Ermənistan oyundan kənar vəziyyətdədir

"Moskva, Bakı və Yerevan arasında müzakirəsi gedən dəmir yol xəttinin Ermənistandan keçən hissəsi Rusiyaya məxsusdur"

"Gürcüstan vasitəsi ilə əlaqə qurmaq imkansız olduğuna görə, yeganə uyğun yol Azərbaycandan keçən marşrutdur. O səbəbdən Moskva daha maraqlı və israrlıdır. Burada Ermənistana söz düşmür"

Yanvarın 30-da Azərbaycan, Rusiya, Ermənistan rəsmiləri arasında görüş keçiriləcək. Görüşdə tərəfləri hər üç ölkənin baş nazirlərinin müavinləri təmsil edəcək. Yəni Rusiya tərəfdən danışıqlarda Aleksey Overçuk, Azərbaycandan Şahin Mustafayev, Ermənistandan isə Mqer Qriqoryan iştirak edəcək. Məlumata əsasən, tərəflər Cənubi Qafqazda nəqliyyat dəhlizinin yaradılması, Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı, eləcə də Rusiya ilə Ermənistanı birləşdirəcək dəmir yolu xətlərinin inşasını müzakirə edəcəklər.

Məsələ ondadır ki, görüşün müzakirə mövzusu ilə bağlı Ermənistandan ziddiyyətli açıqlamalar gəlməkdədir. Baş nazirin müavini Mqer Qriqoryan Moskva görüşündə kommunikasiyaların blokdan çıxarılması məsələsinin müzakirə ediləcəyini deyib. Onun sözlərinə görə, görüşdə üç liderin 11 yanvarda qəbul etdikləri birgə bəyanatının müzakirəsi planlaşdırılır: “Hələ ki, bundan əlavə daha detallı nəsə demək mümkün deyil. Bəyanatın 4-cü bəndinin - Ermənistan və Azərbaycan arasında kommunikasiya və nəqliyyat infrastrukturlarının bərpası müzakirə mərkəzində olacaq”. Qriqoryan bloklanmanın aradan qaldırılmasının çətin iş olduğunu, əlavə müzakirə, təhlil və dəqiqləşdirmə tələb edən bir çox məsələnin mövcudluğunu desə də, problemlərin həllini mümkün sayıb. Lakin Ermənistan Xarici işlər naziri Ara Ayvazyan regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı hazırda hansısa konkret layihənin müzakirə predmeti olmadığını söyləyib. Onun sözlərinə görə, Türkiyə ilə Qars-Gümrü dəmir yolunun açılmasıyla bağlı da hansısa danışıqlar aparılmır. 

Növbəti üçtərəfli görüşlə bağlı gözləntilərini “Şərq”ə açıqlayan politoloq İlqar Vəlizadə bildirib ki, Ermənistan tərəfi yalan danışmaq baxımından çox mahirdir. Ekspertin sözlərinə görə, 30 ilə yaxın bu və ya digər formada danışıqlar getsə də, Yerevan hökuməti israrla “torpaqların qaytarılmasının müzakirə mövzusu olmadığını” deyirdi. Amma son dövrlərdə ermənilər öz yalanlarını ifşa etməyə başladılar. Məsələn, Baş nazir Nikol Paşinyan hakimiyyətə gələndən sonra bəzi məqamları açdı və bildirdi ki, keçmiş hökumət ərazilərin qaytarılmasını müzakirə edirmiş:

“Bu dəfə də Ermənistan tərəfi məqsədyönlü şəkildə bir-birinə zidd açıqlamalar verir. İlk növbədə erməni cəmiyyətində arxayınlıq yaratmaq istəyirlər ki, guya, Ermənistan tam uduzmayıb və hələ Qarabağın “statusu” ilə bağlı hansısa məqamlar müzakirə olunmaqdadır. Ermənistan hökuməti 10 noyabr və 11 yanvar üçtərəfli anlaşmalarının maddələrinə qeyd-şərtsiz əməl etməlidir. Yerevanın başqa yolu yoxdur. Xüsusən, 11 yanvar Moskva görüşündə kommunikasiyaların və iqtisadi əlaqələrin bərpası ilə bağlı işçi qrupu yaradılıb. Əgər Ayvazyanın dediyi məsələlər görüşün predmeti deyilsə, üç ölkənin təmsilçiləri nədən danışırlar? Havadan-sudan?! Aydın görünür, erməni rəsmiləri yalan üfürməklə məşğuldurlar. Hamıya bəllidir ki, gündəmdə olan əsas məsələ nəqliyyat infrastrukturunun bərpasıdır. Artıq nə Rusiya, nə də Azərbaycan tərəfi Ermənistanın sərsəm ritorikalarına fikir verir. Həm də nəzərə alaq ki, Moskva, Bakı və Yerevan arasında müzakirəsi gedən dəmir yol xəttinin Ermənistandan keçən hissəsi Rusiyaya məxsusdur. Rus şirkəti həmin dəmir yolunu 30 illik icarəyə götürüb. Amma şirkət ötən müddət ərzində zərərlə işləyib, qazanc götürməyib. Çünki Ermənistan qapalı ölkə olduğu, təcrid edildiyi üçün bu ölkənin ərazisindən tranzit məqsədi ilə istifadə etmək mümkün deyil”. 

Siyasi şərhçi bildirib ki, ötən ilin sentyabr ayında Rusiya şirkətinin Ermənistandakı nümayəndəliyi açıq-aşkar ölkəni tərk edəcəyini bildirmişdi. Çünki heç bir iqtisadi mənfəətdən söhbət getmir:

“Paşinyan yalvar-yaxardan sonra şirkəti qalmağa razı sala bildi. Şirkət indiyə qədər Kəlbəcərdəki Zod qızıl yatağındakı mədənlərdə daşıma işi ilə məşğul olurdu və xeyli gəlir götürürdü. Artıq bu gəlir vasitəsi ermənilərin və rus şirkətinin əlindən çıxıb. Ona görə dəmir yol şirkətinin yeganə ümidi regionda Türkiyəyə gedən yeni nəqliyyat dəhlizlərinin açılması, əvvəlki marşrutların bərpasıdır. 30 yanvar görüşündə də əsasən bu məsələlər müzakirə mövzusu olacaq. Nəqliyyat infrastrukturu ilə bağlı 9-cu maddə üçtərəfli anlaşmaya məhz Rusiyanın təklifi ilə salınıb. Rusiyanın Ermənistanda böyük maliyyə aktivləri var və bu aktivləri işlətmək üçün daimi rabitə olmalıdır. Gürcüstan vasitəsi ilə əlaqə qurmaq imkansız olduğuna görə, yeganə uyğun yol Azərbaycandan keçən marşrutdur. O səbəbdən Moskva daha maraqlı və israrlıdır. Burada Ermənistana söz düşmür. Yerevan hökuməti çalışır ki, Azərbaycanla Naxçıvanı birləşdirəcək Mehri dəhlizinin açılmasına imkan verməsin. Əvəzində Qazaxdan Noyamberyan istiqamətində Yerevana gedən yolun açılmasını təklif edirlər. Amma indiki məqamda rəsmi Bakı üçün Mehri dəhlizi daha aktualdır. Bu yol açılandan sonra Qazax istiqamətində ikinci yol haqqında da düşünmək olar”.