Yağışdan sonra yüksələn temperatur insanları infarkt edir - Ekoloq

Dünya “od tutub yanır”

Qlobal istiləşmənin fəsadları çox ağır olur

“Qlobal istiləşmənin hansı həddə yüksələcəyi və nə zamana kimi davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil”
  
Yayın əvvəlindən əksər ölkələrdə müşahidə edilən şiddətli istilər getdikcə daha intensiv xarakter alır.

  Temperatur artımı yalnız iqlim böhranına səbəb olmur, eyni zamanda kənd təsərrüfatından tutmuş insan sağlamlığına qədər bir çox sahələrə mənfi təsir göstərir.
  Bu hal atmosferdə, okeanlarda və buz örtüyündə özünü aşkar şəkildə göstərir. İstiləşmə bitki örtüyünün zəifləməsi, yağışların artmasına və buzlaqların əriməsinə səbəb olur. Dünya oksigeninin 80 faizini istehsal edən okeanlar da təhlükə altındadır.
  Hava temperaturunun kəskin artması Avropanın əksər ölkələrində ciddi fəsadlar törətməklə yanaşı, insan ölümünə də səbəb olub.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya əhalisinə bəyan edib ki, başgicəllənmə, zəiflik, güclü susuzluq və ya baş ağrısı hiss etdikdə dərhal yardım almaq üçün müraciət etsinlər.
  "Nature" elmi jurnalında bu yaxınlarda dərc edilmiş məlumatlara görə, ötən il Avropada 60 mindən çox insan ekstremal isti səbəbindən həyatını itirib. Bu rəqəm əvvəlcədən proqnozlaşdırılan göstəricidən üç dəfə çoxdur. Planetimizin istiləşməyə davam etdiyinə görə, bu rəqəm ildən-ilə artacaq.
  
ÜST-nin Avropa Regional Bürosunun direktoru Xans Klyuge xəbərdarlıq edib ki, ekstremal istilik dalğaları bəşəriyyətin iqlim dəyişməsi ilə mübarizədə təcili tədbirlər görməyə borclu olduğuna daha bir sübutdur. Eyni zamanda yüksək temperatur təsiri altına düşən regionun hər bir sakini sağlamlıq üçün ən ciddi fəsadların qarşısını almaq üçün özü və yaxınlarına qayğı göstərməlidir.
ÜST əhaliyə mütəmadi olaraq hava proqnozunu izləməyi tövsiyə edir.
  X.Klyuge xatırladıb ki, günün ən isti vaxtında sərin su əlçatan olmalıdır, insanlar küçəyə çıxmamağa və gərgin fəaliyyətlə məşğul olmamağa, kölgədə qalmağa və uşaqları və ya heyvanları park edilmiş nəqliyyat vasitələrində qoymamağa çalışmalıdırlar. "Evinizi sərinlətmək üçün gecə vaxtı pəncərələri açın, gün ərzində qapalı yerlərdə jalüzdən istifadə edərək və havanın istilənməsinə səbəb olan mümkün qədər çox sayda elektrik cihazları söndürərək, istilik yükünü azaldın. Susuzlaşdırmanın qarşısını almaq üçün kifayət qədər maye qəbul etmək olduqca vacibdir. Ekspertlər, həmçinin yüngül və geniş paltar geyinməyi, uyğun yataq dəstlərindən istifadə etməyi, imkan olduqda mütəmadi olaraq sərin duş və ya vanna qəbul etməyi, eləcə də şirin və spirtli içkilərdən və ya kofein tərkibli içkilərdən çəkinməyi tövsiyə edirlər”.
  Ağrılı əzələ spazmalar yarandıqda, mütəxəssislər dərhal sərin bir yerə keçməyi və tərkibində elektrolitlər olan oral rehidratasiya məhlulu içməyi məsləhət görürlər. İstilik qıcları bir saatdan çox davam edərsə, kömək istəməyiniz tövsiyə olunur. Qeyri-adi simptomlar hiss edirsinizsə və ya simptomlar davam edərsə, həkimlə məsləhətləşin. İnsanın dərisi isti və qurudursa, o sayıqlayırsa, qıcolma keçirirsə və ya huşu özündə deyilsə, dərhal həkim və ya təcili yardım çağırılmalıdır.
 
