Gecə üçə qalmış yuxudan oyanıram. Tələm- tələsik hazırlaşır və evdən çıxıram. 8 Noyabr- Şuşanın işğaldan azad edilməsi günü münasibətilə Müdafiə Nazirliyinin mədəniyyət paytaxtımıza təşkil etdiyi mediaturda iştirak edəcək jurnalistlər sırasındayam.
Təxminən 5- in yarısında əvvəlcədən təyin olunmuş yerdə - hərbi nəşriyyatın yanında oluram. Bəzi həmkarlar buradadır. Amma həmişə olduğu kimi, bu dəfə də gecikənlər olur. Ümumiyyətlə, fikrimcə, mahiyyətindən, məqsədindən asılı olmayaq, bütün səfərlərdə gecikənlər olur.
5- də avtobuslara minirik. Müdafiə Nazirliyinin əməkdaşları əvvəlcə bizi səfər proqramı ilə tanış edir, sonra da onlara verilən siyahı ilə adlarımızı yoxlayırlar.
Şuşa döyüşünün qəhrəmanları, tanınmış hərbi ekspertlər də bizimlədirlər. Kolleqalarım kimi, mən də onlardan müsahibə almağı planlaşdırmışam. Əslində mediaturun məqsədi elə budur.
İlk dəqiqələrdən etibarən yatmağa çalışıram. Bilirəm ki, bu cür səfərlərdə vaxtın tez keçməsi üçün ən yaxşısı yatmaqdır. Onsuz da başqa yolum yoxdur. Həmkarlarım kimi, mənim də yuxum gəlir. Ona görə də gödəkçəmi çıxarır, başımın altına qoyur, gözümü yumuram. Tez yuxuya gedir və zənnimcə, saat yarım yatıram.
Gözümü açanda gərgin müzakirənin getdiyini görürəm. Bir neçə jurnalistlə ekspertlər informasiya savaşı barədə danışırlar. Hərbçilər isə sadəcə dinləyir, müdaxilə etmirlər. Onlar az danışmağa çoxdan öyrəşiblər...
Yol getdikcə düşünürəm ki, bu, Şuşaya ikinci səfərimdir. Ata torpağında ilk dəfə 3- 4 ay əvvəl olmuşdum. Maraqlıdır, görəsən, o vaxtdan indiyədək Şuşada nələr dəyişib? Hansı abadlıq işləri görülüb? Bunu görmək üçün Şuşaya tələsirəm.
Hacıqabulda 10-15 dəqiqəlik avtobusdan düşürük. Amma çalışırıq ki, çox ləngiməyək. Çünki heyətin əksər hissəsi əvvəl də Şuşada olub. Çoxumuz bilirik ki, qarşıda hələ 6-7 saatlıq yolumuz var.
...Rayonları bir - bir geridə qoyuruq. Şuşaya yaxınlaşdıqca qəribə formada həyəcanlanıram. Keçirdiyim hisslərə görə təəccüblənirəm. Bunun səbəbini müəyyənləşdirməyə çalışıram. Əvvəllər də dəfələrlə ezamiyyətdə olmuş, müsahibələr almışam. Elə isə niyə təlatümlü duyğular keçirməliyəm? Gözünür, bu, ata torpağına getməklə bağlıdır.
Tanınmış hərbi ekspert, texnika üzrə mütəxəssis Ramil Məmmədli də bizimlədir. Fürsətdən istifadə edib sual verirəm:
- İranın son hərbi təlimləri ilə bağlı nə düşünürsünüz?
Yarı zarafat, yarı gerçək suala suala cavab verir:
- Müsahibə alırsan?
- Yox, sadəcə fikriniz maraqlıdır.
Bir neçə cümlə deyir. Hiss edirəm ki, çox danışmaq istəmir. Mən də daha sual vermirəm...
Heyətin tərkibində əslən Şuşadan olan və məndən fərqli olaraq orada doğulub - böyüyən həmkarlarımız var. Onlar növbə ilə Şuşa barədə xatirələrini bölüşürlər. Yekdil fikir bu olur: Şuşa o vaxtdan bu günə kimi çox dəyişib, amma məğrurluğunu itirməyib.
