1 milyon dollarlıq təklifi rədd etdi

Alim:“Mən sirk meymunu deyiləm, elm adamıyam”

  Rusiyalı riyaziyyatçı Qriqori Yakovleviç Perelman tarixdə iz qoyacaq hərəkətə imza atıb. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, hadisə 2006-cı ildə baş verib. Dünyanın ən ağıllı insanlarından biri, fitri zəkası ilə dünyanın, kainatın sirlərini açıqlaya biləcək alim-riyaziyyatçı Qriqori Perelman şan, şöhrəti, pulu da rədd edib. Onun sürdüyü həyat isə görənləri heyrətə düşürür. Qriqori Perelman Rusiyanın Sankt-Peterburq şəhərində, orta səviyyəli bir ailədə anadan olub. Valideynləri fabrikdə işləyib. Qriqori isə kiçik yaşlarından riyaziyyata həvəs göstərib, riyazi məsələlərin həlliylə məşğul olub.  

Bu, onun sıradan biri olmadığının ilk əlaməti idi. 10 yaşından etibarən riyaziyyat dərnəklərinə üzv olub, riyaziyyat müəllimi Sergey Rukşini özünə ideal seçib, müəllimi də Qriqorinin fitri istedad sahibi olduğunu anlayaraq onu gələcəyin dahisi adlandırıb. Yuxarı siniflərdə təhsil aldığı müddətdə də riyaziyyata marağı, sevgisi azalmayıb, o nəinki ən çətin riyazi məsələləri, hətta çıxılmaz görünən problemləri də beynində çözərək asanlıqla çıxış yolu tapıb. Perelman riyaziyyat üzrə ali təhsil alıb, qısa zamanda elmlər doktoru dərəcəsinə yiyələnib. Riyaziyyata elə bağlanıb ki, riyazi hesablarsız bir addım da atmayıb. Onun fikrincə, həyatında hər bir məsələ xüsusi ölçü-mizan içində olmalıydı.

 Lakin Perelmanın dünyada məşhurlaşması riyaziyyatçı alim kimi deyil, verdiyi qərarlara görə olub. Gənc Perelmanın həyatını dəyişdirən hadisə 1994-cü ildə baş verib. Perelman ABŞ-yə səfər edib. 1972-ci ildə  Jeff Ceeger və Detlef Gromoll tərəfindən yaradılmış və illərlə kimsənin həll edə bilmədiyi qarışıq riyazi problem – ruh teoremini məhz Perelman həll etməyi bacarıb. Perelman bu problemi cəmi 4 səhifəlik hesablamalarla həll etmişdi, hansı ki ondan əvvəl bir çox riyaziyyatçılar buna, az qala, bir kitab həcmində hesablamalar aparıb, lakin həllinə nail ola bilməmişdilər.  

Bu uğuru Perelmana ABŞ-də böyük şöhrət qazandırıb. Stanford və Princeton universitetlərindən ona iş təklifi gəlib, lakin o, təkliflərin hamısını rədd edib. 1995-ci ildə Rusiyaya qayıdan Perelman beynəlxalq riyaziyyatçılar dərnəyi ilə əlaqələri də kəsib. Ağıllı insan olan Perelman bu cür dərnəklərin onun hesabına tanınmaq, şöhrət əldə etməık istədiklərini anlayırdı. Bilirdi ki, dərnəklər onun üzərindən qazanc əldə etmək istəyir.

 Perelman ona edilən təkliflərin diqqətini dağıtdığını əsas gətirərək özünü bir daha elmə həsr etdi. Bu dəfə bir çox alimin həll edə bilmədiyi “millennium problemi”ni çözməyə başladı. 1995-ci ildə işə başlayan alim, nəhayət,  2002-ci ildə problemin həllinə nail olduğunu elan etdi. Onun həll metodu isə 2006-cı ildə qəbul edildi. Buna görə Perelman Beynəlxalq Riyaziyyatçılar Birliyi tərəfindən “Fields” medalına layiq görülüb. 

Lakin Perelman riyaziyyat sahəsində Nobel mükafatına bərabər olan bu medaldan da imtina edib. Və o, bu mükafatdan imtina edən tək və yeganə insandır. 2010-cu ildə Massaçusets ştatındakı Clay Riyaziyyat İnstitutu Qriqori Perelmanı 1 milyon dollarılıq mükafata layiq görüb.

 Lakin dahi bundan da imtina edib. Və bununla da şöhrətin zirvəsinə yüksəlib. Rusiya telekanalına verdiyi müsahibədə Qriqori Perelman mükafatı rədd etməsi haqqında bunları deyib: “Pul və şöhrət məni cəlb etmir. Mənim üçün onların bir önəmi yoxdur. Çünki əgər mənim tapdığım həll variantı doğrudursa, bundan yüksək mükafat ola bilməz. Mən hamını razı salacaq bir sirk meymunu deyiləm. İnsanlara yararlı olmaq istəyən elm adamıyam”. Perelman anası ilə bir mənzildə yaşayır. Onların qazancı ananın təqaüdü və Perelmanın verdiyi özəl dərslərdən (repetitorluq da deyə bilərik) gələn qazancdır. Qonşusu Vera Petrovna alimin həyat şəraiti barədə bunları deyib: “Sadəcə, bir masa, unitaz və çirkli yataq dəsti gördüm. Hamam otağında böcəklər dolaşır”.