İrana dostluq səfəri: “Bütün şübhələr aradan qalxdı”

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov İran Prezidenti Həsən Ruhani ilə görüşüb. Görüşdə Azərbaycan və İran arasında münasibətlərin daha da inkişaf etdirilməsi haqda müzakirələr aparılıb. İrana səfəri çərçivəsində C.Bayramov bu gün Xarici İşlər naziri Məhəmməd Cavad Zərif, parlamentin spikeri Məhəmməd Baqir Qalibaf və İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə də dialoqları gözlənilir.




“Ağ Partiya”nın sədr müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a açıqlamasında bunun konstruktiv xarakterli olduğunu deyib:
 
“Biz münasibətlərimizi neytrallaşdırmağa, hətta daha irəli aparmağa çalışırıq. Məncə, belə də olmalıdır. Çünki İran Azərbaycan üçün önəmli ölkədir. Həm də münasibətlərimiz həmişə yaxşı olub.

Müharibədən sonra İranla sərhəd tam Azərbaycanın nəzarəti altına keçdi.  Beləliklə, əlaqələrimiz daha da güclənəcək. Düzdür, 44 günlük Vətən müharibəsində ortaya müyyən suallar çıxmışdı. Amma indi bütün şübhələr aradan qalxdı.

Odur ki, məncə, bu görüşü “Dostluq səfəri” də adlandırmaq olar”.