İftar yeməklərinin qiymətləri əlçatan olmalıdır



Bir sıra restoran və kafelərimiz bu ayı fürsət kimi dəyərləndirməməlidir


  Ramazan ayında oruc tutanlar arasında iftarını evdə açanlarla yanaşı ailəsi, dost-tanışları ilə birgə müxtəlif restoran və kafelərə üz tutanlar da olur. Bakının bir çox restoranları müştərilərə müxtəlif qiymətdə iftar və imsak menyuları təklif edirlər. Bununla əlaqədar bir çox restoranlar oruc tutan vətəndaşlar üçün xüsusi Ramazan menyuları hazırlayıblar. Ancaq ötən illərlə müqayisədə iftar menyularında hədsiz bahalaşmanın da olduğu deyilir. Məsələn, elə restoranlar var ki, iki nəfərlik iftar süfrəsini 85-90 manata təklif edir. Ümumiyyətlə isə əksər ilahiyyatçılar Ramazanda bahalı, yersiz təmtəraqlı və göstərişli iftar süfrələrinin qurulmasına, restoranlarda təklif edilməsinə mənfi yanaşırlar. Bu kimi halların orucluğun mənəvi duyğusunu azaltdığını bildirirlər. 
Məsələni "Şərq"ə dəyərləndirən millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib ki, Ramazan xeyirxah əməllər və fəzilət ayıdır. Deputatın sözlərinə görə, hər kəs çalışmalıdır ki, Ramazan ayının hörmətini uca tutsun: "Bir sıra restoran və kafelərimiz bu ayı fürsət kimi dəyərləndirməməli, imsak və iftar yeməklərində qiymətləri qaldırmamalıdırlar. Restoran və kafelər insanların oruc ibadətinə meyilli olmasından sui-istifadə etməməlidir. İftar yeməkləri qiymətləri əlçatan olmalıdır. Həqiqətən də, bu gün iftar menyularını təhlil edərkən bəzi restoran və kafelərdə qiymətlərin bir neçə dəfə şişirdildiyini görürük. Eyni zamanda bir məsələni qeyd etmək istəyirəm ki, yüksək qiymətli, bahalı restoran və kafelərdə iftar mərasimləri təşkil etməkdənsə, ora sərf olunan pulu ehtiyac sahibi insanlara versələr, daha yaxşı olar. Restoranda 70-80 manata bir-iki şəxs yemək yeyirsə, həmin məbləğə onlarla insanı yedirtmək mümkündür. Yəni bahalı restoranda bir nəfərə ödənilən məbləğə 4-5 vətəndaşımızın yedizdirilməsi, yaxud vacib qidalarla təmin edilməsi daha məqsədəuyğundur. Burada iki məqam mütləq nəzərə alınmalıdır. Restoran və kafelərimiz Ramazan ayında ancaq daha çox pul qazanmaq yox, savab qazanmaq barədə də düşünməlidir. Digər yandan insanlarımız da bahalı və göstərişli iftar süfrələrinə meyl etməməlidir".