Sarkisyana açılan cinayət işi: Paşinyan Rusiyaya mesaj verir

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana cinayət işi açılıb. Eks-prezident 2013-cü ildə bir qrup məmurdan təxminən 1 milyon dollardan çox pulu mənimsəmə, oğurlama və israf etməkdə ittiham olunur. Onun barəsində ölkədən çıxmağa qadağa qərarı qəbul edilib. Paşinyan hökumətinin “Qarabağ klanı”nın öndə gedənlərinə qarşı mübarizə apardığı bəllidir. 

Sabiq prezident Robert Koçaryana qarşı cinayət işinin açılması və daha sonra həbs edilməsi də buna hesablanıb. Artıq Sarksiyana qarşı da “savaş” elan edilib. Xüsusən, Paşinyanın Dağlıq Qarabağa gələrək separatçılarla müxtəlif görüşlər keçirməsindən sonra Sarkisyana cinayət işinin açılması bir sıra məqamlardan xəbər verir. Siyasi şərhçilərə görə, Paşinyan hökumətinin bu addımına “Qarabağ klanı” və onu himayə edənlər kəskin cavab verə bilərlər. 



Vasif Əfəndiyev: “Baş nazir Kremlə yerli ermənilərə güvənməyi təklif edir”


Məsələni “Şərq”ə analiz edən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, Nikol Paşinyan özündən əvvəlki prezidentlərlə müqayisədə  bir qədər fərqli şəkildə hakimiyyətə gəlib. Ekspertin sözlərinə görə, Paşinyanın elektoratının daha çox yerli ermənilərdən təşkil olunduğu məlumdur: 

“Yerli ermənilərə bel bağlayan baş nazir Azərbaycandan köç etmiş “Qarabağ klanı”na qarşı mübarizə aparsa da, Sarkisyan-Koçaryan cütlüyü Rusiyanın açıq dəstəyini almaqdadır. Sarkisyana açılan cinayət işi əslində Paşinyanın Rusiyaya mesajıdır. O, bununla Kremlə hakimiyyətini itirmiş perspektivsiz “qarabağlılar”a deyil, ayağı öz torpağında möhkəm dayanmış yerli ermənilərə güvənməyi təklif edir. Paşinyanın özünün və xanımının tez-tez işğal olunmuş torpaqlarımıza səfərləri seperatçı rejimlə dil tapmaq məqsədi daşıyır. O səbəbdən Paşinyan Qarabağ probleminin həlli ilə bağlı danışıqların formatına zərər verən məsuliyyətsiz bəyanatlar səsləndirir”.