Qarabağda müharibə bitdi, indi yeni siyasi mərhələ başlayır

Proses uzun çəkəcək və regionda dəyişən proseslər Azərbaycanın lehinə olacaq

Azərbaycanlılar Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Şuşanın kəndlərinə qayıtmalıdırlar. Bunu Rusiya sülhməramlı qüvvələri koordinasiya etməlidir


Laçın rayonunun Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə 10 noyabrda Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin imzaladığı bəyannamənin ən mühüm bəndlərindən biri yerinə yetirilmiş oldu.

7 rayonun azad edilməsi ilə münaqişənin hərbi mərhələsi sona çatdı. Siyasi müstəvidə isə mübarizə davam etməkdədir. Bütün hallarda sonrakı hədəflərin nə olduğu, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Xocalı, Əsgəran məsələsinin necə həll ediləcəyi ictimaiyyəti maraqlandıran əsas məsələlərdir.

Ekspertlərin fikrincə, bundan sonrakı addımlar əsasən siyasi müstəvidə atılacaq və diplomatik gedişlər ediləcək. Şübhə yox ki, Azərbaycan dövləti öz tərkibindəki bu və ya digər bölgəyə aid bütün problemləri daxili məsələsi kimi yaxın müddətdə həll etmək iqtidarındadır. Təbii ki, beynəlxalq iştirakçıların köməyi də geri çevrilməməlidir.

Dağlıq Qarabağda rəsmi dövlət strukturlarının yerləşdirilməsi, fəaliyyəti, vergilərdən tutmuş, milli valyutanın işlənməsi və digər bütün məqamlar müsbət həllini tapmalı, Azərbaycan qanunları tam şəkildə Xankəndi, Ağdərə, Xocavənd, Xocalı və Əsgəranda bərpa olunmalıdır. Doğma yurdlarına qayıdacaq vətəndaşlarımıza təhlükə yaradan qondarma qurumlar tərk-silah edilməlidir. Verilən rəsmi məlumatlara görə, azad olunmuş bütün ərazilərdə Azərbaycan Ordusu mövcuddur.

Bununla yanaşı Daxili İşlər Nazirliyinin və digər güc strukturlarının da yerli şöbələri orada fəaliyyətə başlayıb. Ədliyyə Nazirliyinin təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov bildirib ki, Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına Xankəndi şəhəri, Şuşa, Zəngilan, Xocavənd, Xocalı, Qubadlı, Laçın, Ağdam, Cəbrayıl, Füzuli və Kəlbəcər rayonları daxildir. General qeyd edib ki, idarənin bütün strukturlar üzrə fəaliyyətinin təşkili üçün zəruri addımlar atılır. Dəfələrlə vurğulandığı kimi, qanunları qəbul eləməyən və bizimlə yaşamaq istəməyən ermənilərin təhlükəsiz şəkildə Azərbaycan ərazisini tərk etməsinə imkan yaradılmalıdır.

Vətəndaşlığı qəbul etməyən ermənilərin ölkəmizin hansısa bölgəsinə daxil olmasına qətiyyən imkan yaradılmamalıdır. Paralel olaraq 30 il işğalda saxlanmış ərazilərimizdə törədilən vəhşiliklə bağlı Ermənistana təzminat davaları da açılmalıdır.

Artıq bundan ötrü hüquqi zəmin tam hazırdır. Ermənistan rəhbəri Azərbaycan və Rusiya liderləri ilə 10 noyabr kapitulyasiya bəyanatına imza atmaqla və həmin sənədin bəndlərini icra etməyə başlamaqla öz ölkəsinin işğalçı olduğunu rəsmən və birmənalı şəkildə təsdiqlədi. Halbuki, sentyabrın 27-dək Yerevan uydurma mövqeyində israr edirdi.

