Foto çəkilişində təbii gülümsəmə alınmır

Çünki süni gülüş zamanı təbii gülüşün ortaya çıxmasına səbəb olan əzələlərin heç biri iştirak etmir

 İnsan beyni süni gülüşə etiraz edir, əzələlər hərəkətsiz qalır

  “Sehirli xalat” filmində pioner Rəşidin “Zərifə, gülümsə!” müraciəti az qala bütün fotoçəkilişlərin şüarına çevrilib. Foto çəkən qarşısındakıların gülümsəməsini, daha rahat, təbii görünmələrini istəyirsə, onlardan özlərini rahat hiss edərək gülümsəmələrini xahiş edir. Fotosu çəkilən insanlar niyə ciddi görkəm almağa çalışır, belə deyək; özlərini “qurudurlar”? Bəziləri də hansısa fotolarını bəyənməyib “üzümdən düşən “min parça” deyərək o şəkilləri cırıb atır. Foto çəkilərkən təbii halda gülümsəməni çətinləşdirən səbəblərə Webtekno aydınlıq gətirib. 

“Şərq” “NTV,com.tr”yə istinadən bu səbəbləri açıqlayır. Elektrofiziologiya sahəsində cəlbedici tədqiqatlara imza atan fransız nevroloq Guillaume Duchenne hələ 1860-cı ildə saxta və təbii gülüşlərlə bağlı təhqiqatlar aparıb. Nevroloq “İnsanın üz ifadəsinin mexanizmləri” adlı əsərində bu məsələyə aydınlıq gətirərək insanın keçirdiyi hisslərlə üz ifadəsi arasındakı əlaqəni göstərib. Bu sahədə apardığı çoxsaylı tədqiqatlara görə, sevincli anlarda yaranan təbii gülüşə alimin adı verilib.

 Təbii gülüşə “Duchenne gülümsəməsi” deyilir. Elə isə obyektivə tuş gəlmiş gülüşün saxta, yoxsa süni olduğunu necə anlaya bilərik? Təbii gülüşlər zamanı dodaqların kənarları yuxarıya doğru dartılır. 

İnsan gülərkən üzdəki hansı əzələlər fəalıyyətdə olur? Gülüş deyildikdə adətən yay şəklini almış ağız göz önünə gəlir. 

Gülümsəyərkən dodaqların kənarları ziqomatik mayor əzələlər sayəsində yuxarıya doğru dartılır. Ancaq məsələ bu qədər bəsit deyil. Gülərkən gözlərimiz də qıyılır. Bu isə üzdəki “orbicularis oculi” adlı əzələ sayəsində baş verir. İnsan beyni “ən ağıllı” orqan olaraq süni gülüşlə təbii gülüşü də bir-birindən ayırmağı bacarır. Süni gülüş zamanı təbii gülüşün ortaya çıxmasına səbəb olan əzələlərin heç biri iştirak etmir.

 İnsan beyni süni gülüşə etiraz edir, əzələlər hərəkətsiz qalır. Yəni əzələlər süni işə “qol qoymur”. Ona görə də diqqətlə baxıldığında təbii gülüşlə süni gülüşü ayırd etmək çətin deyil.  Beyin üz ifadəsinin dəyişməsinə səbəb olan duyğuları hiss etməkdə müdhiş bacarığa sahibdir. Beyni aldatmaq mümkün deyil.

 Gülüşün süni olduğunu bilmək istəyirsinizsə, “gülən” insanın göz və yanaq əzələlərinə də diqqət edin. Göz və yanaq əzələləri eyni işi görmürsə, biri sakit, digəri “güləyəndirsə”, demək, bu, süni gülüşdür. Təbii gülüşün adı olduğu kimi saxta gülüşlərə ad verilib: 

“Pan Amerikan gülümsəməsi”. Bu ad “Pan Amerikan Havayolları” hosteslərinin (təyyarədə sərnişinlərin rahatlığını təmin etmək vəzifəsi daşıyan xidmətçilər) sərnişinlərə iltifat göstərmək məqsədilə daim gülümsədikləri üçün yaranıb. Son zamanlar “botoks gülümsəməsi” də dövrəyə daxil olub. Üzündə, ağız və göz kənarlarında botoks etdirənlər də daim “gülür”.  Bu da saxta gülüşün bir növüdür.