Stenokardiyalı xəstələrin nəzərinə!

Spirtli içkilərdən, tütündən və yağlı qidalardan uzaq durun

  “Stenokardiya ürəyin işemik xəstəliklərindəndir. Stenokardiya adətən, döş sümüyünün arxasında tutma şəkilli, sıxıcı, kəskin ağrı və narahatlıq hissi ilə, ağrının sol çənəaltı nahiyəyə, sol qola yayılması ilə müşayiət olunan xəstəlik halıdır”.

  Stenokardiyanın əlamətləri və yaranma səbəbləri ilə bağlı  “Sherg.az”a açıqlama verən ürək-damar cərrahı Ramil Əliyevin sözlərinə görə, ağrının yaranmasına səbəb ürəyi qidalandıran damarlarda qan dövranının pozulması və nəticədə oksigen çatışmazlığının baş verməsidir:

 “Emosional və fiziki gərginlik zamanı, ürək daha çox işlədiyi üçün, ürək damarlarının daralması səbəbindən ürəyə kifayət qədər qan getmir. Belə olan halda ürəyin hansısa kiçik bir hissəsinin kifayət qədər qan almaması səbəbindən, ürək nahiyəsində ağırlıq, sıxılma kimi narahatedici hissiyyatlar əmələ gəlir. Bu hissiyyatlar sonradan ağrı hissiyyatı ilə də əvəz oluna bilərlər. Bu xəstəlik stenokardiya adlanır. Bu hal uzun müddət ərzində, saatlarla davam edərsə, müəyyən bir sahədə ürək əzələsinin (miokardın) məhv olmasına (infarktına) səbəb ola bilər. Stenokardiya tutması bir çox hallarda ateroskleroz, koronar damar xəstəlikləri, fiziki və emosional gərginlik səbəbi ilə və ya idiopatik olaraq baş verir. Stenokardiyalı xəstələrin nəzərinə! Xəstəliyin proqnozunu yaxşılaşdırmaq, miokard infarktı və ölümün qarşısını almaq, simptomları azaltmaq və ya tam aradan qaldırmaq üçün stenokardiyalı xəstə bunlara əməl etməlidir. Spirtli içkilərdən və tütün çəkmədən imtina etməli, yağlı qidalar qəbul etməməlidir. Əsəb gərginliyindən uzaq olmalı, qan təzyiqini daim nəzarətdə saxlamalıdır.  Qanda şəkəri olan xəstələr daim endokrinoloq nəzarətində olmalı, təmiz havada piyada gəzməli və nəhayət, bədən çəkisindən azad olmalıdır”.