 Ekoloq Telman Zeynalov isə “Sherg.az”a açıqlamasında qlobal istiləşmənin fəsadlarının çox ağır olduğunu deyib: “Dünən gecə necə yağış yağırdı, səhər açılan kimi isə temperatur 38 dərəcəyə yüksəldi. Bax, elə bu özü də qlobal istiləşmənin bir fəsadıdır. Yağışdan sonra yüksələn temperatur insanları infarkt edir. Ona görə də tez-tez xəbərdarlıq edilir ki, yağışdan sonra günəş altına çıxmaq olmaz”.
Ekoloqun sözlərinə görə, qlobal istiləşmə Yer kürəsinin öz oxunu Günəşə doğru hərəkət etdirməsidir. Bu səbəbdən də Planetin şimal qütbündə temperaturun dərəcəsi həddindən artıq yüksəkdir. Cənub tərəfdə isə Sakit və Atlantik Okeanlarının suyu qızdıqca buxarlanır, yağışı da Şimal qütbünə göndərir. Azərbaycan da Şimal qütbündə yerləşdiyi üçün leysan yağışlarının və dolunun miqdarı normadan artıq oldu.
  Qlobal istiləşmənin hansı həddə yüksələcəyi və nə zamana kimi davam edəcəyinə gəldikdə isə T.Zeynalov deyib ki, bunun həddini və konkret vaxtını proqnozlaşdırmaq mümkün deyil. Amma onu deyə bilərəm ki, 2023-cu ildən etibarən havalar soyumağa başlayacaq: “Yer kürəsi həm öz oxu, həm də Günəş ətrafında dövr edir və bu səbəbdən Yerdə fəsillər tsiklik olaraq təkrarlanır, isti və soyuq aylar bir-birini əvəz edirlər. Əvvəli və sonu görünməyən bu proses min illərdir davam edir. Böyük zaman çərçivəsində də belədir: buzlaşma və istiləşmə dövrləri zaman-zaman bir-birilərini əvəz edərək Yer kürəsi bugünkü vəziyyətə gəlib çatmışdı. Yer kürəsinin bir dəfə dövr edib öz yerinə qayıtması 120 min il çəkir. 50 faizi yəni, 60 min ili istiləşmə olur, geri qalan 50 faizində isə havalar yavaş-yavaş soyumağa başlayır. Bu zaman ərzində öz istiqamətini dəyişdirərək Günəşdən uzaq hərəkət edir.
  Qlobal istiləşmənin xüsusi silahla süni şəkildə yaradılması iddiasına gəldikdə isə ekoloq deyib ki, heç kəs süni iqlim formalaşdıra bilməz. İqlim dəyişikliyi, təbii fəlakətlərin silahlarla törədilməsi iddiaları cəfəngiyyatdır. Bu insanları təsir altında saxlamaq üçün yayılan xofdur. Bu bir faktdır ki, elm, texnologiya nə qədər inkişaf etsə də, insan təbiət şıltaqlıqları qarşısında hələ ki, acizdir.
  "Qlobal istiləşmə, yoxsa qlobal buzlaşma insanlar üçün daha təhlükəlidir" sualına gəldikdə isə ekoloq deyib ki, hər iki halın normadan kənara çıxması insanlar və ərtaf mühit üçün arzuedilməzdir. Yaxşı olar ki, insanlar həkimlərin, mütəxəssislərin xəbərdarlığına ciddi əməl etsin və təbiətin hər halına adaptasiya olmağa çalışsın.