Gülə-gülə, Yaqub bəy!

Bəlkə bir gün arzularınız gerçək olar


Hamı “Ayrılıq”la-bölünmüş Vətənin həsrət nəğməsi ilə yad etdi onu. Mənim isə  ilk ağlıma gələn “Dəniz” mahnısı oldu. Nə vaxt qəmgin olsam, bir az üzülsəm dinləyirdim, elə pozitiv enerji ötürürdü ki... İndi mahnının ifaçısının dünyadan köçdüyünə inana bilmirəm. Axı hər zaman gülərüz, həyatdolu adam necə bir xəstəliyə məğlub ola bilər? Amma təəssüf ki, o da koronaya yenildi.

Əməkdar artist Yaqub Zurufçudan bəhs edirəm. Sentyabrın 14-ü cismən aramızdan ayrıldı, səhəri gün “Qurd qapısı” məzarlığında torpağa tapşırıldı. Ailəsi, doğmaları orada idi. 

Mən və həmkarım Aygün Tahirqızı da sənətkara həm mənəvi, həm də vəzifə borcumuzu ödəmək üçün məzarlığa yollandıq. Çətinliklə də olsa, ünvana çatdıq. Dedilər ki, Xalq artistləri Arif Quliyevin və Rafiq Hüseynovun (Rəmiş) yanında dəfn olunacaq. Biz də onların məzarlarına doğru irəlilədik. Maşınları və media nümayəndələrini görəndə buranın ora-o taylı, bu taylı vətənin oğlu Yaqub Zurufçunun son evi olduğunu anladıq. Ətrafda dolandıq, qazılıb, hazırlanan qəbrin başına gəldik. 

Bir neçə addım irəlidə Xalq artisti Ramiz Əzizbəyli uyuyur. Ona da baş çəkdik. Elə bu məqamda qələbəliyə nəzər yetirdim, deyəsən, Yaqub bəyin nəşini gətiriblər. Budur, yaşıl xalçaya bükülü cənazəsinin başında ömür-gün yoldaşı Aynur Zurufçu dayanıb. Əhatəsində insanlar var, təsəlli etməyə, gözünün yaşını silməyə çalışırlar. Yanındakı xanımlardan biri A.Zurufçunun anasıdır, qızını bağrına basıb yarasına məlhəm olur, deyir ki, sənin həyat yoldaşın ürəyindədir.

Dəfn üçün qardaşını gözləyirlər, o da Almaniyadan gəlib. Söhbətlərdən anlaşılır ki, sənətçinin üç övladı var, ikisi Amerikadadır, yoldadırlar, atalarının dəfninə çata bilməsələr də, onun isti məzarına baş çəkmək üçün gəlirlər. Son beşiyi Atilla oradadır, atası ilə vidalaşır. Cəmi 10 yaşındadır. Uşaq ağlı ilə atasına “əlvida” deməlidir. Əlində qərənfillər, gah nənəsinin, gah da xalasının ətəyindən yapışır, arada Aynur xanım oğlunun başına sığal çəkir. Atilla atasının məzarına gül qoymalıdır, oğul kimi bu az yaşında vəzifəsini yerinə yetirməlidir. İri, qara gözlərində üzüntü və qorxu hökm sürür. Bəlkə də indi anlamır, lakin böyüyəndə bu ağrını daha dərindən dərk edəcək.

Yaqub bəyi qəbrinə doğru gətirirlər. Burada media nümayəndələrindən foto-aparatlarını, video-kameralarını söndürmələrini istəyirlər. 

 Gözüm lap qabaqda dayanan, beli bükülmüş Aynur Zurufçuya sataşır. Həyat yoldaşının torpağa tapşırılmasına ürəkağrısı ilə baxır. Mərhumun qayınanası qızının halını görüb dillənir: “Gözəl insan, gözəl sənətkar idi. Ay fani dünya”.  Nəhayət bitir, qəbrin üstü örtülür, Y.Zurufçunun böyüdülmüş fotosu məzarın başına yerləşdirilir, əklillər yan-yörəsinə qoyulur. Ürəyimdə danışıram, deyirəm, Yaqub bəy də bütov Azərbaycan arzusu ilə köçüb getdi... Vəfatından bir neçə saat sonra rəsmi feysbuk səhifəsində yazılan cümləni xatırlayıram: 
“Güney boyda dağ, bütov Azərbaycan boyda ürək, əlvida”. Yəqin, Aynur xanım yazıb deyə düşünürəm. Qəfil fikirdən ayılıram, doğmaları danışırlar, deyirlər ki, möcüzə olmasını çox gözlədik, olmadı:
“Sağalacağına ümid edirdik, on beş gün xəstə yatdı. Son günlərdə ağırlaşdı”.

Və A.Zurufçu həyat yoldaşının məzarı başında çıxış edir:

“Qəhərlənirəm. Böyük adamlar haqda kiçiklər söz danışmamalıdır. Y.Zurufçu dühasının qarşısında danışmaq üçün özümü kiçik hesab edirəm. Hamımız onu  gözəl bilirik, tanıyırıq. Ürəyi, beyni ilə böyük şəxsiyyət idi. Mən azərbaycançılığı ondan öyrənmişəm. Yaqubdan böyük azərbaycançı tanımıram. Bütün varlığı, qəlbi ilə vətəninə bağlı idi. Dünyanı gəzdi, Azərbaycanda, Bakıda özünə yuva qurdu. Bütün dostlarını ölkəmizə dəvət edirdi. Deyirdi, gəlin, orada niyə qalırsınız, insan  kimi yaşamaq istəyirsinizsə, Azərbaycana gəlin. O, bütöv Azərbaycanın simvolu idi. Ən gözəl musiqilərimizin, ən gözəl səsi idi. Vətənini bütov görmək onun arzusu idi. Heyif, arzusuna çata bilmədi. Təəssüf edirəm ki, o bu cür dəfn olunur. Çünki Yaqub  ən uca zirvələrdə, yerlərdədir. Neçə gündür ki, istər dövlət adamlarından, istərsə də sıravi vətəndaşlardan diqqət, qayğı görürəm. Pandemiya ilə əlaqəli məhdud sayda insan bura toplaşıb. Əksi olsa, o insanların  çiynində son mənzilə yola salınacaqdı, sevdiyi torpağın qoynuna tapşırılacaqdı. Nə qədər Azərbaycan var, Yaqub Zurufçu yaşayacaq. Yalnız evimizdən deyil, elimizdən də getdi. Daim xatirəsini yaşadacağam. Mən etməsəm də, xalqımız, oğlumuz yaşadacaq. Səni sevirəm, böyük adam”.

Mərhumun qardaşı Eyyub Zurufçu da Y.Zurufçudan danışdı: 

“Yaqubla həm də səmimi dostluğumuz olub. Xatirələrimizi bir-bir danışmaq imkansızdır. Mən də pərişan vəziyyətdəyəm. Təəccüb içindəyəm”.

Gülə-gülə gedin, Yaqub bəy. Bəlkə bir gün arzularımız gerçək olar, biz də sizdən azad Təbrizə salam apararıq...

Samirə Ərəblinski,
Aygün Tahirqızı