Şuşanın səması, buludları da doğmadı - REPORTAJ


Sanki qucaq açsaydım ağuşuma alacaqdım

- Qızlar, mən Şuşaya gedirəm!
Çimnaz: Nə vaxt? 
Günəş: Necə?


Şuşaya gedəcəyimi öyrənəndə sevincdən qanad açıb uçmaq istəyirdim. Xəbəri həmkarlarımla iş çıxışında öyrənmişdim. MEDİA könüllülərinin koordinatoru Aynur xanımın anidən votsap qrup səsli mesajından sonra əlim ayağıma dolaşdı: "İyulun 21-i saat 13.00-da Heydər Əliyev Mərkəzində sərgi bitəndən sonra Şuşaya yola çıxırıq. Orda gecələyəcəyik. 22-si isə Mətbuat günü ilə əlaqəli Beynəxalq Media Forum".
Xəbəri eşidər-eşitməz könüllü yoldaşlarımla Şuşaya getməyimizin həyəcanına qapılmışdıq ki, yeni bir bildiriş gəlir: "Yol uzundu, çamadanla gəlməyin. Elə edin avtobusda əyləşməyə yer qalsın" (Hər kəs gülür).

Bu, mənim azad edilmiş torpaqlara ikinci səfərim idi. Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə Cəbrayıla, Xudafərin körpüsünə jurnalist həmkarlarla getmişdim. Lakin Şuşaya media nümayəndəsi kimi deyil, MEDİA könüllüsü olaraq yollandım. 
...
27 sentyabr 2020-ci il. Yuxudan gec oyanmışam, günortadır. Qonaq otağından müdafiə nazirinin mətbuat katibi Anar Eyvazovun səsi gəlir: "Bölmələrimiz yüksək peşəkarlıq göstərərək bütün cəbhəboyu sürətli əks hücum əməliyyatını davam etdirir".


- Ana, nə baş verir?

- Artıq dedilər ki, müharibə başlayıb.

Bugünədək müharibə görməmişdim. Dostlarımla tvitterdə çoxsaylı paylaşımlar edirdik. 44 günlük müharibə dönəmi müddətində səbirsizliklə Prezidentdən tvitlər gözləyirdik. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı! Gözümüzü yumub açdıq, Ordumuzun Şuşanı işğaldan azad etmə xəbərini eşitdik. Anamla qucaqlaşıb, kövrəlmişdik. Həmin gün səhərə qədər oyaq qaldığımı xatırlayıram. Hər kəs küçələrə axışmışdı. Küçədə "Biz "Xarıbülbül"ün haqqını almağa gəlmişik" ifası altında rəfiqəm Tükəzlə yürüşə də qoşulmuşdum. Ona demişdim ki, bir gün Şuşadan reportaj yazacam. 

Avtobus çıxır, tələsin!

Bakıdan Şuşaya təxminən 5 saatlıq yoldu. Günorta çıxdığımızı nəzərə alsaq, başımızı "atışdırmalıqla" qatacaqdıq. Könüllü yoldaşım Mətanətlə mağazaya getməyimiz 5 dəqiqə çəkməmişdi ki, artıq bizi axtarırdılar. Tez-tələsik avtobusa yetişdik. Yol boyunca domino oynayan kim, rəqs edən kim, serial izləyən kim, söhbət edən kim...

İlk dəfə Füzulidə

Marşrutumuz birbaşa Şuşaya idi. Ora gedən yolun başlanğıcı Füzulidən keçir. Yol kənarında uçuq-sökük evlər. Çöllük. Bəlkə də bir zamanlar insan qaynayan, indi isə səssizlik hökm sürən ərazi. 

Xoş gəlmisiniz!

Şuşaya çatana qədər bir neçə postda yoxlamadan keçdik. Hərbi polislər sənədlərimizi bizə verdikdən sonra hər biri eyni kəlməni işlədirdi: "Xoş gəlmisiniz!" Könüllü yoldaşım Fərid əslən şuşalıdır. Ta gedib şəhərə çıxanacan anası ilə görüntülü danışıb həyəcanını bölüşürdü. Qarşılaşdığımız mənzərə mənə necə təsir etmişdisə, uşaqlığı Şuşa şəhərində keçən Fəridin anasının keçirdiyi hissləri düşünəndə damarlarımda qan donur. 

Şuşadayıq, düşün!

