Sərhəd -buraxılış məntəqəsinin qurulması tarixi və strateji əhəmiyyətli qərardır - Hərbi ekspert 

Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəmizin qurulması strateji əhəmiyyətli qərardır - Şərh

Ermənistanın birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində post yaratmasına adekvat olaraq aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəmiz qurulub. Bu, tarixi və strateji əhəmiyyətli qərardır, eyni zamanda, ölkəmizin suveren hüququdur. Çünki Laçın dəhlizi Ermənistandan Azərbaycana keçirilən yük və insanlar baxımından nəzarətsiz qalan ərazi idi. Xatırladım ki, 2020-ci ildə Vətən müharibəsi zamanı əsgər və zabitlərimiz Xudafərin körpüsünü azad etdilər. Düşünürəm ki, məhz Laçın dəhlizində Ermənistanla şərti sərhəd istiqamətində sərhəd postunun yaradılması İranla sərhəddəki Xudafərin qəsəbəsinin azad edilməsi kimi böyük nailiyyətdir. Azərbaycanda müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingenti tərəfindən Laçın dəhlizinə nəzarət etmək üçün müəyyən öhdəliklər götürülsə də, biz bunun əksinə, oradan hərbi yüklərin daşınmasına, arzuolunmaz şəxslərin sərhəddən keçməsinə, sülhməramlıların buna şərait yaratmasına şahid olduq.

Bu fikirləri Azərtac-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Polkovnik bildirib ki, bunun nəticəsində arzuedilməz şəxslər, müxtəlif ölkələrdən, Ermənistandan revanşist qüvvələrin rəhbərləri Azərbaycana keçirdilər. Həmçinin Azərbaycanın təbii sərvətləri talanır, ölkəmizin ərazilərinə silah-sursatlar gətirilir, erməni hərbçiləri Qarabağ iqtisadi zonasına gəlirdilər. Bəzi məlumatlara görə, hazırda Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində 10 min nəfərdən çox şəxsi heyəti olan ordu yaradılıb. Yoldan sui-istifadənin nəticəsidir ki, indi Ermənistan tərəfindən bu qüvvələrin imkanları davamlı olaraq artırılır. Mina terroru və diversiyalar mütəmadi törədilir. Vətən müharibəsindəki Zəfərdən sonra 2021-ci ilin istehsalı olan yeni minaların Azərbaycan ərazisinə daşınmasına başlanıldı. Rusiya sülhməramlı qüvvələrin müvəqqəti yerləşdiyi ərazidə qanunsuz erməni silahlı birləşmələrinin yaratdıqları postların ətrafı minalandı. Bir gün əvvəl Azərbaycan hərbi maşının mina terroru nəticəsində partladılması və hərbçilərin xəsarət alması – bütün bunlar Laçın dəhlizinin nəzarətsiz olduğunu, Azərbaycan maraqlarına zidd olaraq ölkəmizə humanitar deyil, hərbi yüklərin gətirildiyini bir daha göstərdi.

“Laçın dəhlizində Azərbaycan sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycana gələn bütün yüklərin və şəxslərin, o cümlədən ermənilərin keçməsini artıq nəzarət altında saxlayacaq. Düşünürəm ki, bütün proseslər, ilk növbədə, Rusiya sülhməramlı kontingenti ilə razılaşdırılmış şəkildə aparılacaq. Əsas odur ki, biz artıq gizli yollardan Azərbaycan ərazisinə hərbi təyinatlı yüklərin ötürülməsinin önünü kəsəcəyik. Bu proses Azərbaycanın suveren hüququdur. Burada Azərbaycan beynəlxalq tələblərə zidd olan heç bir addım atmayıb. Ali Baş Komandan İlham Əliyev də dəfələrlə Laçın yolunda nəzarət mexanizminin yaradılması haqqında fikrini bildirib. Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, sərhəd postunu yaratması Azərbaycanın adekvat addım atması üçün şərait yaratdı”, - deyə hərbi ekspert qeyd edib.

Ş.Ramaldanov, həmçinin qeyd edib ki, ekoaktivistlər Azərbaycanın Qarabağ iqtisadi rayonundakı faydalı qazıntı yataqlarının istismarına qarşı Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən aksiyaya başlayıblar. Dörd aydan çoxdur ki, etiraz aksiyası davam edir. Ekoaksiyanın başlanması ilə yolda nəzarət de-fakto Azərbaycan tərəfdən həyata keçirilirdi. Sərhədçilərimizin Laçın dəhlizini nəzarət altında saxlamasından sonra gələcəkdə bəlkə də ekoaksiyanın orada keçirilməsinə ehtiyac qalmayacaq. Ona görə ki, bu gün DSX-nin apardığı peşəkar fəaliyyət nəticəsində Azərbaycanın Laçın dəhlizi nəzarət altına alınıb. Eyni zamanda, Azərbaycan tezliklə Laçın daxil olmaqla digər azad olunmuş ərazilərə mülki insanlar köçürəcək. Ermənilərin Laçın yolundan sui-istifadə etməsi mülki insanlarımızın həyatı üçün təhlükə ola bilərdi. Odur ki, sərhəd-buraxılış məntəqəmiz Laçın rayonuna Prezident İlham Əliyevin elan etdiyi kimi, sakinlərimizin qayıdışını və təhlükəsizliyini təmin edəcək, eləcə də oradan qanunsuz silahlı dəstələrin tərksilah edilməsinin başlanğıcı olacaq. Yolda Azərbaycan Respublikası DSX-nin postunun qoyulması ondan Qarabağda yaşayan mülki ermənilərin istifadəsi, qanuni və tənzimlənən gediş-gəliş üçün imkan yaradır. Lakin separatçılara, revanşistlərə, qanunsuz hərbi birləşmələrə və terrorçulara Azərbaycan ərazilərində yer yoxdur. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan bayrağını və suverenliyini qəbul edən ermənilər qalıb yaşaya bilərlər. Gələcəkdə həm separatçıların, həm də qanunsuz silahlı hərbçilərin oradan çıxarılması və Qarabağda yaşayan ermənilərin reinteqrasiya məsələləri üzrə təmaslara başlanmasının daha da sürətlənməsi üçün həmin bu dövlət sərhəd nəzarət mexanizminin yaradılmasının əhəmiyyətli rolu olacaq.

Hərbi ekspert vurğulayıb ki, bunu, həmçinin Qarabağ iqtisadi zonasının Azərbaycanın müvafiq qurumlarının nəzarəti altına keçməsinin başlanğıc addım kimi qiymətləndirmək olar. Biz Prezident İlham Əliyevin “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” fikrinin dəfələrlə təsdiqini məhz belə əməli addımlarda görürük. Azərbaycan Prezidenti indi bu prosesi artıq praktiki şəkildə həyata keçirdi. Bütün bu addımların nəticəsi kimi, artıq delimitasiya və demarkasiya məsələlərinin həlli, sülh müqaviləsinin imzalanması və Azərbaycan tərəfindən üçtərəfli Bəyanatın bütün tələblərinin yerinə yetirilməsi təmin olunacaq. Çünki dövlətimizin başçısı nəyi, necə və nə zaman etməyi çox yaxşı bilir.