Pediatrdan MƏSLƏHƏT: "Yay aylarında..."

Daha çox yerli məhsullara üstünlük vermək lazımdır

Xarici ölkələrdən gətirilən meyvələr genetikamıza uyğun olmadığı üçün çox qəbul edilməsi məqsədəuyğun deyil

 

  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev nazirliyin rəsmi  “İnstagram” səhifəsində canlı yayımda yay aylarında uşaqların qidalanması ilə bağlı danışıb. Onun sözlərinə görə, yay mövsümündə bəzi qidaların, xüsusilə də “fast food”, kremli qidalar, göbələk məhsullarının saxlanma şəraitinə ciddi fikir verilməlidir. Bu qidaları uşaqlara vermək olmaz: “Yay aylarında qidaların hansı şərait və qaydada saxlanmasına diqqət etmək lazımdır. Hər zaman bildiririk ki, artıq yemək qəbulu orqanizm üçün zərərlidir. Yay aylarında havaların isti keçməsi səbəbindən iştahsızlığın olması normaldır. Ona görə də yüngül həzm edilən qidalara üstünlük verilməlidir ki, bura qatıq, ayran, tərəvəz və züllallı qidalar daxildir. Yay mövsümündə çəki itkisinin olması da təbiidir. Patoloji çəki itkisi hər hansı xəstəliyin göstəricisi demək deyil. Bu, sadəcə mövsümlə əlaqəlidir. Uşaqlara əlavə iştah artırıcı və ya vitamin verməyə ehtiyac yoxdur”.

  Mütəxəssis xatırladıb ki, körpələr ilk 6 ayında heç bir əlavə qida olmadan ana südü ilə qidalanmalıdır: “Bəzən valideynlər 6-7 aydan başlayaraq uşağına ət verməyə tələsirlər. Nəzərə almaq lazımdır ki, həmin dövrdə körpənin həzm sistemi buna imkan vermir. Uşağın inkişafının sürətli getdiyi dövrdə şirniyyatlardan istifadə edilməsin”.
  Pediatr həmçinin təbii üsulla hazırlanan dondurmaların uşaqlar üçün zərərli olmadığını deyib: “Bəzən maye hissəsi çox olan dondurmanı buz kimi qəbul edirik. Buzlu dondurmalar isə boğaza zərər verərək öskürməyə səbəb ola bilər. Belə olanda bəzi bakteriyaların inkişaf etməsinə münbit şərait yaranmış olur. Avropa ölkələrində 2-3 yaşından dondurma yeməyə başlayırlar. Orqanizmin də buna qarşı immuniteti varsa, problem olmur. Ümumilikdə isə soyuq və qazlı su içkiləri uşaqlara qəti tövsiyə olunmur. Yay mövsümündə tərləmə çox olduğundan və su itkisi səbəbindən maye qəbulu məsləhətdir”.
  Ə.Quliyev yerli meyvələrə üstünlük verməyi  tövsiyə edib. 
Həkimin sözlərinə görə, xarici ölkələrdən gətirilən meyvələr genetikamıza uyğun olmadığı üçün çox qəbul edilməsi  məqsədəuyğun deyil:  “Məsələn, avokado, manqo kimi meyvələr bizim genetikamıza uyğun deyil. Buna görə bu məhsullardan çox qəbul etmək tövsiyə edilmir. Daha çox yerli və mövsümi meyvələrə üstünlük vermək lazımdır”.