"Onun arabası var..."

"Şərq"in əməkdaşı bir qarın çörək üçün tər tökənlərin vəziyyətini anladır


Nə yazıq ki, günün altında 1-2 manatını gözləyən məktəblilər də var


İndiyədək çox arabaçı görmüşəm- bazarda, univermaqda, məhəllələrdə...Amma heç vaxt onlarla həmsöhbət olmamışam. Daha doğrusu, buna ehtiyac duymamışam. Bu dəfə isə məhz onları - sözün əsl mənasında bir tikə çörək üçün bütün gün- istiyə, yağışa, küləyə, qara baxmadan araba sürən insanlar tanımaq və tanıtdırmaq məqsədilə “Vasmoy bazarı” kimi tanınan “Səkkizinci kilometr bazarı”na gedirəm. İstidir. Hətta belə demək mümkünsə, hava sanki dayanıb. Bazarda isə kifayət qədər insan var.

Dediyim kimi, bu dəfə müşahidə obyektim alıcılar və ya satıcılar yox, arabaçılardır.

 Elə bazarın girəcəyində arabasına oturub dincini alan bir yeniyetməni görürəm. Gələn-gedənə baxır. Geyimindən sosial vəziyyətinin hansı səviyyədə olduğu bilinir. Onsuz da ortabab yaşayanın arabaçılıqla nə işi var ki? Bu iş məhz bir qarın çörək istəyənlər üçündür. Oğlan qaşqabağını sallayıb. Sanki üzünə çırtma vursan, qanı çıxar. Görünür, kefini pozan, qanını qaraldan təkcə hava deyil. Yəqin, elə işindən də bezib...Yanından keçəndə bilərəkdən ayağına toxunuram. Sonra üzümü çevirib üzr istəyir və əlavə edirəm: “Yorulmayasan, qardaş”. Təbəssümlə minnətdarlıq edir. Deyəsən, belə insanları sevindirmək üçün çox şeyə ehtiyac yoxdur. Yadıma xanım həmkarlarımızdan birinin sitatı düşür: “Həyatda heç bir hədiyyə ürəkdən edilən təşəkkür qədər qiymətli ola bilməz”.

 Yoluma davam edirəm. Arabaçılar arabalarını o tərəf-bu tərəfə sürərək kimlərinsə onları çağırmalarını gözləyirlər. Bəzən də özləri yaxınlaşır “Araba lazımdır?” deyə, soruşurlar. Alıcıların onları səslədiklərini eşidən kimi sevinirlər. Kimə müraciət etdiklərini də yaxşı bilirlər: yaşlılara, qadınlara və əlləri dolu olana. Piştaxtalardan birinin yanından keçəndə 55-60 yaşlı qadının təxmini özü yaşda arabaçıya xitabını eşidirəm:

- Ay kişi, gəl görək...

Üzünü tük basmış kişi əlindəki siqareti yerə atır və qadına yaxınlaşır. Cəld onun əlindəki torbaları götürüb arabaya qoyur, sonra da arxasınca gedir. Öz-özümə bu kişi barədə düşünməyə başlayıram: görəsən, ailəsi, uşaqları varmı? Varsa, niyə bu işlə məşğuldur? Axı bu, heç iş də deyil. Hər halda adamın “iş” deməyə dili gəlmir...

 Bir arabaçının arabasında xeyli ərzaq var. “Müştərisinin” yanınca gedir. Hara desə, ora sürür. Necə deyərlər, ağa deyir “sür dərəyə”, sür...” misalı...Onların arxasınca gedirəm. Alıcı aradabir dayanır, satıcılardan meyvə-tərəvəz alır, arabaya qoyur. Təxminən on dəqiqədən sonra bazardan çıxırlar. Alıcı arabaçının köməyilə torbaları “BMW” markalı maşınının arxa oturacağına yığır. Sonra da cibindən iki əzik manatlıq çıxarıb arabaçıya uzadır...
 Yenidən bazara girirəm. O tərəf-bu tərəfə gəzir. Gəzdikcə müşahidə edir, fotolar çəkir və bəzən də satıcılardan qiymətləri soruşuram. Sırf maraq olsun deyə. Onsuz da bu, artıq aksioma çevrilib: alıcı həmişə qiymətdən narazı qalmalıdır. Hətta müftə olsa belə...
 20-25 yaşlı arabaçı arabasını sağa-sola döndərə-döndərə, hərdən də sürəti artıraraq sürür. Sanki magistral yolda “Ferrari” sürürmüşcəsinə. Məşhur türk mahnısındakı sözləri xatırlayıram: “Onun arabası var...”. Nə etsin ki, yazıq? Birtəhər işinə maraq qatır, zövq almağa çalışır. Qınanılası deyil. Yaşlı bir arvadın yerə qoyduğu torbasını dağıdır. Göyərtilər yerləbir olur, elə həmin an ayaq altında əzilir. Oğlan arvadın “Allah belini qırsın” qarğışına məhəl qoymadan “avtoşluğuna” davam edir.

 Ən üzücü məqamlardan biri arabaçılar arasında məktəblilərin də olmasıdır. Niyə axı?! Niyə?! Bax, bu “niyə?” konkret fərdlərə yox, bəşəriyyətə veriləcək sualdır. Həmin yeniyetmələrdən biri 45-50 yaşlı kişiyə aldığı meyvənin pulunu ödəməyə macal vermədən yaxınlaşır və “Müəllim, araba lazımdır?” deyə soruşur. Kişi bir söz demir. Sadəcə torbaları arabaya qoyur. Onun əlindən tutduğu oğlan uşağına söylədiyi “Bax, oxumasan sən də belə olacaqsan” sözlərini aydın eşidirəm. Əlbəttə, mən eşidirəmsə, deməli, arabaçı da eşidir. Fəqət, özünü o yerə qoymur.
Gəzə-gəzə bazarın axırına çatıram. Bir neçə arabaçı söhbət edir. Müzakirələrinə “qulaq misafiri” oluram. Biri yoldaşlarına deyir:

-  Bu gün heç iş yoxdu...

Digəri əlindəki qoğalı iştahla yeyərək cavab verir:

- Nə vaxt olub ki?..

Məşhur fransız yazıçısı Viktor Hüqonun “Səfillər” əsərini xatırlayıram. Bir tikə çörək insana nələr etdirmir ki? Görünür, hər dövrün öz Jan Valjanları, Kozettaları var...