Həmsədrlərin görə biləcəyi iş qalmayıb

ATƏT-ə verilmiş mandatın geri çağrılmasını tələb etməliyik

ATƏT Qarabağdakı proseslərdə iştirak etmək niyyətində olduğunu bildirib. Qurum sədri, Albaniyanın Baş naziri Edi Rama deyib ki, hərtərəfli və davamlı razılaşmanın əldə edilməsi məqsədi ilə substantiv danışıqlar davam etməlidir. Onun sözlərinə görə, Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlar prosesinin yenidən başladılması təşəbbüsü dəstəklənməlidir. Rama əlavə edib ki, danışıqlar yaxşı niyyətlə davam etməli və qalıcı sülhə hesablanmalıdır. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov da üçtərəfli bəyanatın ATƏT ölkələri tərəfindən daha fəal dəstəklənməsinə ümid etdiyini söyləyib. Lavrov bildirib ki, təşkilatın münaqişələrin tənzimlənməsində potensialına tələbat var: “Biz Minsk qrupunun üç həmsədri ilə əməkdaşlığı qiymətləndiririk. Ortaq yanaşmanı Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı da gözləyirik”.

30 ildə heç nəyə nail olmamış beynəlxalq vasitəçilərin yenidən prosesə cəlb edilməsi cəhdlərini “Şərq”ə dəyərləndirən millət vəkili Azər Badamov deyib ki, Azərbaycan Ordusu 44 günlük tarixi zəfəri Dağlıq Qarabağ münaqişəsinə son qoydu. Artıq münaqişə ifadəsi yoxdur. 10 noyabrda imzalanmış üçtərəfli bəyanatla üç rayonumuz şəhid vermədən azad olundu:

“Üçtərəfli bəyanatın böyük bir hissəsi icra olunmaqla ATƏT-in Minsk qrupunun uzun illər həll edə bilmədiyi məsələlər qısa müddətdə həllini tapdı. Uzunmüddətli sülh prosesinin təmini isə Rusiya və Türkiyə sülhməramlıların birgə fəaliyyəti ilə mümkündür. Əsas məsələ Dağlıq Qarabağ ərazisinə Azərbaycan icmasının qayıtmasıdır.

Bu məsələnin icrası üçtərəfli bəyanatın 7-ci bəndinə əsasən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında olacaq. Göründüyü kimi burada ATƏT-in Minsk qrupunun həmsədrlərindən deyil, BMT-dən bəhs edilir. İmzalanmış üçtərəfli bəyanatda Dağlıq Qarabağın “statusu” haqqında da heç nə deyilmir. Ermənilər status məsələsinin olmadığı kapitulyasiya sənədinə imza atıblar. Belə olan halda ATƏT-in həmsədrlərinin hansı fəaliyyətindən danışmaq olar?! Onların görə biləcəyi iş qalmayıb”. 

Parlament üzvü xatırladıb ki, ATƏT-in Minsk qrupuna münaqişənin həll edilməsinə görə mandatı BMT-nin Təhlükəsizlik Şurası vermişdi:

“BMT-dən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-ə verilmiş mandatın geri çağrılmasını tələb etməliyik. Əks halda Fransanın da təmsil olunduğu həmsədrlər institutu yenə öz ermənipərəst hərəkətləri ilə ürəyimizi bulandırmağa davam edəcəklər”.