Körpələr ilk 6 ay ana südü ilə qidalanmalıdır  - Pediatr

Bu, uşaq və analarda xroniki xəstəliklərin qarşısını alır və səhiyyə xərclərini azaldır


  Avqustun 1-dən 7-dək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə Ümumdünya Ana südü ilə Qidalanma Həftəsi keçirilir.
Onun təsis edilməsi 1990-cı ildə ÜST və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən ana südü ilə qidalanmanın qorunması, təşviqi və dəstəklənməsinə yönəlmiş İnnoçeti Bəyannaməsinin qəbul edilməsi ilə əlaqədardır.
  Hazırda dünyanın 170-dən çox ölkəsində Ümumdünya Ana Südü Həftəsi qeyd olunur. Onun məqsədi qadınları ana südü ilə qidalandırmanın sağlamlıq faydaları haqqında məlumatlandırmaqdır.
Tədbirin koordinatoru olan Qlobal Ana südü ilə Qidalanma Alyansının fikrincə, ana südü ilə qidalandırma yeni doğulmuş körpələri ehtiyac duyduqları qidalarla təmin etməyin ən yaxşı yoludur.
  ÜST körpələrin altı ay müddətində ana südü ilə qidalanmasını, həmin müddətdən sonra isə onu lazımi qidalarla birlikdə davam etməyi tövsiyə edir. Bununla yanaşı, mütəxəssislər körpənin dünyaya gəldiyi ilk saat ərzində ana südü ilə qidalanmasına başlamağın vacibliyini də qeyd edirlər.
  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hər il bu tarix ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur. Bu tarixin keçirilməsində məqsəd körpələrin ana südü ilə qidalandırılmasını təbliğ və təşviq etmək, ana südü ilə qidalandırmanın körpələrin, o cümlədən anaların sağlamlığı üçün əhəmiyyəti barədə geniş maarifləndirmə aparmaqdır.
  Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən bu istiqamətdə müntəzəm olaraq maarifləndirmə tədbirləri həyata keçirilir, məlumatlandırıcı materiallar hazırlanaraq nəşr edilir və əhaliyə paylanılır.
  Pediatr Altay Abdullaoğlunun “Sherg.az"a açıqlamasına görə, ana südü-körpə üçün lazım olan vacib maddələr ilə zəngin ən ideal qidadır. Heç bir ana südü əvəzedicisi ana südünün yerini tuta bilməz. Ona görə körpələrin ilk 6 ay su da daxil olmaqla ana südündən başqa, heç bir qida maddəsinə ehtiyacı yoxdur: 

“Ana südü dəyərli inqrediyentlərin sayəsində, körpənin sağlam inkişafına imkan yaradır, onun immunitetini möhkəmləndirir və bununla körpəni yaxşı çəkidə allergiyadan və xəstəliklərdən qoruyur. Körpələrin həyatlarının ilk 6 ayında yalnız ana südü ilə qidalanması vacibdir. Çünki ana südünün tərkibi körpənin bütün ehtiyaclarını qarşılayacaq quruluşa malikdir. Ana südü ilə qidalandırmanın uşaqlar, analar və cəmiyyət üçün əvəzolunmaz faydaları var. Ana südü körpələri həyati təhlükəli infeksiyalardan qoruyur, uşaqlarda sağlam beyin inkişafını dəstəkləyir, eyni zamanda uşaq və analarda  xroniki xəstəliklərin qarşısını alır və səhiyyə xərclərini azaldır. Ana südü ilə qidalanma uşaqların sağlam həyata başlamasına dəstək olur. Ana südü ilə qidalandırma və dəri-dəriyə təmasa doğuşdan dərhal sonra bir saat ərzində başlanılmalıdır.   İlk altı ayda əlavə qida və su olmadan yalnız ana südü ilə qidalandırma vacibdir.   İki il və ya daha çox müddətdə bərk qidalarla birlikdə ana südü ilə qidalandırma davam etməlidir”.
  Pediatrın sözlərinə görə, ilk 3-5 gün ərzində ifraz olunan ağız südünün (kolostrum) isə körpələrin gələcək inkişafında xüsusi rolu var. Çox vaxtı analar bu südü lazımsız bilib, körpəni bu süddən məhrum edir: “Qətiyyən düzgün deyil! Bu süd - sarı rəngli, yapışqan tərkibdə olub ən çox proteinlər və İgA dediyimiz immunqlobulinlə çox zəngin olub, körpəni zərərli mikroorqanizimlərdən müdafiə edir. Bu südü uşağın ilk peyvəndi adlandırırlar. 
  Ümumiyyətlə, ana südü haqqında çoxsaylı araşdırmalar aparılsa da, hələ də  tərkibi tam öyrənilməyib və yeni-yeni faydalı maddələr tapılmaqda davam edir. Ana südü Allahın körpələrə bəxş etdiyi möcüzəvi qidadır”.