Yeniyetmələrə ancaq "Pfizer" vurulacaq

Gələcəkdə 12 yaşdan aşağı uşaqlar da peyvənd olunacaq

Pandemiyadan tam olaraq qurtulmaq üçün bütün yaş qrupunda olan şəxslərin vaksinasiyası mütləqdir


Azərbaycanda 16-18 yaşlı yeniyetmələrə hansı istisna hallarda COVID-19 xəstəliyi əleyhinə mRNT "Pfizer" (“Comirnaty”) peyvəndi vurulacağı açıqlanıb. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, yalnız xroniki xəstəlikdən əziyyət çəkən və xaricdə təhsil alan yeniyetmələrə vaksin vurulacaq. Qeyd edək ki, cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT "Pfizer" (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi qərar qəbul edib. Qərara əsasən, ölkədə istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT "Pfizer" (“Comirnaty”) peyvəndi vurulacaq. Bunun üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək. 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

Vaksinin əyani təhsilə keçid üçün vacib olduğunu vurğulayan həkim-infeksionist Mərdan Əliyev "Şərq"ə açıqlamasında bildirib ki, yeniyetmələrin peyvəndlənməsi həm də onların sağlamlığının qorunması üçün mühümdür. Həkim qeyd edib ki, ümumiyyətlə, pandemiyadan tam olaraq qurtulmaq üçün bütün yaş qrupunda olan şəxslərin vaksinasiyası mütləqdir:

"16-18 yaşlı yeniyetmələr aktiv yaş qrupu hesablanır. Çünki onlar daha çox təhsillə bağlı olaraq bir-birləri ilə təmasda olurlar. Bu səbəbdən də bu yaş qrupunda olan insanların bütün dünyada vaksinasiyası həyata keçirilməkdədir. Hətta indi bəzi ölkələrdə 12 yaşdan yuxarı uşaqların peyvəndlənməsi də aparılır. Gələcəkdə hətta ondan aşağı yaş qrupunda olan şəxslərin də vaksinasiyası olacaq. Yəni peyvəndlənmə bütün yaş qrupunu əhatə etməlidir ki, bu epidemiya bitsin. Sual yarana bilər ki, yeniyetmələrə niyə digər peyvəndlər deyil, məhz "Pfizer" peyvəndi vurulacaq? Çünki "Pfizer" son texnologiya ilə hazırlanan məlumat mRNT-sidir. Bu vaksin koronavirusun məlumat mRNT-si, yəni genomu çıxarılıb təmizlənir və bir kapsula ilə örtülüb qorunaraq, insan bədəninə yeridilir. Bunun özəlliyi təmiz vaksin olmasıdır, o cümlədən yan təsirləri də minimumdur. Yalnız allergik reaksiyaya meyilli olanlarda bir qədər allergiya simptomları gözlənilə bilir. Digər özəlliyi isə daha yaxşı və uzunmüddətli antitel yaratmasıdır. Buna görə də bu peyvənd təbii ki, digərlərindən daha üstün hesab olunur. Ona görə də onun yeniyetmələrə vurulması da tövsiyə olunur. Hesab edirəm ki, Azərbaycanda da yeniyetmələr peyvənd olunmalıdır".