İnfarkt və insult riskini artıran amillər...

Qanda yüksək xolesterol səviyyəsi sağlamlığa ziyandır

“Xolesterol orqanizm tərəfindən sintez olunan təbii maddədir. Qandakı xolesterolun çoxu – dəqiq desək 75 faiz qaraciyərimizdə hazırlanır, qalan 25 faizi isə qəbul etdiyimiz qidalarla orqanizmə daxil olur”. 

Bu sözləri  “Sherg.az”a açıqlamasında ürək-damar cərrahı Ramil Əliyev deyib. 

Onun sözlərinə görə, qanda yüksək xolesterol səviyyəsi sağlamlığa ziyandır. Amma ümumilikdə xolesterol hüceyrə membranlarında və hormon sintezində çox vacib rol oynayır:

 “Yaşlı insanların hər 3 nəfərindən 1-ində yüksək xolesterol səviyyəsi aşkarlanır. Əksər hallarda yüksək xolesterol zamanı heç bir simptomlar olmur, amma xolesterol qan damarlarında toplanaraq ateroskleroza, yəni damarların sərtləşməsi və daralmasına səbəb ola bilər. Qan dövranının çətinləşməsi və zəifləməsi isə infarkt və insult riskini artırır. Ona görə də 20 yaşından sonra hər 4-6 ildən bir, heç olmasa, qanda xolesterol skrininqi aparılmalıdır. 
Triqliseridlərin yüksək olmasının risk faktorlarına şəkərli diabet, artıq çəki və siqarətçəkmə  aiddir. 30 faiz insanlarda qida tərkibindəki xolesterol qandakı səviyyəyə çox güclü təsir edir. Belə insanlar bir az yağlı qida qəbul edən kimi, xolesterol səviyyəsi artır. Həmçinin genetik meyillilik də xolesterol səviyyəsində rol oynayır. İnsan yaşlandıqca ateroskleroz riski də artır”.