Azərbaycanın təbii sərvətləri talanır


Şuşa-Xankəndi yolundakı dinc aksiya Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir

  Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Laçın yolunda aksiyanı davam etdirirlər. Aksiyaçılar ekoloji terrora son qoyulması, yataqlarda monitorinq keçirilməsi tələbləri ilə şüarlar səsləndirirlər. Bundan başqa, etirazçılar bildirirlər ki, Rusiya sülhməramlılarının olduğu bütün postlarda xidmət Azərbaycanın aidiyyəti dövlət qurumları ilə birgə təşkil edilməlidir. Şüarlarda Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələbi də səsləndirilir. Aksiya iştirakçılarına ictimai dəstək isə günbəgün artmaqdadır. Ekologiya, geologiya və digər sahələr üzrə alimlər, ekspertlər, tələbələr, vətəndaş cəmiyyətinin təmsilçiləri aksiyaya qoşulurlar, səsləndirilən tələblərə dəstək verirlər. Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildirirlər. Xatırladaq ki, faydalı qazıntı yataqları, o cümlədən "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması üzrə işçi qrup yaradılıb. Cari il dekabrın 3-dən etibarən İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Əldə olunan ilkin razılaşmaya baxmayaraq, sonradan ekoloqların Azərbaycan torpaqlarında sərbəst monitorinq aparmasına icazə verilməyib. Nümayəndə heyətinin fəaliyyətinə süni maneələr yaradılıb. Bundan sonra ekofəallar və QHT nümayəndələri Şuşa-Xankəndi yolunda dinc aksiyaya start veriblər. Şübhəsiz, etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Azərbaycanın təbii sərvətlərinin talan edilməsi və ətraf mühitə ciddi ziyan vurulması yolverilməzdir. Vətəndaş cəmiyyətinin nümayəndələri talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışırlar. Əfsuslar olsun ki, Ermənistan başda olmaqla onları himayə edən bir sıra ölkələr, qərəzli beynəlxalq dairələr rəsmi Bakını əsassız ittiham edir, Azərbaycanı "Laçın yolunu bağlamaqda" ittiham edirlər. Əlbəttə, erməni tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə "humanitar fəlakət" yaşanması, "etnik təmizlənmə" həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti əks etdirmir. Azərbaycanın məqsədi ekoloji terrora son vermək və Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadəsinin qarşısını almaqdır. Azərbaycan fəallarının sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Aksiya səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə qətiyyən maneçilik törədilməyib. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə hələki inteqrasiya olunmayıb. O da qeyd olunmalıdır ki, 3 ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb. 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur. 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat-kommunikasiya yollarının açılmasına maneçilik törədilir. 

  Laçın yolundakı aksiyaya xaricdən də dəstək gəlməkdədir. Aksiyanın başladığı gün Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış analitik Sergey Markov azərbaycanlı fəalların haqlı olduğunu bildirib. Markov Ermənistan tərəfini Qarabağda vəziyyəti gərginləşdirməkdə ittiham edib: “Son zamanlar Qarabağda vəziyyət gərginləşməyə başlayıb. Azərbaycanlı ekoaktivistlər haqlı olaraq Ermənistan hakimiyyətindən təxribatları dayandırmağı tələb edirlər. Qarabağ ərazisindən qanunsuz qızıl ixracını dayandırmağı tələb edərək Şuşa rayonunda sakit aksiya keçirirlər. Biz bunu Qarabağın təbii sərvətlərinin işğalçılar tərəfindən mənimsənilməsi kimi qiymətləndiririk. Ermənistanın da bunu etməkdə səbəbləri var. Ermənistan başa düşür ki, tezliklə Qarabağı tərk edəcəklər. Buna görə də Qarabağdakı zəngin resursları talamaqla və resurs ixracını artırmaqla məşğuldur”. Bundan əlavə, Rusiya prezidentinin eks-müşaviri Moskvadan Qarabağa köçən milyarder Ruben Vardanyanın Qarabağda talançılıqla məşğul olduğunu söyləyib: “Milyarder, aktivist olan Vardanyan burada Azərbaycanın təbii sərvətlərini talamaqla məşğuldur. Buna görə də onlar layiqli cavablarını almalıdırlar. Hər kəsə bəllidir ki, Qarabağ Azərbaycan torpağıdır və belə olaraq qalacaq. Bunu heç bir qüvvə dəyişdirə bilməz”. 

  Hudson İnstitutunun böyük elmi işçisi Maykl Doran tviterdə yazıb ki, Xankəndi blokadaya alınmayıb, sadəcə, dünyanı çaşdırmağa çalışırlar. 

