Bu günlərdə paytaxtın N saylı hərbi komissarlıqlarından birinə yolum düşmüşdü. Əslində işim ele də çox deyildi. Uzağı 10- 15 dəqiqəyə həll edə bilərdim. Amma gördüklərim komissarlığın həyətində saatlarla qalmağa məni sövq etdi.
Həmin gün komissarlığın həyəti çağırışçılarla dolu idi. Onlarca gəncin yanında həm də valideynləri, yaxınları var idi. Onlar övladlarını, dostlarını hərbi xidmətə yola salmağa gəlmişdilər.
Məndən bir az aralıda 4 nəfər var idi. Hiss olunurdu ki, ailədirlər: çağırışçı, onun atası, anası və bacısı. Hər biri soyuqqanlılığını qorumağa çalışırdı. Amma həyəcanlı olduqları hiss edilirdi. Gah kövrəlir, gah da hamısı eyni anda gülürdü. Adətən zarafatları 45-50 yaş arasında olduğum kişi - çağırışının atası edirdi. Başa düşürdüm ki, bu, nikbinkiyi qorumaqdan, oğlunun ovqatını qorumaqdan ötrüdür. Həm də qızı ilə həyat yoldaşının göz yaşlarını qurutmağa çalışırdı. Əlbəttə, ən çox özünə lazım idi müsbət aura. Çünki kişilər, xüsusilə atalar belə olurlar: asanlıqla ağlamır, adətən güclü görünməyə çalışırlar. Bəlkə də, bu gənc çağırışçı indiyədək atasının göz yaşlarını görməyib. Elə ona görə də kişi özünü saxlayır, hisslərini idarə etməyə çalışırdı.
O biri tərəfdə 7-8 nəfər gənc bir maşının ətrafına yığışmışdı. Aralarından birinin əlində yol çantası var idi, saçı qırxılmışdı. Deməli, çağırışçı olan o idi. Vətənə borcunu yerinə yetirməyə başlamaq üçün ailəsi yox, yoldaşları ilə gəlmişdi.
Ətrafda gəzişir, mümkün qədər çox müşahidə aparmağa çalışırdım. İstəsəm də, istəməsəm də söhbətləri eşitməli olurdum. Anası, yaxud xalası olub- olmadığından əmin olmadığım bir qadın gəncə deyirdi: "Orda da igidlik edib, özünü qabağa atma, ha". Səsi titrəyirdi. Çağırışçı sadəcə cavab vermək naminə gülümsəyərək "yox, əşi" dedi. Amma özü də başa düşürdü ki, hər şey ola bilər. Bu, bəlkə də, onun ailəsi ilə son görüşüdür.
Öz - özümə ətrafımdakı həmyaşıdlarımın hara, hansı qoşun növünə düşdüklərini düşünürdüm ki, bir qadın yaxınlaşdı.
- Oğlum, səni də Qobustana aparırlar?- deyə, soruşdu.
Tutuldum. Nəsə deməkdə çətinlik çəkdim. Sadəcə "yox, xala" cavabını verməklə kifayətləndim. Nə məqsədlə yaxınlaşdığını dəqiq deyə bilmərəm. Amma, ola bilsin, mənim də Qobustana gədəcəyimə ümid edirdi. Bəlkə, oğlunu tapşıracaq, "bir- birinizdən muğayat olun" deyəcəkdi.
5-10 addım irəli atmışdım ki, bir atanın oğluna verdiyi məsləhətlərə "qulaq misafiri" oldum. "Artıq yeniyetməlik, şıltaqlıq geridə qalır. Bu gündən etibarən sən müstəqil həyata başlayırsan". Bir az pauza verdi. Nəsə düşünürmüş kimi çənəsini ovuşdurub davam etdi: "İndiyədək biz səni qoruyurduq. Hər şeydən - pislikdən, xəstəlikdən...İndi sən Vətəni qorumalısan".
Gənclər hərbi xidmətdən qayıdıb - qayıtmalarından, şəhid, qazi və ya veteran statusu almalarından asılı olmayaraq adətən belə olur: valideynləri onları göz bəbəkləri kimi qoruyur, böyüdür, sonra torpağın müdafiəsinə göndərirlər. Həmin anlarda, əlbəttə, bir az düşünür, hətta, ola bilsin, tərəddüd edirlər. Fəqət vətən sevgisi həsrətə, ayrılığa, ən böyük qorxulara qalib gəlir.
Çağırışçıların əlində içi siqaret, sərin su, şirniyyatla dolu çantalar, sellofan torbalar var idi. Özləri üçün tədarük götürmüşdülər. Gənclərdən biri çantasından bir enerjisi içkisi çıxarıb, başına çəkmək istəyirdi. Anası müdaxilə etdi: "Ay bala, buz kimidir axı...". Həmin an göz - gözə gəldilər. Onları müşayət etdikcə qəribə olurdum. Həmişə övladının üstünə əsən ana, görəsən, oğlu ilə bir illik ayrılığa necə dözəcək?..
Gənclərin ətrafına yığışdığı maşından mahnı səsləri eşidilirdi. "Ana, əsgər gedirəm..." sözləri ilə sanki məsələnin mahiyyətini bir daha anladım. İfaçının "Üçrəngli bayrağımı dönə - dönə öpərəm, yurdun hər qarışını candan əziz bilərəm" sözləri ilə bu qədər insanın belə ciddi ayrılığa rəğmən, qürurlu olmalarının səbəbini daha yaxşı başa düşdüm. Çünki Vətən çağırır. Əlbəttə, Vətən çağırırsa, getmək lazımdır. Gecikmədən, ləngimədən. Yəqin, anaların əsas təsəllisi də budur: bilirlər ki, oğullarını əmanət etdikləri Vətən anaları onları qoruyar. Eyni ilə həmin anaların özləri kimi...
Hərbi komissarlığın binasından orta yaşlı, mülki geyimli bir kişi çıxıb yüksək səslə ətrafdakılara müraciət etdi: "Öpüşün - görüşün. Çağırışçılar, irəlidə ağ avtobus var, gedin, əyləşin, gəlirəm". Valideynlər, əzizlər bir daha övladları ilə qucaqlaşdılar. Gənc əsgərlər qürurla, məğrurluqla avtobusa doğru irəliləyirdilər. İndi onları müqəddəs bir vəzifə gözləyirdi.
... Komissarlığın həyətindan ayrılanda ətrafda demək olar, kimsə yox idi. Çağırışçılar Vətənin keşiyinə, valideynlər evə gedirdilər...
... Azərbaycan Silahlı Qüvvələri dəfələrlə ən çətin sınaqlardan keçib. Biz 2016- cı il baş Aprel döyüşlərində, 2020- ci ildəki Tovuz hadisələrində, İkinci Qarabağ müharibəsində, bu ilin sentyabr ayında düşmənin "burnunu əzmişik". Şəhidlərimiz, qazilərimiz olub. Amma düşmən sevinməsin. O gün gördüyüm gənclər arasında Mübarizlər, Fəridlər, Poladlar, Tehranlar... var.