Qriplə bağlı xəbərdarlıq

Müalicənin 24 saatı bitənə qədər gözləmək lazımdır



  El arasında qısaca qrip adıyla tanınan, respirator xəstəliklər (yuxarı-tənəffüs yollarının iltihabı xəstəliyi) geniş yayıldığından tibb mütəxəssisləri əhaliyə ciddi xəbərdarlıq edib. “Şərq” “NTV,com.tr”yə istinadən bildirir ki, Türkiyə Səhiyyə Nazirliyi uşaqlar və böyüklər arasında yayılan Strep-A bakteriyasının səbəb olduğu yoluxucu xəstəliklə bağlı əhaliyə müraciət edib. Müraciətdə qeyd edilir ki, xəstələr antibiotik müalicəsi qəbul edirsə, müalicənin 24 saatı tamamlanana qədər gözləməli, bu vaxt ərzində işə, ictimai yerlərə getməməli, müalicə alan uşaqları da məktəbə göndərməməlidirlər. Çünki virus yoluxuculuq qabiliyyətini müalicə başlandıqdan 24 saat sonra itirməyə başlayır. Virusun əhali arasında geniş yayılmasının, yoluxanların sayının çoxalmasının əsas səbəbi insanların xəstə halda işə, uşaqlarınsa məktəbə getməsidir. Beləliklə, insanlar bir-birini yoluxdurur. 

  Müraciətdə xəstəliyin əlamətləri də qeyd edilib. “A qrupu beta-hemolitik streptokoklar” boğaz, burun və dəridə yaşayan bakteriyalar, əksər hallarda boğazda iltihab şəklində özünü göstərir, qızdırma, boğaz ağrısı, dəri tökülməsiylə müşayiət olunur. Hazırda bu virusa qarşı peyvənd yoxdur. 

Strep-A o zaman kəskin ağırlaşmaya səbəb olur ki, ağ ciyərlərin toxumasına zərər verir. Xəstəlik anidən başlayır, boğaz ağrısıyla yanaşı, baş ağrıları, öskürək, burun axması, soyuqlama əlamətləri, limfa düyünlərində böyümə, halsızlıq, mədə bulanması, qarın ağırısıyla da davam edir. Bu xəstəlikdə qabaqlayıcı tədbirlər önəmlidir. Antibiotik müalicəsi isə yalnız həkimin tövsiyəsi və göstərişi ilə aparılmalıdır. Uşaqlarda qızdırma və boğaz ağrısı varsa, hərarətsalıcı preparatlar qızdırmanı aşağı salmırsa, həkimə müraciət edilməlidir. 

Hərarəti 38 dərəcədən yuxarı olan 2 ayadək körpələr, həmçinin hərarəti 39-dan yuxarı olan 3 aydan böyük körpələr mütləq həkimə göstərilməlidir.