Hər 8 ölümdən birinə səbəb məhz hipertenziyadır

Həkimin sözlərinə görə, yüksək təzyiq ürək-damar xəstəliklərinin ən önəmli risk faktorlarındandır 


  Ölkə əhalisinin əksəriyyəti yüksək təzyiqdən əziyyət çəkir. Təkcə yaşlılar deyil, hətta gənclər arasında da tez-tez təzyiqinin qalxdığını deyənlər var. Mütəxəssislər isə hesab edir ki, stress, siqaret, spirtli içkilər, duzlu yeməklər, artıq çəki, doyunca yatmamaq və s. kimi problemlər yüksək təzyiqli insanların sayının artmasına səbəb olur. ÜST-nin məlumatına əsasən, dünya əhalisinin 25 faizə qədəri arterial hipertenziyadan (yüksək təzyiq) əziyyət çəkir.
  
Ürək-damar cərrahı Ramil Əliyev isə “Sherg.az”a açıqlamasında deyib ki, 
hipertenziya  ürəyin iş yükünü artırır və arteriyalara – ürəkdən oksigenlə təmizlənmiş qanı vücuda aparan damarlara ziyan verir. 

Ona görə də hipertenziyaları pasiyentlər təzyiqi daimi olaraq nəzarətdə saxlamalı, ehtiyac varsa, hipertenziv dərmanları daim qəbul etməlidir. Artıq çəki, çoxlu duz qəbulu, fiziki aktivliyin olmaması bu xəstəliyin yaranmasına gətirib çıxarır. 
  
Yüksək təzyiq isə öz növbəsində  damar tıxanıqlığına,  ürək əzələsinin qalınlaşmasına səbəb ola bilər.  
  
Həkimin sözlərinə görə, yüksək təzyiq ürək-damar xəstəliklərinin ən önəmli risk faktorlarındandır: “Təzyiq xəstələrinin 60 faizinin xəstəliyindən xəbəri  olmadığı üçün hər 8 ölümdən birinə  səbəb məhz hipertenziyadır. Boş yerə ona "səssiz qatil" demirlər. Uzun illər yüksək təzyiq ilə gəzən və müalicə almayan xəstələr bir də ayrılırlar ki, ya böyrək çatışmazlığından dializ alırlar, ya da infarkt, insult kimi ürək-damar problemlərinə məruz qalıblar”.
  
R.Əliyevin sözlərinə görə, təzyiqin yüksək olması kimi, aşağı olması da problemdir: “Aşağı təzyiq də  bir çox xəstəliklərin əlaməti ola bilər. Təzyiqin 90/60-dan az olması aşağı təzyiq kimi qiymətləndirilir. Təzyiqin aşağı olmasının səbəbləri sırasında hamiləlik, maye itkisi, ishal, bəzi dərmanların qəbulu, orqanizmdə olan bir sıra infeksiyalar göstərilir. Bir çox hallarda təzyiqin enməsi hiss edilməsə də, bu hala xarakterik xüsusiyyətlər kimi başgicəllənmə, yorğunluq, göz qaralması, ürəkbulanma, ayaqüstdə dayana bilməmək, iştahanın azalması, bayılma qeyd olunur.
  
Təzyiqin aşağı olması böyrəklərə, damarlara, ağciyərə və beyinə ciddi ziyan vura bilər. Yuxarı təzyiq kimi aşağı təzyiqin də ən çox zərər verdiyi həyati vacib orqanın böyrəklər olduğu vurğulanır. Ona görə də təzyiqin aşağı olduğu hallarda mütləq həkimə müraciət edilməlidir. Mütəxəssislər səbəbi tapandan sonra təzyiqi normallaşdırmaq üçün müalicələr təyin edilər. Bununla yanaşı, təzyiqi təbii yollarla, eləcə də bəzi qidalarla qaldırmağın mümkün olduğu bildirilir.
  
Bu sırada ilk olaraq bal gəlir. Göyərtilərdən isə reyhanın belə bir özəlliyinin olduğu deyilir. Reyhanı qaynadıb suyunu bal ilə qarışdıraraq gündə bir stəkan içəndə effektinin tez bir zamanda özünü göstərdiyi bildirilir.
  Bundan başqa, təzyqinin aşağı olduğu hallarda bol su içmək, kişmiş, acqarına 5-6 ədəd badam yemək, yatanda başın nisbətən yüksəkdə qoyulması, qəfil qalxma, enmə hərəkətlərindən yayınmaq tövsiyə olunur”.
  
Kardioloq Ləman Hüseynova isə  deyib ki, yüksək təzyiq ürək, böyrək və  beyin kimi orqanlarımıza ciddi ziyan vurur: “Bəzən insanlar sual verir ki, “həkim, təzyiqim yüksəkdir, amma heç bir şikayətim yoxdur. Özümü tam normal hiss edirəm. Mən lazımsız yerə niyə dərman içim?”.
  
Halbuki xəstəliyin səssiz irəliləmə müddəti bitdikdən, yəni yüksək təzyiq əlamətlərini hiss etdikdən sonra onu aradan qaldırmaq bəzən mümkün olmaya bilir. Elə bu səbəbdən də heç bir ağrı və ya narahatlıq verməsə belə yüksək təzyiq mütləq müalicə olunmalıdır. 
  
Hipertoniya arterial təzyiqin 140/90 mm civə sütunundan  yüksək olması deməkdir. Arterial təzyiqi yaradan əsas  səbəblər piylənmə, stress, genetik faktor, böyrək xəstəlikləri, ürək və tiroid vəzi xəstəlikləridir. Xəstəliyin müalicəsi üçün də mütləq problemin kökü araşdırılmalı və aradan qaldırılmalıdır. Eyni zamanda xəstənin həyat tərzi də dəyişməlidir. Gün ərzində ən azı 30 dəqiqə piyada gəzməli, artıq çəkidən azad olmalı və duz istifadəsini azaltmalıdır. Hipertoniya xəstələri mütəmadi olaraq həkim nəzarətində olmalı və həkimin təyin etdiyi müvafiq dərman preparatlarını qəbul etməlidir. Təəssüf ki, bu dərmanları uzun müddət, bəzən də ömürlük içmək lazımdır. Bu da xəstələr üçün arzuolunan hal olmadığından həkim məsləhəti olmadan dərman qəbulunu dayandırırlar. Bu isə həm müalicənin effektini azaldır, həm də xəstələrin həyatını ciddi risk altına alır”. 
Şəymən