Koronavirus infarkt və iflic təhlükəsini artırır

Yeni təhlükə...

Şəkərli diabet, qan təzyiqi, qanda xolesterol səviyyəsi yüksək olanlar ehtiyatlı davranmalıdır

  COVID-19-la bağlı aparılan araşdırmalar yeni bir təhlükəni ortaya çıxarıb. Son günlərdə yoluxma sayında artım müşahidə edilən koronavirusun ürək-damar xəstəlikləri və iflic təhlükəsini artırdığı məlum olub. “Sherg.az" “NTV.com.tr”yə istinadən bildirir ki, araşdırmalar nəticəsində virusun damarlarda daralma yaradaraq infarkt, iflic ehtimalını artırdığı müəyyənləşib. Xüsusən, şəkərli diabet, qan təzyiqi, qanda xolesterol səviyyəsi yüksək olanlar ehtiyatlı davranmalıdır. Bu şəxslər daha çox risk altındadır. Tədqiqatlar barədə material nüfuzlu tibb dərgisi “Nature Cardiovascular Research”da yer alıb. Bildirilir ki, koronavirus infeksiyası yalnız ürək damarlarını tutmaqla kifayətlənmir, xolesterolla mübarizə aparan hüceyrələri yoluxduraraq xolesterolun mənfi xüsusiyyətlərindən yararlanır. Bu da koronavirusa yoluxmuş xroniki xəstəliyi olanlar üçün təhlükə dərəcəsini artırır. Xolesterolla mübarizə aparan hüceyrələrə yoluxan virus xolesterolun səviyyəsini də artırır. Bu nəticələr 2020-2021-ci illərdə Nyu-Yorkda koronavirusdan vəfat etdiyi təsdiqlənən 8 nəfər yaşlı xəstənin analiz və test nəticələri üzərində aparılan tədqiqat zamanı üzə çıxıb. Məlum olub ki, Sars-Covid 2 virusu yalnız damarları tutmaqla kifayətlənmir, hiper-təzyiq, xolesterol kimi xroniki xəstəlikləri olanlarda 1 il ərzində infarkt və iflic təhlükəsini yaradır. O cümlədən, koronavirusun qrip virusuyla birləşməsi də çox təhlükəlidir. Ona görə də mütəxəssislər hər hansı yoluxma zamanı mütləq ciddi müayinə və müalicə olunmağı gözardı etməməyi məsləhət görür.