Səfər iştirakçıları sırasında xeyli jurnalistin olması, deyəsən, hər kəsin ürəyincədir. Çünki söhbətlər bitmir. Media nümayəndələri mövzuların tükəndiyini hiss edəndə bir sual verir və gərgin müzakirələrin davam etməsini təmin edirlər. Nə yaxşı ki, aramızda Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Xalq yazıçısı Çingiz Abdullayev yoxdur...
Təşkilatçılar bildirirlər ki, Şuşanın azad olunması əməliyyatında xüsusi rolu olan general- mayor Kənan Seyidov da orada olacaq, jurnalistlərin suallarını cavablandıracaq. Bu, hər birimiz üçün göydəndüşmə olur.
...Təxminən 11- də Şuşaya çatırıq. Yollar xeyli düzəlib, bəzi hissələrə asfalt çəkilib. Deməli, təmir - tikinti işləri sürətlə davam etdirilir. Bu, məni sevindirir.
Avtobuslardan düşəndə ətrafda Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik - leytenant Anar Eyvazovu görürəm. Görüşür, ayaqüstə söhbətləşirik. Səfərin mahiyyəti barədə məlumat verir. Fikrimcə, Anar müəllim vəzifəsini yaxşı yerinə yetirir. O, jurnalistlərlə normal münasibət qurmağı da bacarır.
Yaxınlıqdakı çadırda hərbçilərlə birlikdə çay içərik. Şuşanın sərin, təmiz havasında isti çay içmək sözün əsl mənasında insana ləzzət edir. Həm də yorğunluğumuz çıxır.
Bir stəkan çay içir və vaxt itirmədən ətrafda gəzməyə, fotolar çəkməyə başlayıram. Şuşanın havasını nə qədər çox udsaq, o qədər qənimətdir.
Hərbçilərdən müsahibələr almağa başlayırıq. Az danışırlar. Bu, hərbçilərə xas xüsusiyyətdir, çox informasiya verməyi sevmirlər. Mən isə öz növbəmdə daha çox sual verir, respondentlərimi daha çox danışdımağa çalışıram.
Həmsöhbətlərim--polkovnik - leytenantlar, mayorlar Vətən müharibəsindən, Şuşa döyüşlərinin əhəmiyyətindən danışırlar. Onların sözlərinə görə, Azərbaycan ordusu Şuşa əməliyyatında, az qala, mümkünsüzü bacarmışdı. Çünki Şuşa dağlarında, sıldırım qayalarda irəliləmək çox çətindir.
Müsahiblərimi diqqətlə dinləyirəm. Az danışsalar da, hər sözü həvəslə tələffüz edirlər. Qürurlu olduqları hər sözlərindən, hərəkətlərindən bəllidir.
Ətrafı müşahidə edirəm. Hərbçilər jurnalistlərinin suallarını cavablandırırlar. Bəziləri isə öz aralarında söhbət edirlər. Bir çoxu müharibədən sonra ilk dəfədir Şuşada olur. Ona görə də nostalji yaşayır, duyğulanırlar.
İki hərbi qulluqçunun müzakirəsini eşidirəm. Yaşından və paqonundan daha yüksək rütbəli olduğu hiss edilən zabit yoldaşına deyir:
- O qədər intizarla gözləmişik ki, bu günü...
Zabit yoldaşı sadəcə təsdiq mənasında başını tərpətməklə kifayətlənir və gözlərini məçhulluğa zilləyir.
Səfər təşkilatçıları hündürlüyü göstərir və bildirirlər ki, ora çıxacağıq. Öz - özümə düşünürəm ki, bacara bilməyəcəyik. Həmkarlardan biri təəccüblə maraqlanır:
- Piyada?
Anar Eyvazov müdaxilə edir:
- Yox, əlbəttə, maşınlarla.
Bu vaxt Şuşa əməliyyatında iştirak etmiş mayorlardan biri vaxtı ilə ora piyada, özü də müxtəlif yüklər, o cümlədən ağır cihazlarla qalxdıqlarını bildirir. Şuşa fatehlərinə rəğbətim daha da artır. Onlar, həqiqətən, qeyri- mümkünü bacarıblar. Necə deyərlər, namümkünü mümkünə çeviriblər.
