İslahatlara ciddi ehtiyac var

Adil Qeybulla: "Təcili tibbi yardım hər çağırışa getməməlidir, bu, insanlara düzgün təbliğ olunmalıdır"

Azərbaycan Tibb Universitetində "Təcili Tibbi Yardım Sistemi və Akademik Tədrisdə Təcili Tibb" mövzusunda simpozium keçirilib. Məqsəd Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində prioritetləri müəyyənləşdirmək və sübutlara əsaslanan inkişaf xəritələrini təqdim etməkdir. Simpoziumda Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr. Hande Harmancı və Azərbaycan səhiyyə nazirinin müavini Nadir Zeynalov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) nümayəndəsi Araz Nəsirov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Türkiyə Səhiyyə Nazirliyinin nümayəndələri, Klinik Tibbi Mərkəz, Respublika Klinik Hospitalı, Sumqayıt və Şamaxı şəhərlərində fəaliyyət göstərən Təcili Tibbi Yardım xidmətinin əməkdaşları, həmçinin təcili tibbi yardım üzrə beynəlxalq ekspertlər iştirak ediblər. 

Simpoziumdan sonra "Xəstəlik hallarının idarə olunması” və “Təcili Yardım Şöbəsinin İdarə Olunması” kurslarının tədrisinə başlanılıb. “Xəstəlik hallarının idarə olunması" kursu 6 müxtəlif dərsdən ibarətdir.  Hər biri həftədə iki dəfə olmaqla (səhər və günorta kursları) tədris ediləcək. 

Eyni zamanda tədrisi nəzərdə tutulan kurslardan biri olan Təkmil Həyat Dəstəyi (ACLS) iki növbədə 5 yarım gün davam edəcək. Kursun yekununda iştirakçılar təcili yardımda tez-tez rast gəlinən 6 halın idarə edilməsi üsullarını 3 müxtəlif situasiya məsələsi vasitəsilə dərindən mənimsəyəcək. Həmçinin ürəyin dayanmasına və ya ürək-damar xəstəliklərinə səbəb olan həyati təhlükə yaradan halların mütərəqqi tibbi prosedurlar, dərmanlar və üsullardan istifadə etməklə aradan qaldırılmasına dair ən yeni məlumat əldə edəcəklər. 

Bundan başqa, BMT-nin Yol Təhlükəsizliyi Fondunun maliyyələşdirdiyi “Təcili Yardım Şöbəsinin İdarə Olunması” kursu təhlükəsiz, yüksək keyfiyyətli təcili tibbi yardım xidməti təmin etmək, eləcə də təcili tibbi yardım işini səmərəli reallaşdırmaq, müvafiq sahə üzrə rəhbər şəxslərin liderlik və idarəetmə potensialını inkişaf etdirmək məqsədi daşıyır. Kurs iştirakçıların Azərbaycanda təcili tibbi yardımın mövcud vəziyyətini düzgün analiz etməyə, ölkə daxilində təcili tibbi yardım xidmətinin keyfiyyətini yaxşılaşdırmağa, həmçinin effektiv səhiyyə siyasəti yaratmağa yardım edəcək bilik və bacarıqlarını artırmağı hədəfləyir. Kurs yekunlaşdıqdan sonra 11-12 fevral tarixlərində ÜST-nin təcili yardım üzrə eksperti Dr. Li Uollisin və beynəlxalq mütəxəssislərin iştirakı ilə təcili yardım sahəsində fəaliyyət üçün yol xəritəsinin hazırlanması üzrə görüş keçiriləcək.

Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla "Şərq"ə açıqlamasında bildirib ki, qurumun adı təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi olduğu üçün bəzən insanlar elə bilir ki, hər problemi onlar həll etməlidir:

"Məsələn, sahə həkiminin təyinatı ilə bağlı evdə sistem qoşmaq, inyeksiyalar vurmaq kimi məsələlərdə təcili yardıma müraciət edilməməlidir. Təcili yardımın üzərinə düşən iş, məsuliyyət çoxdur. Orada çalışan həkimlərin yükü həddindən artıq çox olur. İndiki zamanda təcili yardım istiqamətində islahatlara çox ciddi ehtiyac var. Məsələ xidmət göstərməklə bitmir. Struktur formalarında dəyişikliklər edilməlidir. Həkimlərin vəzifələri insanlara düzgün təbliğ olunmalıdır". 

A.Qeybulla onu da əlavə edib ki, pandemiya dövrünü nəzərə alsaq, hazırda yaxmaların götürülməsi ilə əlaqədar poliklinikaların da işi çoxdur:

"Özəl qurumlar, TƏBİB-in öz laboratoriyalarından başqa təcili tibbi yardım xidmətləri yaxma götürməklə məşğul olmamalıdır. Ağır xəstələrə ilkin yardım göstərə bilərlər. Eyni zamanda əhali düzgün maarifləndirilməlidir. Təcili tibbi yardım hər bir çağırışa getməməlidir. Dünyanın inkişaf etmiş dövlətlərinə baxaq, Avropada, Türkiyədə bu sistem necə işləyir? Ölkəmizdə isə insanlar elə bilir ki, təcili yardım gəlib, bütün məsələləri həll etməlidir. İnanıram ki, Səhiyyə Nazirliyinin rəhbərliyi yeniliklərə nail olacaq".