Bu yol Xankəndi, Zəngəzur yoludur...

Jurnalistika ilə məşğul olduğum ilk vaxtlardan etibarən həmişə Qarabağdan- ata torpağından reportaj hazırlamağı arzulamışam. Son bir ilə kimi bu, sadəcə istək idi. 2020- ci il sentyabrın 27- də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsindən sonra isə həm da növbəsini gözləyən xidməti vəzifəyə çevrildi. 
 Nəhayət, bu günlərdə əməkdaşı olduğum redaksiya rəhbərliyi tapşırıq verdi: "Sabah Füzuli və Cəbrayıla gedirsən, hazırlaş". Həm sevindim, həm təəccübləndim, həm də bir az tərəddüd etdim. 

 Beləliklə, səhər altıya qalmış təyin olunan yerdə sürücünü gözləyirəm. Hava sərindir. Alatorandır. Paytaxt "dinib- danışmır". Gecə yarıyadək fəaliyyət göstərən restoranlar, mağazalar bağlıdır. Bəzilərindən işıq gəlir. Tək- tük insanlar var. Onların da taleyi, çox güman, aşağı- yuxarı eynidir. Əminəm ki, heç biri hayatından razı deyil- nə süpürgəçilər, nə yaxşı içki içib, bir yerdə qıvrılıb oturanlar, nə də başqaları... Yadıma məşhur aforizm düşür: "Bütün xoşbəxtlər bir- birinə bənzəyir, bədbəxtlərsə, hərəsi bir cür bədbəxtdir". Təəssüf, gör, Yer üzündə nə qədər bədbəxt var?! Amma mən bu gün ən xoşbəxtlərdən biri olduğuma əminəm. 
 Bu düşüncələrlə bir də baxıram ki, maşın qabağımdadır. Digər media qurumlarından birinin əməkdaşları da bizimlədir. Qısa salamlaşmadan sonra yolu qoyuluruq. Sürücümüz Təbiət dayı deyir ki, dörd saata Füzulidəyik, mənimləsinizsə, narahat olmayın. Və xəbərdarlıq edir: "Amma yatdı yoxdu ha".

 Necə yatmayasan? Hər birimiz yuxuluyuq. Təbiət dayı "Siz yatsanız mən də yatacam. Daha özünüz bilin" desə də, deyəsən, ürəyi durmur. Arada, necə deyərlər, "gözümüzün acısını almağa" imkan vermir. Özünün bütün diqqəti isə yoldadır. 

 Doqquza işləmiş redaktorum İmdad müəllim zəng edir. Nəyi necə etmək lazım olduğunu izah edir, diqqətli olmağı tapşırır. Məsuliyyətimi növbəti dəfə, daha dəqiq anlayıram. 

 Yolüstü mağazalardan birinin yanında maşını saxlayır, bəzi ərzaqlar alırıq. Sonra isə davam edirik. Təbiət dayı yuxumuzu qaçırmaqda israrlıdır. Arada bir zarafat edir, özünün dediyi kimi, bizi fəallaşdırmağa çalışır. 
 Bu dəfə baş redaktorum Murad Əliyevdən zəng gəlir. Durumumuza, harda olduğumuzla maraqlanır. 
 Uzanan yollara baxıram. Hava getdikcə aydınlanır. Yadıma Şəmistan Əlizamanlının "İşıqlı yollar" mahnısı düşür. Doğrudan da, bu yollar işıqlıdır. Çünki sonunda Qarabağ, zəfər var.

 Rayonlar bir- birini əvəz edir. İndi daha gümrahıq. Yuxumuz gəlmir.
 ... Üzərində işğaldan azad olunmuş rayonlarımızın, o cümlədən Şuşanın adı yazılmış lövhəni görəndə qəribə oluram. Həyacanlanıram. Rayonlarımızın adları və qarşılarında məsafəni göstərən rəqəmlər mənə tarixi qələbəmizin əhəmiyyətini bir daha xatırladır. Bu xoş həyəcanı, sevinci yaşadığıma görə ürəyimdə Yaradana şükür edirəm.

 Füzulinin girişində səhər yeməyi yedikdən sonra yolumuza davam edirik. 

Vaxtımıza çox qalmayıb. Təbiət dayı bizi əmin edir ki, çatacağıq.
 Yolun solunda məşhur Ohanyan səddinin bir hissəsini görürəm. Postlar, yeraltı tunellər, yolun ortasında qalmış təkərlər...Ermənilər bu səddi "keçilməz sədd" adlandırırdılar. Elə bilirdilər,  torpaqlarımızda çəkilən bu Ohanyan səddinin bizə yaşatdığı həsrət, niskil əbədi olacaq. Bu da fakt: sağda düşmənin partlamış üç tankı...
 Birinci posta çatırıq. Polis əməkdaşları sənədlərimizi yoxlayırlar. Onlardan biri soruşur: "İnşallah, yolunuz haradır?". Sürücü deyir ki, Cəbrayıla gedirik. Ürəyimdən müdaxilə etmək keçir. Amma susuram. Sadəcə təbəssüm edirəm.