O bildirib ki, Azərbaycanın Xankəndi şəhəri ilə Ermənistan arasında hərəkət edən təcili yardım maşınları real vəziyyəti əks etdirməyən böyük şounun bir parçası olmaqla yanaşı, həm də “sərt blokada”nın olmadığının göstəricisidir. Doran təcili yardım maşınlarının və Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin Laçın yolu ilə Xankəndiyə və geriyə sərbəst şəkildə hərəkət etdiyini göstərən videogörüntüləri də paylaşaraq yazıb: "Xankəndidə həkim yoxdur? Təcili yardım maşınları ancaq Ermənistandan gələ bilər? Yaxşı görək. Bu təcili yardım maşınları dar düşüncəli insanlar üçün nəzərdə tutulmuş böyük şounun bir parçasıdır. Siz də bunu bilirsiniz, mən də bilirəm". Hudson İnstitutunun böyük elmi işçisi Türkiyə və Azərbaycan ilə münasibətlər normallaşdırıldıqdan sonra erməni xalqının daha yaxşı yaşayacağını vurğulayıb. 
  Moldovanın "The Business" jurnalının əməkdaşı Natalya Uzun azərbaycanlıların Laçın yolunda keçirdikləri aksiyanı dəstəklədiyini söyləyib: "Dünyanın hansı yerində olmasından asılı olmayaraq, ekoloji fəlakəti qınayıram. Ümid edirəm ki, bunun qarşısı tez bir zamanda alınacaq, azərbaycanlı ekoaktivistləri dəstəkləyirəm. Mən Şuşada olmuşam, Qarabağda olmuşam. Gözəl təbiətin məhv edilməsinə qarşıyam”. 
  Qarabağda təşkil olunan aksiyaya növbəti dəstək qardaş Pakistandan gəlib. Belə ki, Pakistanın “Gənclər Diplomatiya Forumu” və “Dayanıqlı İnkişaf üzrə Qlobal Strategiya İnstitutu” ictimai təşkilatları Şuşadan keçən Xankəndi-Laçın yolu ətrafında yaranmış vəziyyətlə əlaqədar azərbaycanlı fəalların dəstəyinə qoşulub. Dayanıqlı İnkişaf üzrə Qlobal Strategiya İnstitutunun yaydığı bəyanatda deyilir: "Ətraf mühitin monitorinqi ekoloqlar və ekofəallar tərəfindən aparılmalı və bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilməlidir. Biz nəyin bahasına olur-olsun, azərbaycanlı ekofəallar üçün təhlükəsizlik təminatlarının verilməsini, həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə riayət olunmasını və həyata keçirilməsini tələb edirik. 

Bu, yalnız ekoloji terrorun dayandırılması və günahkarların məsuliyyətə cəlb edilməsi halında mümkündür ki, bu da regionda sülhün qorunmasına kömək edəcək”.

  Rusiya Federasiyası Dövlət Dumasının Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə Komitəsinin üzvü Dmitri Savelyev Konstantin Zatulinin Laçın dəhlizində baş verən hadisələr haqqında fikirlərini tənqid edib. Savelyev Zatulinə Rusiyanın rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və vəziyyətə bu prizmadan baxılmalı olduğunu xatırladıb: "Mövcud razılaşmalara baxmayaraq, qanunsuz erməni silahlı birləşmələri Qarabağdan çıxarılmayıb, bu da özlüyündə gərginliyə səbəb olur. Sülhməramlılarımız haqqında yayılan feyk xəbərlərə gəlincə, onlar açıq-aydın reallığa uyğun gəlmir. Sülhməramlıların Azərbaycan hakimiyyəti ilə qarşılıqlı əlaqəsi konstruktiv əsasda qurulur və gündəlik rejimdə həyata keçirilir”. O qeyd edib ki, Rusiya sülhməramlıları bütün imzalanmış razılaşmaları yerinə yetirərək vəziyyətə nəzarət edirlər: "Yaranan ictimai narazılıq isə tamamilə haqlıdır, çünki “Qızılbulaq” qızıl yatağında və “Dəmirli” mis-molibden yatağında faydalı qazıntıların hasilatı heç bir texnoloji tələblərə riayət edilmədən vəhşicəsinə həyata keçirilir, bu da mütəxəssislərin - ekoloqlar və ictimaiyyətin qanuni reaksiyasına səbəb olur. Odur ki, bütün bu faktları nəzərə alaraq vurğulamaq istəyirəm ki, mövcud gərginliyi azaltmayan, əksinə, artıran bəyanatlara yol vermək və öncə isə siyasi sferadan olan insanlara, üstəlik isə çox çətin anda Rusiya ilə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalayan dövlətin ünvanına birbaşa ittihamlar irəli sürmək yolverilməzdir”.
  Rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko da bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan istənilən bəyanatlar rəsmi Moskva ilə Bakı arasında əsas razılaşmalara ziddir. O vurğulayıb ki, təxribat xarakterli çağırışları dəstəkləmək əks effekt verir: “Hesab edirəm ki, bəzi personajlar “Rusiya Qarabağdakı separatçıları dəstəkləmək üçün Azərbaycanın neft-qaz strukturunun əsas obyektlərinə zərbələr endirməlidir” fikirlərini səsləndirdikdən sonra Rusiya hüquq-mühafizə orqanları və strukturları buna reaksiya verməlidir. Çünki bu, əslində beynəlxalq terrorizmə çağırışdır. Təxribat xarakterli çağırışları paylaşmaq, hətta dəstəkləmək əks təsir verir”. 
  Göründüyü kimi Azərbaycan ictimaiyyətinin haqlı etiraz aksiyası həm daxildə, həm də xarici mühitdə geniş dəstək görməkdədir. 

Turan Yusubov,
Günay Həsənli,
Nəzakət Həsənova
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantları