Davam edir, monitorinq! – “İstehlaka yararsız məhsullar məhv edilir”

“Məhsulun üzərində istifadə müddəti yoxdursa, qəbul edilib insanların istehlakına verilməməlidir”

İstehlaka yararsız 14,5 ton müxtəlif növ süd məhsulu məhv edilib. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, “AZ FP CO LTD” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciəti əsasında, Agentlik əməkdaşları tərəfindən 74 adda, 14,5 ton müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Məsələ ilə bağlı "Sherg.az"a danışan qida məsələləri üzrə ekspert Elsever Fərzəliyev bildirib ki, vaxtı keçmiş qida məhsullarına tək Azərbaycanda deyil, bütün dünya sivilizasiyasında rast gəlmək mümkündür:

“Bu qanunla tənzimlənən bir amildir. Qida məhsulunun son istifadə müddəti keçdikdən sonra  istehlak olunması  qadağan edilir. Əsasən də insan orqanizimində çoxsaylı fəsadların əmələ gəlməsini şərtləndirdiyindən məsələyə kəskin nəzarət həyata keçirilir. Aparılan monitorinqlər nəticəsində aşkarlanan uyğunsuz məhsulların istehlakdan çıxarılması müsbət qarşılanır. Adıçəkilən təşkilatların bu mövzuda diqqətli olmaları müsbət rəy formalaşdırır".

Ekspert hesab edir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi mütəmadi olaraq  tədbirlər həyata keçirir:

“Hazırda bu, daha qlobal məsələdir.  AQTA- nın o qədər çox sayda əməkdaşı yoxdur ki, gün ərzində növbədə dursun və  proseslərin baş verməsinə nəzarət etsin. 

Təşkilatların fəaliyyətindən düşüncə və müəyyən tədbirlər görmələrindən asılı bir vəziyyətdir. Şirkət nümayəndələri bu halların baş verməsini aradan qaldırmalıdırlar. 

Bütün qida məhsularının istifadə müddəti istehlakçı müəssisələr tərəfindən müəyyənləşdirilir. Məhsulun üzərində istifadə müddəti yoxdursa, qəbul edilib insanların istehlakına verilməməlidir”.

Şərqiyyə NƏBİ