Şuşaya yeni zəfər yolu ilə gəlib çatdıq. Dolaylarda özümü pis hiss etməyimə baxmayaraq, Şuşaya ayaq basan kimi azacıq belə narahatlığım qalmadı. Şuşalıların “avtovağzal” bildikləri iki mərtəbəli binaya - "Qoç Ət" restoranına çatanda artıq yemək süfrəmiz hazır idi. Süfrən həmişə açıq olsun, Şuşa! Çay da içdikdən sonra “Xarı Bülbül” otelinə yerləşməyə getdik. Qısa bir zamanda şəhərdə normal şərait qurulmuşdu. Küçədə it hürürdü. Əgər it hürürsə, deməli, yaşayış var. Bizim hay-küyümüzü eşidən yoldan keçən bir nəfər "ermənilərin vaxtından qalan pitbuldur" deyir.
 Könüllü yoldaşlarımla oteldə əşyalarımızı otağımıza qoyduq. Ardınca eyvana çıxıb Şuşanın gecəsini izləyirəm. Təmir işlərinin səsi eşidilirdi. Şuşa sözün əsl mənasında dirçəlir! 

Foruma hazırlıq

Axı sabah, iyulun 22-si Forum keçiriləcək. Koordinatorumuz tədbirin baş tutacağı yerdə bəzi hazırlıq işlərinə kömək lazım olduğunu deyir. Şuşada gecələr komendant saatı tətbiq olunur. Artıq saat 21:00-da mağazalar bağlanır, kənara çıxmağa icazə yoxdur. Bizi də polis əməkdaşları öz maşını ilə tədbirin keçiriləcəyi əraziyə aparır. Hazırlıq işləri təxminən gecə saat 3-də tamamlanır. Yenidən otelə qayıtmağımıza rəğmən otaq yoldaşlarımızla gözümüzə yuxu getmir. Kofe içib, səhərki Forumdan danışırıq. Səhər açılır. Telefonda saata baxıram, 5-in yarısını göstərir.
- Bəlkə, bir az mürgüləyək? Gün ərzində ayaqüstdə olacağıq.
Mətanət: Saat 6-nın yarısı oyanarıq.

Ülkərlə Xədicə bacıları "narahat olmayın, biz sizi yuxudan oyadarıq" desə də, səhər onları oyatmaqda çətinlik çəkdik. Görünür, Şuşanın təmiz havası bacıları məst etmişdi. 

Şuşa səhəri

Çiskinli, dumanlı hava. Şuşa yenə öz ampluasındadır. Deyəsən, yağış yağacaq. Tədbir  keçiriləcək əraziyə yollanıb son hazırlıqları tamamladıqdan sonra səhər yeməyinə "Qoç Ət"ə gedirik. Ardınca tədbir zalına qayıdırıq.

Milli Mətbuat günü Şuşada

Azərbaycanlı jurnalistlər, media qurumu rəhbərləri və xarici qonaqlar tədbirin iştirakçıları idi. Forumun moderatoru AzTV-nin gənc aparıcısı Rüfət Həmzəyev idi. R.Həmzəyevin bizə - könüllülərə qarşı diqqətini isə xüsusi vurğulamaq istəyirəm. "Forumun saat kimi işləməsində bilavasitə əməyi olan, kadr arxasında qalan qəhrəmanlar! Uğurlar, MEDİA könüllüləri"-, deyə sosial şəbəkədə paylaşım edib. Bu önəm mən və yoldaşlarımın çox xoşuna gəldi. 


Əvvəla deyim ki, tədbir üçün qurulan ağ çadır düz Şuşa Realnı məktəbinin qarşısında idi. Gecə əraziyə gəlmişdik, qaranlıq olduğuna görə görməmişdim. Realnı məktəb qəzalı vəziyyətdə idi. Polis içəri yaxınlaşamağa qoymadı. Həndəvərində fırlanıb ortalığa göz gəzdirirdim. Yeri gəlmişkən, Forumun qonaqları arasında BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu da var idi. Vüqar müəllimlə Şuşada qarşılaşmağın ayrı “dadı” var. MEDİA könüllülərinin bir neçəsi fakültə yoldaşlarımdı, bir yerə yığışıb dekanımızla Realnı məktəbin fonunda foto çəkdirdik.

İndi sizə Forumun gedişatından söz açacam. İlk dəfə idi ki, Şuşada Mətbuat günü ilə əlaqədar beynəlxalq tədbir baş tuturdu. Hər nüans dəqiqliyi ilə ölçülüb-biçilmişdi. Forum açılış və 3 panel müzakirədən ibarət idi.  Moderator Rüfət Həmzəyevdən sonra Prezidentin köməkçisi Hikmət Hacıyev açılış nitqi ilə çıxış etdi. O, Prezident İlham Əliyevin adından jurnalistlərə Milli Mətbuat günü münasibətilə təbrik ünvanladı. Ümumilikdə tədbirdə 26 məruzə dinlənildi.
Baş redaktorum Akif Aşırlı da tədbir qonaqlarından biri idi. Bir müddət “Şərq”in səhifələrində yazıları dərc olunan könüllü yoldaşım Xanlar Əlibəyi də yanıma çağırıb fürsət bu fürsətdi deyib, anı ölümsüzləşdirdik. 