Maşınlara minir və Şuşa qalası tərəfə qalxırıq. Müsahibələr burada da davam edir. Səfər iştirakçıları fürsətdən istifadə edib yenə də fotolar çəkirlər. Hiss olunur ki, bu gün üçün çoxlarının burnunun ucu göynəyirmiş. Hərçənd daha Şuşaya nə vaxt istəsək gələ bilərik. Məhz şəhid və qazilərimizin xidməti sayəsində tarixi ədalət bərpa olunub. Daha Şuşa əbədi olaraq bizimdir.
Müsahibə aldığımız tibb xidməti zabitlərindən biri 44 günün çətinliklərindən danışır. Onun sözlərinə görə tibbi təminat yüksək səviyyədə idi. Məhz bunun sayəsində yaralıları operativ surətdə müalicə etmək mümkün olub.
Başqa bir tibb işçisi isə deyir ki, yaralı döyüşçülərin əksəriyyəti ilk fürsətdə yenidən hərb meydanına qayıtmağa çalışır, hətta bunun üçün təkid edirdilər. Necə mərd oğulların var, Vətən!
Televiziya müxbirləri və operatorlar "stand up" üçün yaxşı yer axtarır, kreativ rakurslar barədə düşünürlər. Bir də baxıram ki, həmkarlarımızdan biri qalaya çıxıb. Daha bir neçə jurnalist, o cümlədən mən həmin kolleqamızın arxasınca gedirəm. Qalanın qapısı bağlı olduğuna görə bir az əziyyət çəkməli oluruq. Qaladan düşəndə isə hündürlükdən tullanmalı oluram. Səndələyirəm. Polkovniklərdən biri cəld qolumdan yapışır. Onlar bunu- operativ müdaxilə etməyi yaxşı bacarırlar. Əminəm ki, savaş vaxtı dəfələrlə bir- birilərinin həyatını xilas edə ediblər. Və, əlbəttə, özləri də dəfələrlə ölümüm nəfəsini hiss ediblər. Bu barədə sual verdiyim mayorlardan biri deyir ki, hər anımız təhlükə idi, bütün ssenariləri gözə almışdıq, ancaq biz ölüm yox, qələbə barədə düşünürdük.
Növbəti dayanacağımız Cıdır düzü olur. Anar Eyvazov bildirir ki, general - mayor, Şuşa əməliyyatının əsas iştirakçılarından biri Kənan Seyidov da buradadır. O, jurnalistlərlə səmimi formada görüşür. Ardınca cənab general növbə ilə müxbirlərin suallarını cavablandırır.
Cıdır düzündə hava kifayət qədər soyuqdur. Üşüyürük. İsinmək üçün ətrafda sürətlə gəzirəm. Gödəkçəmin kapşonunu başıma keçirməyə cürət etmirəm. Yüksəkrütbəli zabitlərin yanında bu, etik olmaz. Birincisi ona görə ki, mən həmin an özümü onların əsgəri sayıram. İkincisi isə əsgərlərimiz, zabitlərimiz uzun müddət bu soyuğa dözməli olublar. Bir neçə saat nədir ki?..
Cənab general bizi müşahidə edir və "Şuşada soyuqdan üşüdüyüm günlər yadıma düşdü" deyir. Mütəəssir oluram.
Jurnalist dostlardan biri bir az uzaqlaşır. Bu vaxt hərbçilər xəbərdarlıq edirlər: "Ordan bizi görə bilərlər". Qoy, görsünlər. Görsünlər ki, biz artıq öz evimizdəyik, necə deyərlər, əlimizi- qolumuzu sallayaraq gəzirik.
Daha yarım saat sonra Şuşada, yenə hərbçilərlə birlikdə yemək masası arxasına otururuq. Onlarla nahar etmək özü büyük qürurdur. Əsgər və zabitləri müşahidə edirəm. Gözləri şimşək kimi çaxır. Böyük əksəriyyəti indi də xidmət edirlər. Bilirəm ki, istənilən əmrə hazırdırlar. Savaş başlasa, yenə peşəkarcasına, cəsarətlə vuruşarlar. Çox danışmasalar da, bunu gözlərindən oxumaq mümkündür.
...Geri qayıdırıq. Hava tədricən qaralır və biz Şuşanın dolanbac yolları ilə Bakı istiqamətində hərəkət edirik. Şuşaya üçüncü dəfə gəlmək üçün indidən səbrsizlənirəm...