İsti havaların insan orqanizminə təsiri  - MƏSLƏHƏT

Yaşlı insanlar və xəstələr diqqətli olmalıdır

İnsanın orqanizmi üçün ən komfortlu temperatur 20-24°C sayılır

Kardioloqun sözlərinə görə, ürəyi zəif olanların isti havada uzaq yola, səyahətə çıxması arzu olunmur


  Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, ifrat istilər insanların sağlamlığı ilə bağlı əvvəllər mövcud olan vəziyyəti daha da pisləşdirir, xüsusən ürək-damar, diabet və astma xəstələrini narahat edir.
  ÜST son günlər üç qitədə milyonlarla insanın temperatur rekordları ilə bağlı davamlı təhlükəli istilərə məruz qaldığını qeyd edib. Təşkilatın rəhbəri Tedros Adhanom Qebreyesus deyib: "Həddindən artıq istilər yaşlı insanlar, körpələr və uşaqlar, yoxsullar və evsizlər də daxil olmaqla, həssas qruplara ən çox ziyan vurur. Bu həm də, səhiyyə sistemlərinə təzyiqi artırır. İfrat istiyə məruz qalma sağlamlığa mənfi təsir göstərir, əvvəllər də mövcud olan şərtləri ağırlaşdırır, vaxtından əvvəl ölüm və əlilliklə nəticələnir".
  ÜST-nin Baş direktoru əlavə edib ki, onun rəhbərlik etdiyi təşkilat səhiyyə sistemlərinin fəaliyyətini əlaqələndirmək və həddindən artıq istilərin sağlamlığa təsirlərini azaltmaq üçün isti hava fəaliyyət planlarının hazırlanmasında ölkələrə dəstək olmaq məqsədilə Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) ilə birgə işləyir.
  ÜST-nin ictimai səhiyyə və ətraf mühit üzrə rəhbəri Mariya Neyra xüsusilə hamilə qadınlar, diabet, ürək-damar və astma xəstələri üçün narahat olduğunu bildirib. O qeyd edib ki, havanın çirklənməsi fonunda isti havaların təsiri daha da ağırlaşır. Bu kontekstdə milli hökumətlər potensial risk altında olanların hamısını müəyyən etməli, xəstəxanalar isə fəaliyyət planı hazırlamalı, habelə şəhər meriyaları həssas sağlamlıq qrupuna daxil olan sakinlərə tibbi xidmət göstərəcək xüsusi sığınacaqlar açmalıdır.
Mütəxəssislər isti hava dalğalarını atmosferə istixana qazı karbon qazını buraxan qazıntı yanacaqlarının yandırılması ilə şərtlənən iqlim dəyişikliyi ilə əlaqələndirir. ÜST bəyan edib ki, gecələr təkrarlanan yüksək temperaturlar sağlamlıq üçün xüsusi təhlükə yaradır, çünki isti günlərdə orqanizm bərpa oluna bilmir, bu da daha çox infarkt və ölümlərə səbəb olur.
  Kardioloq Leyla  Əliyeva isə "Sherg.az"a açıqlamasında deyib ki, yüksək temperatur həm açıq havada, həm də binalarda insanların, ilk növbədə yaşlıların və uşaqların sağlamlığına mənfi təsir edir. İstilər həm insanlarda xroniki xəstəlikləri kəskinləşdirə bilər, həm də bir sıra hallarda orqanizmin kəskin qızmasına və insanların səhhətlərinin qəfil pisləşməsinə səbəb ola bilər.
  Həkimin sözlərinə görə, insanın orqanizmi üçün ən komfortlu temperatur 20-24°C sayılır. Temperatur artdıqda və xüsusilə də yüksək rəqəmlərə çatdıqda, bu, insan sağlamlığı üçün ciddi risk faktoru sayılır: “İsti hava xüsusilə ürək-damar sistemi üçün ziyanlıdır. İstidə damarlar genişlənir, ürək döyüntüsü artır, qan qatılaşır, damarlarda tromblar əmələ gələ bilir və bütün bunlar da ürək tutması, insult və infarktın riskini xeyli artırır. Yaşı 50-dən yuxarı olan insanlar, siqaret çəkənlər, artıq çəki və piylənmədən əziyyət çəkənlər, şəkərli diabet və ürək-damar sistemi xəstəlikləri olanlar, bu qrup insanlarda isti havada ürək problemlərinin riski daha yüksəkdir. İsti havada ürək tutması, insult və infarktın riski artır. Bunu nəzərə almaq və istidə ürəyi qorumaq üçün həkimlərin sadə tövsiyələrinə riayət etmək lazımdır.Ürək-damar çatışmazlığı olan xəstələrdə istiliyin tənzimlənməsi mexanizmləri pozulur. Sağlam insanlarda dərialtı damarların genişlənməsi və bədəndəki mayenin yenidən paylanması şəraitində orqanlarda qan axınının azalması, ürəyin susuzluq şəraitində daha sıx və daha tez işləməyə başlaması ilə kompensasiya edilir. Ürək xəstələrində isə ürək əzələlərinin daralma qabiliyyətinin azalması səbəbindən ürəyin imkanları məhdud olur. Əgər sağlam insanlar susuzluq problemini maye qəbul etməklə asanlıqla həll edirlərsə, ürək xəstələri üçün bu üsul keçərli deyil. Ürəyə həddindən artıq yük düşməsinin qarşısını almaq üçün belə xəstələrdə icazə verilən maye qəbulunun həcmi, bir qayda olaraq məhdudlaşdırılır. 
  Uzun müddət davam edən anomal istilik infarkt da daxil olmaqla xroniki xəstəliklərin dekompensasiyasına səbəb ola bilər”. 
  Kardioloqun sözlərinə görə,  isti havalarda ürəyi zəif olanların isti havada uzaq yola, səyahətə çıxması arzu olunmur. İsti havada alkoqol içib, ağır qidalar qəbul etmək olmaz. Xörəklər az yağ və duzla hazırlanmalı, çox və isti yeyilməməlidir. Daha çox meyvə-tərəvəz, yağı az olan süd məhsullarına üstünlük verilməlidir. 
  Yola çıxanda su, təzyiq əleyhinə dərman götürülməlidir. Metro və avtobusa yelpik və cib ventilyatoru ilə girmək lazımdır. Ürəyi zəif olanlar sıx, rezinli geyimlər, sintetik parçalar istifadə etməməlidir. Mütləq çətir və ya papaqla gəzməlidir”.