İlin hər bir fəslinə uyğun qidalanma rejimi olmalıdır

Sadəcə uşaqlar deyil, böyüklər də yay aylarında yedikləri qidaya xüsusi diqqət etməlidir

  
Uşaqların sağlam qidalanması olduqca geniş və dərin mövzudur. Xüsusən də, yay aylarında uşaqların qida rasionuna ciddi diqqət edilməlidir. Mütəxəssislərin fikrincə, qidalanmanın təməli ana bətnindən qoyulur. Buna isə yalnız hamilə qadının sağlam qidalanması təminat verə bilər. Hamilə qadınlar qida rasionundan spirtli və energetik, qazlı və tonuslandırıcı içkiləri çıxarmalıdırlar. Konservləşdirilmiş və hisə verilmiş qidalar, o cümlədən fastfudlar qəbul edilməməli, şirniyyatlardan az istifadə olunmalıdır. Şoraba, konfet və yağlı qidalar rasiona daxil edilməməlidir.
  Dünyaya gəldikdən sonra isə körpələrin ən azı 6 ayadək ana südü ilə qidalanması çox mühüm əhəmiyyət kəsb edir.
  Hərtərəfli inkişaf üçün, xüsusən də mədə-bağırsaq sisteminin tədricən ağızdan qəbul edilən qidaya öyrəşməsi, immun sisteminin normal fəaliyyəti, ana-uşaq əlaqələrinin yaranması və s. üçün ana südü ilə qidalandırma çox vacibdir.
  6 aydan sonra əlavə qidaya keçən uşaqların qida menyusu isə vitamin və minerallarla zəngin olmalı, hətta günlük qida menyusu zülal, liflər, sağlam karbohidratlardan təşkil olunmaldır.
  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyevin sözlərinə görə, yay mövsümündə bəzi qidaların, xüsusilə də “fast food”, kremli qidalar, göbələk məhsullarının saxlanma şəraitinə ciddi fikir verilməlidir. Bu qidaları uşaqlara vermək olmaz: “Yay aylarında qidaların hansı şərait və qaydada saxlanmasına diqqət etmək lazımdır. Hər zaman bildiririk ki, artıq yemək qəbulu orqanizm üçün zərərlidir. Yay aylarında havaların isti keçməsi səbəbindən iştahsızlığın olması normaldır. Ona görə də yüngül həzm edilən qidalara üstünlük verilməlidir ki, bura qatıq, ayran, tərəvəz və züllallı qidalar daxildir. Yay mövsümündə çəki itkisinin olması da təbiidir. Patoloji çəki itkisi hər hansı xəstəliyin göstəricisi demək deyil. Bu, sadəcə mövsümlə əlaqəlidir. Uşaqlara əlavə iştahartırıcı və ya vitamin verməyə ehtiyac yoxdur”.
  Mütəxəssis xatırladıb ki, körpələr ilk 6 ayında heç bir əlavə qida olmadan ana südü ilə qidalanmalıdır: “Bəzən valideynlər 6-7 aydan başlayaraq uşağına ət verməyə tələsirlər. Nəzərə almaq lazımdır ki, həmin dövrdə körpənin həzm sistemi buna imkan vermir. Uşağın inkişafının sürətli getdiyi dövrdə şirniyyatlardan istifadə edilməsin”.
  Pediatr həmçinin təbii üsulla hazırlanan dondurmaların uşaqlar üçün zərərli olmadığını deyib: “Bəzən maye hissəsi çox olan dondurmanı buz kimi qəbul edirik. Buzlu dondurmalar isə boğaza zərər verərək öskürməyə səbəb ola bilər. Belə olanda bəzi bakteriyaların inkişaf etməsinə münbit şərait yaranmış olur. Avropa ölkələrində 2-3 yaşından dondurma yeməyə başlayırlar. Orqanizmin də buna qarşı immuniteti varsa, problem olmur. Ümumilikdə isə soyuq və qazlı su içkiləri uşaqlara qəti tövsiyə olunmur. Yay mövsümündə tərləmə çox olduğundan və su itkisi səbəbindən maye qəbulu məsləhətdir”.
