Günün bu saatlarında çölə çıxmayın!  - Həkim məsləhəti

Bu günlərdə bütün ölkə əhalisini ciddi düşündürən bir sual  var: 

"İsti havalar nə vaxta qədər davam edəcək?"

Ciddi  narahatlığa  səbəb olan bu məsələ aktuallığını qoruyur. Xüsusilə də avqust ayında müşahidə olunan isti hava şəraiti bir çox sağlamlıq problemlərinə yol açıb. 

Bəs bu vəziyyətdə nələr etməli, səhhətimizi necə qorumalıyıq? 

Mövzu ilə bağlı "Sherg.az"a danışan  tibb üzrə elmlər doktoru, professor  Adil Qeybulla  bildirib ki, iqlimlə əlaqədar mərkəzlərin məlumatına görə, bizim region üçün qeyri-normal sayıla biləcək hava şəraiti uzun müddət davam etməyəcək:

"Bu havada müəyyən sərinləmələr olacaq. Saat 12:00 və 16:00 arasında çöldə olmamaq məsləhətdir. Çimərliyə gedənlər də bu amili düşünməlidirlər. Əgər vacib işlərimizi həmin saatlarda həll etmək istəyiriksə, günəş papaqlarından istifadə etmək məqsədəuyğundur. Bu, günəşin birbaşa başımıza vurmaması üçün vacibdir".
Professor qeyd edib ki, su qəbuluna diqqət etmək, bu balansı pozmamaq vacib amillərdəndir: 

“Kondisioner istifadə edərkən vaxtaşırı onu söndürməli, havanı tənzimləməliyik. Ürək-damar xəstələri bu havalarda xüsusilə diqqətli olmalı, dərmanlarını qəbul etməlidirlər.”

Səbinə Elmanqızı