Piylənmə daha çox oğlan uşaqlarında müşahidə olunur


Valideynlər övladlarının qida rasionuna ciddi diqqət yetirməlidirlər

Ölkəmizdə piylənmə problemi ilə yaşayan xeyli insanlar var. Bu bəladan qurtarmaq üçün hər kəs müxtəlif yollara əl atır. Dietoloqlara müraciət edənlər də az deyil. Amma yenə də ağır çəkidən şikayətlər azalmır. Bəzən buna səbəb kimi qidalanmanın doğru olmadığını göstərirlər. 2020-ci ilin statistikasına görə, Azərbaycanda 14 yaşına qədər 1126 uşaq piylənmədən əziyyət çəkir. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endekrinoloqu Azad Əkbərzadə deyib. Ekspert bildirib ki, onlardan 544-ü qız uşağıdır:
"14-18 yaş aralığında olan 464 nəfər, 18-28 yaş aralığında 977, 30 yaşdan yuxarı isə 4443 nəfər piylənmədən əziyyət çəkir".

Statistikaya nəzər saldıqda məlum olur ki, artıq çəki problemi ilə demək olar ki, bütün yaş qrupları qarşılaşır. Lakin 14 yaşdan aşağı uşaqlar və 30 yaşdan yuxarı şəxslərdə piylənmə çoxluq təşkil edir. Düzgün qidalanma olmadığı üçün bədən forması dəyişikliyə uğrayır. Nəticədə zahiri görünüş istədikləri kimi olmur, bu da kompleksə gətirib çıxarır. 

Dietoloq  Şəfa Yadigarova "Şərq"ə açıqlamasında bildirib ki, kiçik yaşlı uşaqlar və gənclər daha çox "fast food" qidalarına üstünlük verir:

"Ailə sevindirmək üçün uşaqlarını "McDonalds" kimi məkanlara aparırlar. Onlar da bir neçə dəfə eyni qidanı qəbul etdikdən sonra uşaqlarda asılılıq yaradır. Bunun üçün həmin qidaların üzərinə müəyyən dadlandırıcı maddələr əlavə edirlər. İnsan onu hər görəndə yemək istəyir. Məsələn, uşaq bir hamburgerlə kifayətlənmirsə, daha çox yeyirsə, bu artıq onun yağlanmasına gətirib çıxarır".

Dietoloq öz müşahidələrinə uyğun olaraq vurğulayıb ki, piylənmə əsasən oğlan uşaqlarında təsadüf edilir:

"Həmin azyaşlılarda estrogenlər daha çox artır. Nəticədə oğlanların bədən forması tam dəyişərək sanki qızlarınkına bənzəyir. Armudvari, yaxud da alma formasında olurlar. Yağ daha çox döş, qarın, çanaq kimi hissələrdə toplanır. Bu da məhz qadına xas olan xüsusiyyətdir. 30 yaşından sonra da cavan nəsil hesab olunur. Onlar daha çox qazlı içkilərə üstünlük verirlər. 30 yaşdan yuxarı şəxslərin fəaliyyətində fiziki aktivlik azlıq təşkil edir. Yuxu rejimi pozulur, telefon, kompüter qarşısında çox vaxt keçirirlər. Texnika önündə sərf etdikləri zaman ərzində şirniyyatlarla qidalanırlar. Kalorilərinə diqqət etmirlər. Müəyyən bir vaxtdan sonra oturaq həyat tərzi artıq çəkiyə səbəb olur. Əvvəl məsələnin ciddiyyətinə varmırlar. Lakin bir müddətdən sonra görürlər ki, çəki günbəgün artır. Beləliklə, metobolik sindrom yaranır. Maddələr mübadiləsinin pozulması nəticəsində qızlarda kişi tipli olmaqla çiyinlər böyüyür, bel hissələri genişlənir, ayaqlar nazik qalır. Kişilər də qadın formasını alır".

Ş.Yadigarova piylənmə probleminin həlli yolu olaraq tövsiyə verib:

"Qidalanmaya fikir vermək vacibdir. Yemək tipini seçərkən maariflənmək lazımdır. Bilgiləndirici verilişlər təşkil olunmalıdır. Məntiqi olaraq düzgün qidalanmamanın fəsadları izah edilməlidir. Bundan başqa, ailələlərə təlimlər keçirilməlidir ki, övladlarına yeməklərin fayda və ziyanından danışsınlar. Piylənmə oğlanlarda cinsi zəifliyə, qızlarda isə sonsuzluğa gətirib çıxara bilər".