  Ə.Quliyev yerli meyvələrə üstünlük verməyi tövsiyə edib.
Həkimin sözlərinə görə, xarici ölkələrdən gətirilən meyvələr genetikamıza uyğun olmadığı üçün çox qəbul edilməsi məqsədəuyğun deyil: “Məsələn, avokado, manqo kimi meyvələr bizim genetikamıza uyğun deyil. Buna görə bu məhsullardan çox qəbul etmək tövsiyə edilmir. Daha çox yerli və mövsümi meyvələrə üstünlük vermək lazımdır”.
  Dietoloq Nərgiz Nəzirova isə hesab edir ki, sadəcə uşaqlar deyil, böyüklər də yay aylarında qidalanma rejiminə və yedikləri qidaya xüsusi diqqət etməlidir.
  Onun sözlərinə görə, ilin hər bir fəslinə uyğun qidalanma rejimi olmalıdır. Məsələn, qış aylarında isti yeməklərə, ət xörəklərinə, payızda vitaminli qidalara üstünlük verilir. Yay aylarında isə havaların isti olduğuna görə orqanizmin suya olan ehtiyacı artır. Yay aylarında qidalanmadan söhbət düşdükdə ilk növbədə orqanizmin su ehtiyacının ödənməsi lazımdır. Bunun üçün gün ərzində ən azı 2 litr su qəbul etməli və bol meyvə-tərəvəzdən istifadə olunmalıdır: “Yayın hədsiz istilərində qan qatılaşır. Buna görə də isti havalarda maye qəbulunu artırmaq, maye tərkibli qidalara üstünlük vermək lazımdır. Yay mövsümü vitaminli meyvələri ilə qarşıda bizi gözləyən qışa qədər immunitetimizi gücləndirmək üçün ideal zamandır. Gündəlik rasionumuzu meyvə və giləmeyvələrlə nə qədər zənginləşdirsək, bir o qədər faydalıdır.
  Qızartma yerinə qaynatma, öz suyunda və ya az suda bişirmə kimi sağlam üsullar seçilməlidir. Ət yeməklərini şam yeməyinə saxlamaq tövsiyə edilir.
  Rasionun kalori miqdarını azaltmaq, qidalanma saatını qabağa çəkmək lazımdır.
  Yay aylarında insanlar çox tərlədiyinə görə orqanizmdən tərlə birlikdə soda, kalium və digər minerallar da xaric olunur. Bu mineralların orqanizmdən xaric olunması isə öz növbəsində halsızlığa, nəbzin zəifləməsinə, yorğunluğa və hərəkət azlığına səbəb ola bilir.
  Orqanizmdən xaric olan sodanı gündəlik duzlu ayrandan istifadə etməklə bərpa etmək olar. Kalium itkisini bərpa etmək üçün isə bolluca meyvə və tərəvəz yemək lazımdır.
  Yay aylarında susuzluğu bərpa etmək üçün qazlı içkilərdən uzaq durmaq lazımdır. Qazlı suların əvəzinə limonad, ayran, sərin şərbətlər, soyuq süd, təzə çəkilmiş meyvə şirələri və ya bitki çayları içilərsə daha faydalı olar.
  Yay aylarında zəhərlənmələrdən və ishaldan qorunmaq üçün vaxtından əvvəl yetişmiş bostan bitkilərinin yeyilməsi, tağdan və ya ağacdan dərilən meyvə-tərəvəzlərin yuyulmamış yeyilməsi məsləhət görülmür.
  Yay aylarında xəmir xörəkləri yemək olmaz. Çünki yayda xəmir xörəyi yemək insanda halsızlığa və yorğunluğa səbəb ola bilir. Plov və makaron məmulatlarından da yay aylarında az istifadə etmək lazımdır. Unutmaq lazım deyil ki, sağlam qidalanma sağlam həyat tərzi deməkdir”.