Azərbaycanda yoqaya maraq birdən-birə niyə artıb?  - Yoqa bələdçisi  danışır

İnsan təkcə idman etmir, həm də ruhu təmizlənir


“Yoqa elminin pillələri müxtəlif xəstəlik və narahatlıq doğuran hissləri bədəndən təmizləyir...”


  Azərbaycanda gənc nəslin maraq göstərdiyi məşğuliyyətlərdən biri də yoqa dərsləridir. Artıq ölkəmizdə bu idman növünə maraq getdikcə artmağa başlayıb. Əksəriyyət üçün yoqa – müdrik qocanın lotos vəziyyətində oturub saatlarla meditasiya etməyi kimi, bəzilərinə isə idman növü kimi görünür. Amma yoqa termini hindistanlıların sanskrit dilindən gəlib və “ittifaq, birlik” deməkdir. Mənası isə “insanın şüurunun kainatla birliyi” deməkdir.
  Qeyd edək ki, Hindistanın Bakıdakı səfirliyi 2023-cü il Beynəlxalq Yoqa Gününü qeyd etmək üçün Azərbaycanın müxtəlif şəhərlərində silsilə yoqa tədbirləri təşkil edib. Bu tədbirlər fiziki və mənəvi sağlamlığı yaxşılaşdırmaq, harmoniya və birlik hissini aşılamaq, Hindistan və Azərbaycan arasında mədəni əlaqələri daha da möhkəmləndirmək məqsədini daşıyır.
  Hindistan səfirliyi bu tədbirləri Azərbaycanın müxtəlif mənzərəli yerlərində, o cümlədən Respublika Velodromu, Bakı Bulvarı, Qobustan, Atəşgah, Şamaxı, Yanardağ, Qəbələ, "Şabran" İstirahət Kompleksi, İçərişəhər və Heydər Əliyev Mərkəzinin parkında keçirib.
  İştirakçılar "The Art of Living Azerbaijan", "Yoga Shahi Studio" və Azərbaycan Klassik Yoqa Məktəbini təmsil edən təcrübəli təlimatçıların rəhbərlik etdiyi yoqa seanslarında iştirak edib. Məlumat üçün bildirək ki,  21 iyun tarixi Hindistanın təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının yekdil qərarı ilə 2015-ci ildən etibarən qlobal səviyyədə Beynəlxalq Yoqa Günü kimi tanınıb. 21 iyun həmçinin şimal yarımkürəsində ilin ən uzun günüdür və dünyanın bir çox yerində xüsusi əhəmiyyətə malikdir. Kökləri hind fəlsəfəsinə dayanan qədim yoqa təcrübəsi sağlamlığa vahid yanaşmanı təmin edir. Elmi cəhətdən sübut edilib ki, yoqa insan bədəninin çevikliyini artırır, gərginliyi azaldır, zehni aydınlığı və fiziki hazırlığı yüksəldir. Yoqanın həmçinin immuniteti gücləndirdiyi, konsentrasiyanı artırdığı və daxili sülhü yaratdığı məlumdur.
  Yoqa insan ruhunu gözəlləşdirməyə kömək edir. Yoqa praktikasının Hindistanda 2500 ildən çox olduğu bildirilir. Qərbə isə yüz ilə yaxındır gəlib və getdikcə də populyarlaşır. Bəziləri üçün bu idman növü, digərləri üçünsə mənəvi təlimdir. Yoqadan faydalanmaq üçün elastik bir insan olmanız lazım deyil. Bu üsul yalnız əzələlərinizi işlətməklə bərabər beyni meditasiya üçün hazırlayır.
  Yoqanın daha bir gözəlliyi ondan ibarətdir ki, insanın bacarıq səviyyəsində başlamasına imkan verir. Bu məşqdə hər duruşu öz sürətinizə görə nizamlamaq olur. Bu mövzu ilə əlaqədar məlumatlarda o da bildirilir ki, yoqada əhəmiyyətli prosedurlardan biri diafraqmadan istifadə edərək dərin nəfəs almaqdır. 
  Mütəxəssislərin fikrincə, müasir şəhər həyatının intensivliyi, sıx iş tempi və sosial həyatdakı stress kimi faktorlar fiziki və zehni yorğunluğa səbəb olur. Bu intensivlikdən bir müddət uzaqlaşmaq üçün yoqa təsirli bir üsul olaraq önə çıxır. Yoqa beş min illik tarixə malik bir növ ağıl meditasiyası olaraq təyin edilir. Yoqa müntəzəm olaraq tətbiq edildikdə və həyatın bir hissəsi kimi qəbul edildikdə, bu, insanı sülhə gətirir. Asana adlanan duruşlar və Pranayama adlı nəfəs məşqləri fiziki olaraq rahatlamağa imkan verir. Yoqa hərəkətləri ilə bədəndə tarazlıq qazanır. Yoqada əhəmiyyətli bir mövzu olan nəfəs nəzarəti sağlamlıq baxımından müsbət nəticələr verir. Sosial cəhətdən pozitiv olmaq həyat keyfiyyətinizə təsir edir. Bundan əlavə, yoqanın mənəvi faydaları da var.

