DİQQƏT! Uşaqlar arasında ürək xəstəlikləri artır! – Həkim səbəbləri SADALADI 

Bu il yanvar-noyabr ayları ərzində icbari tibbi sığorta çərçivəsində 211 uşaq üzərində kardiocərrahi əməliyyat icra olunub. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, əməliyyatlar agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində həyata keçirilib. Əməliyyat olunan şəxslər arasında 2-3 aylıq körpələr də olub.

Uşaqlar arasında ürək xəsətəliklərinin çoxalması səbəbləri barədə “Sherg.az”a danışan Elmi Cərrahiyyə Mərkəzinin həkimi Sevil Tərlanova bildirib ki, bu xəstəlik əvvəllər yeni doğulmuş uşaqların 1 faizini təşkil edirdisə, indi həmin göstərici 2 faizə yüksəlib. Doktor uşaqlarda xəstəliyin yaranma səbəblərini sadalayıb: 

“ Havanın şüalanması və kimyəvi maddələrdən zəhərlənməsi əsas səbəblərdən biridir.  Ölkədə qohum evlilikləri, xüsusilə də 3-cü nəsil qohum evlilikləri ürək xəstəliklərin yaranmasına gətirib çıxarır”.

S.Tərlanova qeyd edib ki, bu xəstəliyin yaranmasına səbəb olan ən ciddi faktor isə valideynlərdə bu tip genetik xəstəliklərin olmasıdır:

“Hamiləlik dövründə müalicələrin düzgün aparılmaması da gələcəkdə uşaqda ürək xəstəliklərinin yaranmasına yol açır. Bundan əlavə əsəb, stress və infeksiya kimi faktorlar da vardır ki, onlar da öz növbəsində təsir göstərir”.

Həkim onu da əlavə edib ki, qidaların da burada rolu böyükdür:

“Ətraf mühitin çirklənməsi birbaşa qida məhsullarına da öz mənfi təsirini göstərir”.

Çimnaz Şahlar