Bunlar ürək-damar xəstəliyi riskini azaldır

Həkim insanlara yağlı, duzlu, qızardılmış qidalardan imtina etməyi tövsiyə edib

  “Ürək sağlamlığı həm də düzgün qidalanmadan asılıdır. Nizamlı olaraq sağlam qidalanma ürək-damar xəstəliyi riskini azaldır.

 Ürəyin sağlamlığını qorumaq üçün bunlara dəqqət edin”. Bu sözləri ürək- damar cərrahı Ramil Əliyev deyib.
  Həkim insanlara yağlı, duzlu, qızardılmış qidalardan imtina etməyi tövsiyə edib: “Daha çox balıq yeyin. Balıq ürəyin sağlamlığına çox müsbət təsir edir, fəaliyyətini yaxşılaşdırır. Məhz bu səbəbdən mətbəxi dəniz məhsulları ilə zəngin olan ölkələrdə ürək-damar sistemi xəstəlikləri daha az yayılıb”.
  Onun sözlərinə görə, qidalanmada duzun həcmini minimuma çatdırmaq lazımdır: “Duz damarların sağlamlığına mənfi təsir edir. Qidalanmaya kaliumla zəngin olan qidaları daxil etmək lazımdır. Kalium ürəyin normal fəaliyyəti üçün ən vacib minerallardan biridir. Kaliumla zəngin olan qidalar: üzüm, banan, brokkoli, sobada bişirilmiş kartof, sitrus meyvələri, kişmiş, ərik və ərik qurusu, xurma və s. Tövsiyə edirəm ki, insanlarımız un məmulatlarının və şirin qidaların qəbulunu mümkün qədər azaltsın. Marqarin, spred və s. kimi "yağları", fast-fud, dükanlarda satılan müxtəlif peçenye, vafli, hazır tortlar və s. kimi məhsulları da qidalanmadan çıxarsınlar.
  Siqaret və spirtli içkilərdən imtina edilməlidir. Hər iki pis vərdiş ürək-damar sistemi xəstəlikləri olan insanların həyatını qısaldır. Orqanizmin və o cümlədən ürəyin güclü intoksikasiyasına (zəhərlənmə) səbəb olur. Gündə 2 dəfə açıq havada gəzmək və səhhətiniz yol verirsə, yüngül bədən tərbiyəsi ilə məşğul olmaq lazımdır . Daha çox meyvə-tərəvəz yeməyə çalışın. Gündə ən azı 5 porsiya meyvə-tərəvəz yeməyə çalışın. Təmiz taxıl məhsulları qəbul edin. Yeməkləri otlar və ədviyyatlarla qəbul edin. Onlar yeməyin ləzzətini artırır, həm də duz ehtiyacını ödəyir”.