Hamiləlik zamanı stresin uşağa təsiri  - Ginekoloq danışır...

Hamiləlik dövründə stress anaya, körpəyə mənfi təsir edir və erkən doğuma səbəb ola bilər. Buna görə də hamilə qadının yaxın ətrafı bu müddət ərzində onlara mənəvi dəstək olmalıdır.
ABŞ-ın Kaliforniya Universitetinin alimləri hamiləlik dövründə ananın məruz qaldığı çətinliklərin uşaqda faydalı bağırsaq mikroblarının sayını azaltdığını müşahidə ediblər. Bağırsaq insanın ikinci beyni adlandıran həkimlər yekdilliklə bu fikirdədirlər ki, zərərli və faydalı bağırsaq mikrobları istər immun sisteminə, istərsə də beyin fəaliyyətinə təsir göstərərək insanın emosional vəziyyətini dəyişə bilir. 
 Alimlərin fikrincə, bu hal ona görə baş verir ki, körpənin bədəninə ilk bağırsaq mikrobu nümunəsi məhz ananın bədənindən keçir. Əgər ana stresə məruz qalırsa, bu zaman onun bədənində faydalı mikroblar zərərlilər ilə əvəzlənir və körpənin orqanizminə də bu mikroblar keçir. Kaliforniya Universitetinin professoru həkim Bridget Kallaqan qeyd edir ki, bu hal ana üçün müvəqqəti xarakter daşısa da, körpədə uzun illər müşahidə olunur.

Ginekoloq cərrah  Nuray Hacıyeva isə “Sherg.az"a açıqlamasında deyib ki,  hamiləlik dövründə  ananın güclü stress keçirməsi bətndəki uşağa öz mənfi təsirini göstərir. Belə ki əgər ana stressi ilk hamiləliyin 3 ayında keçiribsə uşaqda ya hər hansı bir anatomik orqan qüsuru olur, ya da döl tələf olur və hamiləlik başa çatır: 

"17 həftədən yuxarı hamiləliklərdə stress anada bəzi stress hormonlarının sintezinə səbəb olur. Bu hormonlar dölün ciftindən rahatlıqla keçə bilir və dölün sinir sisteminə mənfi təsir edir. Bu uşaqlarda gələcəkdə hiperaktivlik, yaddaşsızlıq, diqqətsizlik, əsəbilik, depressiya kimi duyğusal problemlər olur. Həttda araşdırmalar göstərmişdir ki anası hamiləykən çox güclü stress keçirən uşaqlarda böyüdükdə şizofreniya kimi ağır psixi xəstəliklər belə sıx - sıx yaranır.  Bundan başqa bu uşaqlarda bətndə cift qan dövranı zəifləyir nəticədə uşaq çəkisi az və zəif doğulur.
Hamiləliyin 30-cu həftəsindən sonra keçirilən stress isə çox vaxt vaxtından qabaq doğuşlarla nəticələnir.Buna görə hamilə qadın özünü stressdən qorumalıdır.Hamilə qadının yaxınları da bunu nəzərə alıb onu stressdən uzaq tutmalıdırlar.Əgər ciddi stress yaradan səbəb varsa psixoloqdan məsləhət almaq faydalıdır”.