Gəzinti

“Qarabağ otel”də nahar yeməyinin ardınca forumun sonuncu paneli yekunlaşacaqdı. Sonra axşamüstü Cıdır düzünə və Şuşa qalasına qonaqların gəzintisi planlaşdırılmışdı. Hər kəsə məlumdur ki, Şuşa işğal olunanda Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləri zədələnmişdi. Və Bakıda saxlanılırdı. Güllələnmiş heykəllər Prezident İlham Əliyevin Şuşaya səfəri zamanı doğma yurduna geri qaytarılmışdı. Vaxtilə Şuşanın bəzəyi olan irihəcmli büstlərin yanına gəlirik. Natəvanın baş barmağı yoxdur, Üzeyir bəyin eynəyi sındırılıb, Bülbülün isə tunc alnı qabarıb. Hər birində erməni vəhşiliklərinin izi var...
 Şuşa qalasına da getdik. Hərə bir tərəfə səpələnmişdi. Gecə yola çıxacaqdıq, vaxtımız az olduğu üçün tələm-tələsik şəkil çəkdirib üz tutduq Cıdır düzünə. Yağış da  səngimək bilmirdi. Şuşa qalası, Xan qızı Natəvanın evi, Saatlı, Aşağı Gövhər Ağa və Yuxarı Gövhər Ağa məscidləri, Molla Pənah Vaqifin məqbərəsi, Cıdır düzü... Şuşadakı həmin yerləri fotolardan görmüşdüm. Ən çox maraq duyduğum Cıdır düzündən Şuşanı seyr etmək idi. Əslində ekrandan göründüyü qədər böyük deyilmiş. Amma əsrarəngiz mənzərəsinin olduğu sözsüzdür.  Cıdır düzünə qalxanda yağış gücləndi. Düzəngaha gəlib çatmışdıq ki, ətrafa baxdım. Səmanı, buludları izləmək kimi bir vərdişim var. Başımı qaldırıb səmaya nəzər saldım. Sanki qucaq açsaydım ağuşuma alacaqdım. Uçurumun kənarında elə bil ki, yerlə göyün ortasında dayanmışdım.

Şuşada sıldırım qayaları görəndə gözümün önündə xüsusi təyinatlıların döyüş səhnəsini canlandırmağa çalışıram. Ağlasığmazdır. "Öldü var, döndü yoxdu" deyib Vətən sevgisini canından ötə tutmaq... Ağlımda bitməyən suallar: Əlbəyaxa döyüşlərlə sıldırım qayalardan keçib Şuşanı necə xilas ediblər axı?! 
...
“Şərq”in bir sayını Akif müəllim özü ilə gətirmişdi. Manşetdə “Qarabağdan erməni silahlılar çıxarılır” başlığı. Qəzeti daşın üzərinə qoyub, Şuşa mənzərəli fotosunu çəkdim. Qeyri-ixtiyari bir mahnı zümzümə etməyə başladım: "Bu çəmənlərdə gəzib, Vaqifin şux gözəli. Ruhunu burdan alıb, Natəvanın qəzəli". 

Gözüm uzağa dikilir - Xankəndi şəhərinə açılan panoram görüntü. Xatırlayırsınızsa, Ermənistanın Baş naziri Nikol Paşinyan sərxoş halda Cıdır düzündə rəqs edirdi. İndi isə biz Şuşada, Cıdır düzündən Xankəndi şəhərinə tamaşa edirik. Həyatda nə oldum yox, nə olacam deyə düşünməlidi insan. "Şuşi" xülyasından dəm vuran ermənilər indi doğma Şuşada keçirilən tədbirlərin əks sədasını duyur. 

Rus ictimai xadim Qriqori Petrov "Ağ zanbaqlar ölkəsi" kitabında yazır:

"Yolunuza əngəllər çıxacaq, uğursuzluq olacaq, düşmənləriniz, etdiyiniz işə qarşı gələnlər bəzən zəfər əldə edəcəklər, amma siz sönməyin. Ümidsizliyə qapılmayın. Heç bir zaman əllərinizi endirib, təslim olmayın!". 
Azərbaycan xalqı, Müzəffər ordumuz əsla təslim olmadı, üçrəngli bayrağımızı Şuşada dalğalandırmağı bacardı...