Onlar Azərbaycan torpaqlarını mifik “özünümüdafiə ordusunun”, yəni bir ovuc Dağlıq Qarabağ ermənisinin işğal etdiyini iddia edirdilər. Lakin 10 noyabr Bəyannaməsi Ermənistanın bütün sərsəm tələblərini çürütdü, yalana söykənmiş dayaqlarını dağıtdı. Həmin tarixdən etibarən Bəyanatın bəndləri ardıcıl icra olunmaqdadır.

Prezident Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabrda imzaladıqları birgə bəyanat ardıcıl şəkildə icra olunur. Putin hərbi əməliyyatların dayandırılması, tam atəşkəsə nail olmaq və sabitləşmə prosesinə başlamaq üçün Rusiyadan güclü vasitəçilik səylərinin tələb olunduğunu vurğulayıb. Rusiya dövlət başçısı təmas xətti və Laçın dəhlizi boyu Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini xatırladıb. Qeyd edib ki, hazırda əsas məsələ hərbi əməliyyatların baş verdiyi bölgədə yaşayan və bundan təsirlənmiş insanlara birgə yardım etmək, qaçqınların geri qaytarılması, dağıdılmış infrastrukturun bərpası, dini və mədəni-tarixi abidələrin qorunması ilə bağlı humanitar məsələlərin həllinə kömək göstərməkdir. 

Lakin bir sıra siyasi şərhçilərə görə, yekun sülh müqaviləsi hələ imzalanmayıb. Çünki yekun sülh müqaviləsində bir çox məsələlər, eyni zamanda təzminat məsələsi öz həllini tapmalıdır. Sülhməramlılar, xüsusilə Türkiyə və Rusiya sülməramlılarının ortaq fəaliyyəti açıq formada vurğulanmalıdır. Mütləq şəkildə türk hərbçiləri Azərbaycana gəlməli və Rusiya ilə birlikdə sülhməramlı missiyanı yerinə yetirməlidir. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı zamanı bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yeni mərhələyə qədəm qoyub. Ərdoğan əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təhdid yarada biləcək bütün addımlardan qaçmaq lazımdır. Türkiyə Prezidenti bəyan edib ki, Dağlıq Qarabağda sülh və sabitlik yeni imkanlar açacaq, region ölkələrinə, o cümlədən Ermənistana fayda verəcək. 

Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə vurğulayıb ki, 1 dekabrdan sonra Qarabağla bağlı proseslər növbəti mərhələyə keçir. Siyasi şərhçinin sözlərinə görə, Rusiya bölgədə uzunmüddətli sülhə, qalıcı sabitliyə nail olmaqda maraqlıdırsa, hərbi əməliyyatların yenidən başlanmasını istəmirsə, o zaman bir sıra mühüm addımlar atmalıdır:

“Rəsmi Moskva ilk növbədə separatçı Araik Arutyunyanın oyuncaq rejiminin fəaliyyətini qadağan etməli, burada “müdafiə ordusu” adlandırılan erməni silahlı birləşmələrini ləğv edib, ermənilərlə azərbaycanlılar arasında sülh missiyasını dəstəkləməlidir. Siyasi şərhçinin sözlərinə görə, ilk növbədə Rusiya sülhməramlı qüvvələri orada bu kimi məsələlərin qarşısını almalıdır və buna borcludur, amma hələlik dəstək verir. Burada Azərbaycana qarşı yeni bir təzyiq mexanizmi fomalaşdırır. Ona görə də Rusiya Türkiyə ilə birgə Xankəndidə və Laçın dəhlizində patrul sisteminə razı olmadı. Ancaq müharibədə Azərbaycan böyük qələbə qazanıb və bu birmənalıdır. Hələlik nəyi bacarmışıqsa, onu da etmişik. Biz tarixi qələbə qazanmışıq. Rusiya danışıqlar prosesindən kənar siyasi fəaliyyət göstərəcəksə, bunun qarşısı alınmalıdır. Azərbaycanlılar Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Şuşanın kəndlərinə qayıtmalıdırlar. Bunu Rusiya sülhməramlı qüvvələri koordinasiya etməlidir. Proses uzun çəkəcək və regionda dəyişən proseslər Azərbaycanın lehinə olacaq”.

