Analitik: Paşinyan Kreml üçün ən əlverişli fiqurlardan biridir

Rusiya sadəcə olaraq baş nazir üzərindən əsəbləri gərginləşdirir, müxalifəti aktivləşdirir
Rusiyanın Ermənistandakı hərbi kolonunun hərəkətlənməsi təəccüblü deyil
Ermənistanın Qərb siyasəti Rusiyada birmənalı qarşılanmır. Bununla bağlı Moskva dəfələrlə İrəvana xəbərdarlıq edib. Baş nazir Nikol Paşinyan isə siyasi kursunu dəyişmək fikirində deyil və Avropa İttifaqına inteqrasiya siyasətini davam etdirir. Nəticə etibarı ilə Rusiya hərbçiləri İran və Türkiyə sərhədlərindən çıxarılır. Lakin Rusiya hərbçilərinin son günlərdə Ermənistanda xüsusi aktivliyi də müşahidə olunur. Ancaq Ermənistandakı 102-ci bazanın hər hansı hərbi təlimlər keçirəcəyi haqda məlumat verilməyib. Qeyd edək ki, tərəflər arasındakı anlaşmaya görə, Rusiyanın Gümrüdəki hərbi bazası 2044-cü ilə qədər bu ölkədə fəaliyyət göstərməlidir. Ermənistanın “Past” nəşri yazıb ki, N.Paşinyanın siyasəti tam olaraq antirusiyaçılıq çərçivəsinə uyğundur və indiki hakimiyyətin təbliğatçıları hətta Rusiyanın 102-ci hərbi bazasının çıxarılmasını tələb edirlər: "Rəsmi Ankaranın regionda nüfuzunu artırmaq üçün Ermənistanın indiki hakimiyyətinə bu tələbi də irəli sürdüyü istisna edilmir". 
Siyasi analitik Elçin Alıoğlu "Sherg.az"a bildirib ki, Rusiyanın Ermənistandakı hərbi kolonunun hərəkətlənməsi təəccüblü deyil. Ekspertin sözlərinə görə, Qərbi Zəngəzurda, ermənilərin "Sunik" dediyi ərazidə rus hərbçiləri ildə 3 dəfə manevr edirlər: 
"Burada qeyri-adi nəsə yoxdur. Rusiya Ermənistanda hərbi mövcudluğunu artırmaq niyyətindədir. Bununla yanaşı, İranı və Qərbi də həddindən artıq qəzəbləndirmək niyyətində deyil. Rusiyanın Ermənistanda planları müxtəlifdir və bu narrativlər artıq bir qədər nimdaşlaşıb, köhnəlib, ona görə də özünü doğrultmur. Həmin narrativlərlə hərəkət etsələr, ciddi səhvlərə yol vermiş olarlar. Əsasən deyilir ki, Rusiya Ermənistanda Paşinyanı devirmək istəyir. Ancaq elə deyil. Paşinyan Rusiya üçün ən əlverişli fiqurlardan biridir. Rusiya sadəcə olaraq Paşinyan üzərindən əsəbləri gərginləşdirir, müxalifəti aktivləşdirir. Moskva çox gözəl bilir ki, nə Serj Sarkisyan, nə Robert Köçəryan Ermənistanda hakimiyyətə gəlmək iqtidarındadır. Sadəcə olaraq hər iki tərəfi gərgin vəziyyətdə saxlayır, bir tərəfə "ümid" verməklə, digər cinahda saxta narahatlıq yaradır və s. İndiki vaxtda Ermənistanda çoxsaylı ölkələrin hərbçilərinin olması da qeyri-adi görünməməlidir. Dünyada belə dövlətlər var. Məsələn, Cibutidə bir neçə dövlətin hərbi bazası yerləşir. Bu, onunla bağlıdır ki, həmin dövlətlər Cibuti vasitəsilə Afrika ölkələrinə təsir göstərməyə çalışırlar. Eyniylə Qərb, Rusiya, İran, Hindistan və xüsusən ABŞ Ermənistan vasitəsilə ciddi geosiyasi və geostrateji önəmə malik Cənubi Qafqaza yiyələnməyə cəhd edirlər. Hindistan-Ermənistan əlaqələrinə gəldikdə isə bu, qaçılmaz məsələdir və get-gedə aktivləşməkdədir. Hindistan özbaşına hərəkət etmir. ABŞ Prezidenti Donald Trampdan alınan sifarişlər əsasında rəsmi Dehli anti-Çin strategiyası yürüdür. Çin, Mərkəzi Asiya, Azərbaycan, Türkiyə və Avropa xətti var və bu strateji xətti pozmaq üçün ABŞ əlindən gələni edir. Çinin güclənməsinin tərəfdarlarından biri də Böyük Britaniyadır. Böyük Britaniya və Çinin təsirini zəiflətmək üçün Hindistan ortaya atılıb".
E.Alıoğlunun fikrincə, Hindistanın bölgədə aktivləşməsi hansısa nəticə verə bilməz:
 "Hindistanın xarici diplomatiyası bərbad vəziyyətdədir. İstehsal etdiyi və Ermənistana satdığı hərbi texnikalar olduqca yararsızdır. Hətta Hindistanın öz ordusunun əksər hallarda imtina etdiyi texnikalardır. Ümumiyyətlə, Hindistan-Ermənistan əlaqələri çox absurddur. Hindistanda sorğu keçirilsə, Ermənistan adlı dövlətin harada yerləşdiyini göstərə bilməyəcəklər. Fransa, Rusiya, Hindistanı öz tərəflərinə çəkmək istəyirlər. Ermənistan dəli yığıncağıdır və dəlilər arasında qismən ağıllı bir nəfər var, o da Nikol Paşinyandır. İndi görün, bu ölkə hansı vəziyyətdədir. Vallah, Ermənistan hökuməti özü də bilmir ki, gələn həftə hansı addımları atacaq. Çıxış yolu Azərbaycanla mümkün qədər tez zamanda sülh müqaviləsini imzalamaq, hökumətin risk və çağırışlarını azaldaraq hakimiyyətdə qalmaqdır. Paşinyan yenə hakimiyyətdə qalacaq. Bunu Rusiya, İran və ABŞ də istəyir. Trampı hazırda Cənubi Qafqaz maraqlandırmır. O, özünə yeni başağrısı axtarmır. Fikir verirsiz, Bayden administrasiyasından sonra hakimiyyətə gələnlər Azərbaycanla bağlı heç bir açıqlama verməyiblər. Fevral ayında ABŞ-yə səfər edən Ermənistan Baş naziri N.Paşinyanın ciddi şəxslər tərəfindən qəbul olunmaması da fikirlərimizi təsdiqləyir".