 Təxminən on dəqiqəyə yoxlanış bitir. Davam edirik. Həyəcanım getdikcə artır. Səbəb doğma torpağımda olmağımdır. 

 Hava dumanlı olduğuna göre bizdən qabaqda gedən maşınları itiririk. Üçüncü  postdan da keçirik. Polis əməkdaşlarından bizdən qabaqdakı maşınların hara getdiyini soruşuruq. Deyirlər ki, sizdən əvvəl bura kimsə gəlməyib. Demə, çox gəlmişik. Odur ki, geri qayıdır, jurnalistika termini ilə desək, hadisə yerinə- Horadiz- Ağbənd avtomobil yolunun Cəbrayıl rayon ərazisindən keçən hissəsinə gedirik. Jurnalistlər, ANAMA əməkdaşları buradadırlar. Telefonumla fotolar çəkməyə başlayıram. Yadıma müəllimlərimizdən birinin tez- tez işlətdiyi sözlər düşür: "Müasir dövrdə bircə smartfon kifayətdir ki, ən yaxşı, operativ jurnalist olasan". 
 Operatorlar kameralarını hazırlayır, özlərinə əlverişli mövqe seçirlər. Digər müxbirlər kimi mən də hazırlaşır, suallarımı dəqiqləşdirirəm. Bir azdan brifinq başlayacaq. 

 Ətrafı seyr edirəm. Bu torpaqlarda olmaq çox böyük xoşbəxtlikdir. Əlbəttə, həm də qürur. Təsəvvür edin, bir il əvv uğrunda qanlar tökülən, canlar alınan, verilən torpaqlarda siz indi rahat gezirsiniz. Bu qüruru, sevinci bizə bəxş etdiyinə görə sağ ol, Azərbaycan əsgəri! 

 ANAMA- nın əməkdaşları Mədət Məmmədov və Natiq Əsədov açıqlamalar verirlər. Bildirilir ki, indiyədək bu ərazidə 338 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Ərazinin mürəkkəb relyefi, çirklənmə işi çətinləşdirsə də, hazırda təmizləmə işləri davam etdirilir. 

 Jurnalistlərlə yanaşı, əməkdaşlar da hazırlıq görürlər. Birazdan minaları zərərsizləşdirəcəklər. Gəlişimizin əsas məqsədi də elə budur- ANAMA işçilərinin fədakarlıqlarını görmək, işıqlandırmaq. 
 Beləliklə, son hazırlıqlar da tamamlanır. Operatorlar göstərilən yerə keçirlər. Qurumun ərazi üzrə rəhbər şəxsləri müvafiq tapşırıqları verirlər.  Partlamamış hərbi sursatların zərərsizləşdirilməsində daha əvvəl iştirak edən jurnalistlərin xəbərdarlıqlarını eşidirəm: "Ehtiyatlı olmaq lazımdır", "Partlayış səsi çox güclü olur". Hətta bir həmkarımız deyir ki, ötən dəfə "dağlar yerindən oynamışdı". Bunun nə qədər mübaliğəli olduğunu bilmək üçün gözləməli oluram. 

 Televiziya müxbirləri stand uplara başlayırlar. Çox keçmədən sahə supervayzeri Natiq Əsədov ratsiya vasitəsilə lazımi göstərişləri verir, əməkdaşlara insanları minalı yerdən uzaqlaşdırmağı  tapşırır. Ardınca isə 10- dan geriyə doğru saymağa başlayır. 

 Mən də öz növbəmdə telefonumu çıxarır, partlayışı çəkmək üçün hazır vəziyyətə gətirirəm. Nə yalan deyim, həyəcanlıyam. Az sonra güclü səs eşidir.  Toz- duman ətrafı bürüyür. Əl çalırıq. Bu, erməni fitnəsinə qalib gəlməyin təcəssümüdür. 

 Mina zərərsizləşdiriləndən sonra açıqlamalar, müsahibələr davam edir. Mən də məsul şəxslərə yaxınlaşıram. Əvvəlcədən hazırladığım sualları verirəm. Ətraflı cavablayırlar.

 Təqribən yarım saatdan sonra geri qayıtmaq üçün hazırlaşırıq. Hamımız birlikdə yaxınlıqdakı restoranlardan birində nahar edirik. Sonra da "Yolçu yolunda gərək" deyirik. Maşındakı digər jurnalistlər kimi mən də yorğunam. Ancaq eyni zamanda sevincli, qürurlu. Təbiət dayı yenə inamlıdır. Deyir ki, saat yeddidə Bakıda olacağıq.

... Pəncərədən çölə baxanda və işğal altındakı rayonlarımızın bir- bir geridə qaldığını görəndə bayaqkı polis əməkdaşının sualını xatırlayıram. Hara getdiyimizi soruşdu. Əminəm, bu yollar bizi Xankəndiyə, Zənguzura da aparacaq. Bu yollar bizi unutmayacaq.

 Kənan Novruzov