Millət vəkili Şahin Seyidzadə vurğulayıb ki, razılaşmadan irəli gələrək digər məsələlərin icrası ilə bağlı növbəti mərhələ başlanılır. Deputat qeyd edib ki, indi hamını düşündürən məsələ bundan sonra nələrin baş verəcəyidir:

“Növbəti addımlar barədə Prezident, Ali Baş Komandan öz çıxışında toxunub. Bildirdi ki, artıq müvafiq dövlət qurumu da yaradıldı və bu işlərin hamısı koordinasiya şəklində aparılacaq. İşğaldan azad edilmiş ərazilərimizdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahının yaradılması ilə bağlı Sərəncam imzalanıb. Sözügedən Qərargahın fəaliyyəti ilə azad olunmuş bölgələrdə hədəflənən layihələr və infrastrukturun yenidən qurulması, habelə digər addımların atılması mərkəzləşdirilmiş formada aparılacaq.

Artıq işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrin icrasına start verilib. Prezidentin ehtiyat fondundan müvafiq vəsait ayrılıb. Füzuli-Şuşa avtomobil yolunun, Bərdə-Ağdam dəmir yolunun tikintisinə start verilib. Artıq işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələri icra edilir. Böyük dirçəlişin ilkin addımları atılır. Əsas məsələlərdən biri Dağlıq Qarabağda yaşayanların vətəndaşlığı məsələsidir ki, bununla bağlı da dövlət başçısı öz möqeyini ortaya qoyub.

Prezident bəyan edib ki, Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Təzminat məsləsinə gəlincə, ölkə rəhbəri qeyd etdi ki, Ermənistan tərəfi dəymiş ziyanı ödəyəcək. Vurğulandı ki, hərbi meydanda müharibə bitmiş olsa da, Azərbaycan hüquq və ədalət meydanında mübarizəsini sona qədər davam etdirməkdədir. Artıq işğaldan azad edilmiş ərazilərdə inkişafın və dirçəlişin yeni mərhələsinin ilkin addımları atılmaqdadır”. 

Millət vəkili vurğulayıb ki, sonrakı mərhələdə mühüm məsələlərdən biri də Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək və eyni zamanda, Azərbaycanla Türkiyə arasında yeni bir nəqliyyat dəhlizi yaratmaqdır.

Münaqişənin həlli istiqamətində imzalanan Bəyanat Naxçıvan MR-nın gələcək inkişafı ilə yanaşı, həm də regionda yeni əlaqələrin qurulması, qonşu ölkələrin iqtisadi əlaqələrinin yeni mərhələsi kimi dəyərləndirilə bilər. Eyni zamanda, müharibənin bitməsinə baxmayaraq, ordumuzun gücləndirilməsinə davam ediləcək.

Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Sülh danışıqları aparılan müddətdə ordu quruculuğu sahəsində əsaslı işlər görülüb, nizamlı ordu formalaşdırılıb. Həmçinin müdafiə sənayesi inkişaf etdirilməklə Azərbaycan Ordusunun nüfuzu, gücü və pontensialı yüksəldilib.

Sözsüz ki, 44 gün ərzində baş tutan hərbi əməliyyatlar bunu əyani formada sübut etdi. Müharibənin bitməsinə baxmayaraq, ordumuzun təkmilləşdirilməsi və gücləndirilməsinə davam ediləcək. Sadalanan faktlar deməyə əsas verir ki, müharibənin Azərbaycanın qələbəsi ilə bitməsi ölkəmiz üçün yeni dövr açır.

Siyasi səriştə və diplomatik savadlılığın nəticəsində ölkəmiz siyasi müstəvidə yetəri qədər uğur qazanmaqla yanaşı, həm də Qarabağ münaqişəsinin həllində uğurlu addımlar atmağı bacardı. Əldə etdiyimiz nailiyyətlər birmənalı olaraq Azərbaycanın inkişaf tarixində növbəti mərhələyə keçidi təmin edir”.