İdmanla məşğul olmaq sonsuzluq yaradır? 

Ginekoloq, əksinə, bütün pasiyentlərinə idmanla məşğul olmalarını məsləhət görür
 
 İdmanla çox məşğul olan qadınların ana olmaq şansı aşağı düşür.

Britaniyalı alimlərin araşdırmasına görə, idmanla çox məşğul olan qadınların ana olmaq şansı idmanla xüsusi məşğul olmayanlara nisbətən üç dəfə aşağıdır. Yəni qadınlarda müntəzəm aktiv məşqlə, "uğurlu hamilə qalmaq üçün lazım olan enerji tükənir: “Fiziki aktivlik çox xeyirlidir, lakin qadınlar bu işdə hədd bilməlidirlər ki, onların reproduktiv funksiyası da təhlükəyə məruz qalmasın.
  Marafon qaçışçıları və üzgüçülər kimi ağır idman növləri ilə məşğul olan əksər qadında menstrual pozuntular və nəticə etibarı ilə sonsuzluq mövcuddur.
  Xüsusən də yetkinlik dövrünə yeni girmiş bədənin hədsiz idmanla yorulması və nizamsız qidalanma yumurtalıq keyfiyyətini pozaraq sonsuzluğa səbəb ola bilər.
  Çox və ağır şəkildə idman edən qızlar bir də nizamsız qidalanarsa, bu, qadınlıq hormonu olan esterogenin səviyyəsini azaldır və buna bağlı olaraq sümük əriməsi yaşanır. Yetkinliyə yeni girmiş həssas bədənin çox idmana məruz qalması əzələ yaralanmalarına və sümüklərdə travmaya bağlı olmadan öz-özünə yaranan qırıqlara səbəb olur. Bu hal müalicə edilməzsə, sonsuzluğa yol açır. Vitaminsizlikdən dolayı yumurtalıq keyfiyyəti pozulur. Gənc yaşdakı qızlar kökəldiklərində mensturasiyaları qaydaya düşür və sonsuzluq problemi yaşanmır”.
  

Cərrah mama-ginekoloq Günay Hüseynli isə “Sherg.az”a açıqlamasında deyib ki, ağır atletika və digər ağır idman növləri ilə məşğul olmağın qadının sağlamlığına ziyanı barədə təcrübə və ya heç bir elmi araşdırma yoxdur: 

"Əksinə, idmanla məşğul olan qadınlar bud-çanaq hissənin, qarın əzələlərinin möhkəm olması səbəbindən reproduksiya prosesini daha rahat və daha yüngül ağrılarla keçirə bilirlər. Bir qadının dünyaya uşaq gətirməsinə maneənin məhz idman olması barədə bir dənə də fakt yoxdur”.

  Tibb elmində ağırlıq qaldırmaq və ya digər idman növlərinin sonsuzluqla heç bir əlaqəsi olmadığını vurğulayan ginekoloq deyib ki, yaşlı və çoxuşaqlı qadınlarda ağır əşyaları qaldıranda uşaqlıq sallanması baş verir: “Bu xəstəliyin əsas səbəbi – çanaq dibi və aralıq əzələlərinin cırılması, həmçinin daxili orqanları saxlayan bağların zəifləməsi və dartılmasıdır. Ona görə də el arasında belə bir xof yayılıb ki, ağırlıq qaldırmaq, ağır idman növü ilə məşğul olmaq qadınların hamilə qalmasına problem yaradır. Düzdür, müəyyən zaman qadınlara ağır idman növləri ilə məşğul olmağı tövsiyə etmirik. Məsələn, əməliyyat olunan qadınlarda qarın divarı yırtığı əmələ gəlməsin deyə bir müddət idmandan uzaq durmağı tövsiyə edirik. Amma sonsuzluqla bunun heç bir əlaqəsi yoxdur. Əksinə, idman sağlamlıqdır və bütün pasiyentlərimizə idmanla məşğul olmalarını məsləhət görürük”.