AŞ PA olan-qalan nüfuzunu da itirəcəkdi

Ona görə ermənilərin təkliflərini rədd etdilər

Məlumdur ki, Avropa Şurası Parlament Assambleyasının sonuncu qətnaməsində Ermənistan və Azərbaycan arasında baş vermiş münaqişə ilə bağlı müvafiq bəndlər də əksini tapıb. Lakin qurumdakı Ermənistan nümayəndə heyətinin layihəyə əsassız düzəlişlər irəli sürmək cəhdləri tamamilə uğursuzluqla nəticələnib. Ermənistan tərəfinin düzəlişləri həm Monitorinq Komitəsi, həm də Assambleyanın plenarı tərəfindən rədd edilib. İctimaiyyət nümayəndələri bunu mühüm qərar kimi dəyərləndirir və Azərbaycan diplomatiyasının uğuru hesab edirlər. 

Millət vəkili Məlahət İbrahimqızı “Şərq”ə açıqlamasında vurğulayıb ki, AŞ PA-nın məlum qətnaməsində Azərbaycan əleyhinə qərəzli müddəalar var idi. Deputatın sözlərinə görə, ermənipərəst şəxslər tərəfindən layihəyə salınmış əsassız bəndlər Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin səyi nəticəsində qətnamədən çıxarılıb:

“Nümayəndə heyətimiz öz fəaliyyəti ilə erməni lobbisinin təşəbbüsü sayəsində layihədə əks olunmuş bütün əsassız iddiaları və tələbləri ortadan qaldırdı. Məsələ ondadır ki, ölkəmiz əleyhinə olan məqamlar artıq layihəyə salınmışdı.

Azərbaycanı təmsil edən deputatların bacarığı və uğuru ondadır ki, layihəyə salınmış müddəaların atılmasına nail oldular. Şübhəsiz ki, son proseslərdən və Vətən müharibəsindəki Zəfərimizdən sonra beynəlxalq təşkilatlar da Azərbaycanın gücünü, dövlət başçısı İlham Əliyevin qüdrətini daha yaxşı dərk etdilər.

Gördülər ki, cənab Prezidentimiz 2003-cü ildən bu yana zərrə qədər olsun qətiyyətli mövqeyindən dönmədi. Həm də Azərbaycan dövlətinin və xalqının tarixi faktlarda, beynəlxalq hüquqda tam haqlı olduğunu anladılar. Ona görə də məcbur qaldılar ki, layihədə Azərbaycan əleyhinə olan maddələri götürsünlər”. 

Parlament üzvü bildirib ki, Azərbaycan nümayəndə heyətinin faktlara əsaslanan tutarlı çıxışları, arqumentləri, eyni zamanda Türkiyə kimi dost ölkə təmsilçilərinin dəstəyi sayəsində AŞ PA ədalətli mövqeyimizi qəbul etməli oldu:

“Əgər qurum ermənipərəst mövqeyə dayanaraq beynəlxalq hüququn bütün prinsiplərini pozan qətnaməni qəbul etsəydi, olan-qalan nüfuzunu da itirəcəkdi. Onsuz da beynəlxalq təşkilatlar nüfuzdan düşüb. Qurumun yanlış qərarı Avropa təsisatının sonu demək idi”.