Kiflənmiş qidaları yemək olarmı? 


Daha çox da ciyəri zədələyir

Hazırkı ərzaq bahalığında evdar xanımlar, qənaətcil kişilər kiflənmiş məhsullardan asanlıqla əl çəkmək istəməz, yəqin. Hər birimizin başına gələn haldır; hansısa meyvə tərəvəzin müəyyən hissəsinin kifləndiyini gördükdə, onu birbaşa zibil qutusuna atmağa əlimiz gəlmir. Kiflənmiş böyür-başını kəsib, təmizləyib yeyirik. Hətta müəyyən hissəsi kiflənmiş çörəyi də “çörək bərəkətdi, atmaq olmaz” deyib uzaqbaşı ocaqda qızardıb istifadə edirik. 

Bəs, kiflənmiş qidalar nə dərəcədə zərərlidir? “Şərq” xarici mediada yer alan məlumatı nəzərə çatdırır. Qida mütəxəssisləri bildirir ki, meyvə-tərəvəz, ya da hansısa digər qida məhsulunun üzərində kif varsa, deməli, orada bir sıra toksik kimyəvi maddələr toplanıb. Bu maddələr hər hansı səbəbdən (bəzən bilərəkdən, bəzən də ehtiyatsızlıqdan bu cür qidaları qəbul etmiş ola bilərik) orqanizmə düşdükdə, qusma, ürək bulanması, ishal halları yaradır, daha çox da qara ciyəri zədələyir. 

Amma bu kimi nəticələr  orqanizmin immunitet qabiliyyətinə və yaş senzinə görə, həmçinin qidanın hansı miqdarda qəbul edildiyinə bağlı özünü fərqli şəkildə göstərə bilər. Kiflər arasında ən çox yayılanı və toksik təsirinin yüksək olması səbəbiylə hətta xərçəng xəstəliyinə  gətirib çıxaracaq aflatoksindir. Ancaq hər qidada bu toksinə rast gəlinmir. Aflatoksin daha çox yer fıstığında və qarğıdalıda olur. Kiflər təkbaşına zərərli deyil. Kifi orqanizm üçün zərərli hala gətirən tərkibində əmələ gəlmiş bakteriyalardır. Kiflənmiş qidalar bəzi insanlarda allergik reaksiyalara səbəb olur. Əgər belə bir allergiya həssaslığınız varsa, simptomlar ortaya çıxdıqda dərhal həkimə müraciət edilməlidir. Allergiya özünü qaşınma, gözlərin sulanması, dəridə qırmızı səpkilər, xırıltılı nəfəsalma, burun axması, burun tıxanıqlığı ilə göstərə bilər. Bir maraqlı fakt da var ki, bəzi ölkələrdə kiflənmiş pendirlər açıq satışdadır. Bəs bu kiflənmiş pendirlər orqanizmə zərərli deyil? Kiflənmiş pendir ənənəsi İtaliya və Fransaya aiddir. Bu ölkələrdə məşhur “Gorgonzola”, “Rokfor” kimi  pendir növlərindəki kif pendirin mayasına kif qatılmasıyla yaranır. Bu pendirlərdə yaşıl-mavi kif xətlərini görmək mümkündür. Bu pendirlər məhz kif əlavə olunmaqla, xüsusi ənənəvi reseptlə hazırlanır. Bu cür kiflər təhlükəli hesab edilmir. 

Amma kifə qarşı allergiyası olanlar yenə də bu pendir növlərindən uzaq durmalıdır. Bəs, meyvə-tərəvəz və başqa qida məhsullarında kiflənmiş hissəni kəsdikdən sonra yemək məsləhətdirmi? Mütəxəssislər bildirir ki, rütubət faizi yüksək qidalar kifləndikdə onlardan istifadə etmək olmaz, zərərlidir. Sendviç, sosislər, qırmızı ət, quş əti, mikrodalğalı sobada bişmiş kekslər, şirniyyat kiflənibsə, onlardan gözünüzü çəkin. 

Bu qidalar kiflənibsə, deməli, tərkibində yüksək miqdarda zərərli bakteriyalar əmələ gəlib. Bərk pendirlərdə isə kiflənmiş hissə  ən azı 2,5 santimetr kəsilib atıldıqdan sonra qalan məhsuldan istifadə etmək olar. Kif bərk məhsullarda dərinə nüfuz edə bilmir. 

Kiflər adətən yumşaq toxumalı meyvə-tərəvəzlərdə dərinlərə nüfuz edir, ona görə də onlardan istifadə ziyanlıdır. Bu sıraya yumşaq pendirlər, qatıq, xama, mürəbbə, cemlər kiflənibsə, onları yemək olmaz. Bərk meyvə və tərəvəzlərdə də - yerkökü, kələm və sair. kiflənmiş hissəni bir qədər dərin kəsib atdıqdan sonra istifadə etmək olar. 

Amma xiyar, pomidor kimi yumşaq, çox sulu tərəvəz və meyvələrlə eyni davranmaq olmaz. Fıstıq əzməsi, ədviyyatlar, quru meyvələr, qaxaclar kiflənibsə, onları atmaq lazımdır. Həmçinin elektrik sobasında bişmiş qidalarda da kiflər çox dərinə kök salır.