"Türkiyəni Azərbaycandan kənarda saxlamaq mümkün deyil"

Ona görə Rusiya rəsmiləri qalib ölkəyə münasibətdə daha ehtiyatlı cümlələrdən istifadə etməlidir

“Qarabağ münaqişəsinin nizamlanması Türkiyə ilə müzakirə edilməlidir. Regionun reallığı belədir”. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib. O bildirib ki, Türkiyə Rusiyanın qonşusudur və çox vacib tərəfdaşıdır: “Türkiyə Azərbaycan üçün çox yaxın ölkədir. Bu faktı nəzərə almamaq mümkün deyil”. Medvedyevin sözlərinə görə, Moskva və Ankara arasında məhsuldar dialoq qurulub, iki ölkənin prezidentləri bu mövzu ilə bağlı daim danışıqlar aparıblar:

“Türkiyə və Rusiya hərbçilərindən ibarət xüsusi nəzarət mərkəzinin yaradılması haqqında qərar qəbul olunub. Bu da ümumi sabitləşmənin elementidir. Ancaq bunu hansısa uzunmüddətli siyasətin bir elementi kimi qiymətləndirməzdim və ya burada konspiroloji nəzəriyyələrdən birini qurmazdım. Sadəcə regionda mövcud olan reallıqları nəzərə almalıyıq. Və reallıqlar elədir ki, bu gün bu məsələ Türkiyədən olan tərəfdaşlarla müzakirə edilməlidir”.
Bununla yanaşı Medvedev vurğulayıb ki, Qarabağın statusu məsələsi həll edilməyib, lakin indi onu müzakirə etmək olmaz: “Ən yaxşısı bu məsələnin gələcəyə saxlanılmasıdır”.

Rusiya təmsilçisinin ifadələrini “Şərq”ə təhlil edən politoloq Turan Rzayev bildirib ki, Kreml rəsmilərinin mövqeləri demək olar ki, eynidir. Ekspertin sözlərinə görə, Rusiya rəsmiləri ermənilərdən fərqli olaraq ikibaşlı fikir səsləndirmirlər:

“Bunun başlıca səbəbi indiki məqamda rəsmi Bakını narazı salmamaqdır. Müharibə Azərbaycanın qələbəsi ilə başa çatıb. Ona görə də Rusiya qalib ölkəyə münasibətdə daha ehtiyatlı cümlələrdən istifadə etməlidir. Vurğulandığı kimi Azərbaycan üçün Türkiyənin əhəmiyyəti böyükdür. Xüsusilə 44 günlük Vətən savaşında qardaş ölkənin hərbi və diplomatik dəstəyi müstəsna əhəmiyyət kəsb etdi. Moskva bu reallığı gözəl bilir və anlayır ki, Türkiyəni Azərbaycandan, dolayı yolla Cənubi Qafqazdan kənarda saxlamaq qeyri-mümkündür. Geriyə bir yol qalır, o da Ankara ilə normal əməkdaşlıq etməkdir. İstəyimiz odur ki, Türkiyə hərbçiləri bölgədə rus sülhməramlıları səviyyəsində genişmiqyaslı fəaliyyət göstərsinlər. Yəqin ki, yenicə fəaliyyətə başlamış Türkiyə-Rusiya Monitorinq Mərkəzi çərçivəsində qardaş ölkənin proseslərdə yaxından iştirakı mümkün hala gələcək. Moskva rəsmi Bakının israrlarını və Ankara reallığını nəzərə alaraq Türkiyə ilə ortaq çalışmalara razılıq verdi. Proseslərin hansı məcraya yönələcəyi yaxın günlərdə aydınlaşacaq. Hə halda Mərkəzdə Azərbaycanın varlığı bizi rahatladan mühüm amildir”. 

Analitikə görə, Rusiya Medvedyevin iddia etdiyi kimi Qarabağın “statusu” məsələsini gələcəyə saxlamaq istəyir:

“Moskvanın “status” dedikdə konkret nəyi nəzərdə tutduğu da dəqiq deyil. Yəni söhbət bölgənin siyasi “statusun”dan gedir, yoxsa ermənilərin torpaqlarımızda hansı “status”la yaşamasından danışılır, bəlli deyil. Hər halda rəsmi Bakının qəti mövqeyi ortadadır. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Qarabağda heç bir siyasi “status” olmayacaq. Ermənilər isə ancaq Azərbaycan vətəndaşı kimi torpaqlarımızda yaşaya bilərlər”.