  Yoqa bələdçisi Vəfa Əsgərova isə Sherg.az-a açıqlamasında deyib ki, yoqa insanın fiziki sağlamlığına kömək etdiyi kimi, həmçinin insanın mənəvi cəhətdən inkişafına, mənfi enerjini dəf etməsinə, daha gümrah olmasına, problemlərlə rahat mübarizə aparmasına, sağlam fikirlərin təməlinin formalaşmasına kömək edir: 

“Azərbaycanda yoqaya diqqətin artması sevindirici haldır. İndi ölkəmizdə yoqa ilə məşğul olan zallar mövcuddur, həmçinin sərbəst şəkildə də yoqa ilə məşğul olan şəxslər sürətlə artır. Evdar xanımlar, gənclər, hətta uşaqların belə yoqaya marağının artması çox gözəl hal hesab olunur. Bu zaman insan təkcə idman etmiş sayılmır, həm də ruhun təmizlənmə prosesini də həyata keçirir. Yoqa edərkən hər kəs elədiyi və eləmədiyi, düşündüyü və düşünmədiyi şeylərlə özünü rəsm edir və gələcək karmasını formalaşdırır. Düşüncə, söz, əməl - heç biri itmir, hamısı bizi və gələcəyimizi müəyyən edir”.
  
Bələdçinin sözlərinə görə, yoqa zamanı əhəmiyyətli məsələlərdən biri düzgün şəkildə nəfəs alıb-vermək, alınan nəfəsi ciyərlərimizdə hiss etməkdir. Bu proses təkcə mənəvi cəhətdən deyil, həm də bədənin düzgün şəkildə inkişafına, fiziki cəhətdən rahatlanmasına kömək edir: 

“Yoqa yalnız burun vasitəsilə nəfəs alır. Başlayanlar üçün yenidən qurulmaq çətindir, amma bu, bütün praktikanın vacib bir hissəsidir. Yoqa həmişə təbiətlə əlaqələnir, bunda onun gizli cazibəsi var.
  Yoqa ilə məşğul olunan zaman dünya ilə əlaqələr kəsilir və ancaq öz dünyasında fəaliyyət göstərilir. Zehnin dərinliklərində narahat edən, düşündürən problemlərdən uzaqlaşılır. Beyin təmizləndiyi üçün neqativ enerjilərdən uzaqlaşılır. İçi rahat, sakitləşmiş beyinlə artıq daha düzgün baxış bucağından baxır, əsəbiləşib neqativ enerjilərlə yüklənmək əvəzinə sakitliyini qoruyub çıxış variantları axtarmağa çalışır. Onu deyim ki, yoqa praktikasının keyfiyyəti qədər əynimizdəki paltar da bu keyfiyyətə təsir edir. Çox gen və çox dar da olmamalıdır. Hərəkətlərdə məhdudiyyət yaratmamalıdır”.

  V.Əsgərova deyib ki, yoqa praktikası o qədər hərtərəfli praktikadır ki, sağlamlığı, gözəlliyi, gücü, zəkanı, imanı və daha nələri elmi ilə əhatə edir: 

“Yoqa elminin pillələri müxtəlif xəstəlik və narahatlıq doğuran hissləri bədəndən təmizləyir. İmmuniteti də gücləndirir.  Yəni yoqa məşqi orqanizm üçün süni stress yaradır və bununla işləməyi də praktika içərisində görsədir. Nəticədə daha güclü, daha dayanıqlı və sağlam bir orqanizmə sahib olmaq mümkündür. 
  Bəzi məşqləri böyrək fəaliyyətini stimulyasiya edir və onurğanı möhkəmləndirir. Hətta skolioz xəstələri üçün yoqa praktikasında olan başıaşağı asılanalar xüsusi yer tutur. Nəfəs praktikası simpatik sinir sistemini aktivləşdirir.
  Bir sözlə, yoqa məşqləri özümüzə verə biləcəyimiz ən gözəl hədiyyədir. Tibdə çarəsi olmayan xəstəlikləri belə üzə çıxmağa qoymur, bütün bədən üçün sağlamlaşdırıcı, gözəlləşdirən və təmizləyici rol oynayır”.