir il 9 aydır icra etmədiyini ən yüksək səviyyədə etiraf edib. Rus sülhməramlıların yerləşdirilməsi ilə paralel olaraq erməni hərbi birlikləri Azərbaycan ərazisini tərk etməli idi. Erməni tərəfi iddia edir ki, guya, Qarabağda yaşayan ermənilərin “özünümüdafiə qüvvələri”nin onlara aidiyyəti yoxdur. Yəni sabah Qarabağda erməni əsgərə rast gələriksə, bu, Ermənistan deyil, Qarabağa sülhməramlıların köçürüb gətirdiyi və yaşamaları üçün günlük qida təminatını ödədiyi, humanitar yardım etdiyi ermənilər olacaq. Dolayı yolla Ermənistan hərbi birliklərinin Qarabağdan tam çıxmayacağını, görüntü naminə bəzi qüvvələrin çıxacağını deyir. 

  AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli “Şərq”ə bildirib ki, ermənilər Azərbaycana qarşı əllərində qalmış ən son vasitədən, informasiya savaşından istifadə edirlər. Partiya təmsilçisinə görə, belə bəyanatlar həm də daxili auditoriyanı sakitləşdirmək üçün vacibdir:

 “Məqsədli şəkildə bu cür absurd versiyalar ortaya atılır. İrəvan rəsmən bəyan edir ki, Ermənistana məxsus hərbi qüvvələr sentyabr ayınadək Qarabağ ərazisindən çıxarılacaq.

 Lakin bir sıra erməni siyasətçiləri, media strukturları iddia edirlər ki, Ermənistan silahlı qüvvələri Qarabağı tərk edəcək. Ancaq qondarma rejimin separatçıları, qanunsuz silahlı qruplaşma orada qalacaq. Yaxud da bildirirlər ki, muzdlu erməni silahlıları Qarabağda saxlanılacaq. 

Düşünürəm ki, rəsmi açıqlamadan sonra Ermənistan tərəfindən belə bəyanatların gəlməsi yolverilməzdir. Azərbaycan üçün artıq bütün imkanlar yaranır ki, Qarabağda anti-terror əməliyyatına başlasın. 

Bunun üçün hüquqi əsaslarımız kifayət qədərdir. Sadəcə, rəsmi Bakı Rusiya sülhməramlıları faktorunu nəzərə alaraq, səbr göstərdi, təmkinli davranış sərgilədi. Ancaq hər səbrin sonu var. İlin sonuna qədər Qarabağda nəinki təkcə Ermənistana məxsus ordu birləşmələri, ümumiyyətlə heç bir silahlı erməni qalmamalıdır”.